Əsl nəticə
Mədəniyyət
və Turizm Nazirliyi və
Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı
ilə oktyabrın 16-dan 25-dək Bakıda ənənəvi
Beynəlxalq Caz Festivalı keçirilir. 10 gün ərzində
Heydər Əliyev Sarayında, Azərbaycan Dövlət
Filarmoniyasında, Bakı Caz Mərkəzində,
Beynəlxalq Muğam Mərkəzində dünyanın
tanınmış caz ustaları və
qrupları, Azərbaycan musiqiçiləri
çıxış edəcəklər.
Onların arasında Əməkdar
Artist İsfar Sarabski də var. Pianoçunun çıxışı oktyabrın
23-də Azərbaycan Dövlət
Filarmoniyasında olacaq. İ.Sarabski səhnəni nağara ifaçısı, Əməkdar
Artist Natiq Şirinovla
bölüşəcək. İsfar Sarabski görkəmli ictimai xadim, məşhur opera ifaçısı,
xanəndə və aktyor Hüseynqulu Sarabskinin nəticəsidir.
Əməkdar Artist Prezident təqaüdçüsü
və “Zirvə” dövlət mükafatı
laureatıdır. Pianoçunun adı Gənc İstedadların Qızıl
Kitabına daxil
edilib.2009-cu ildə İ.Sarabski
“Montreux Jazz Festival” Beynəlxalq
musiqi festivalının
qalibi olub. Keçən il isə dünyanın ən nüfuzlu musiqi universitetlərindən
biri sayılan Berkli Musiqi Kollecinə
(Berklee College of Music) daxil
olub.“New Baku Post”un suallarını
cavablandıram 22 yaşlı
musiqiçi yaradıcılığı
və caz musiqisi haqqında fikirlərini bölüşüb.
– Avqust ayında
Heydər Əliyev Fondu tərəfindən təşkil edilən IV Beynəlxalq Qəbələ
Musiqi Festivalında çıxışınızdan hansı təəssüratlar
qalıb?
– Bu festival Azərbaycanın
musiqi həyatında çox böyük hadisədir, əsl musiqi bayramıdır. Qəbələni Azərbaycanın ikinci musiqi mədəniyyəti
paytaxtı adlandırmaq
olar. Ölkəmizə gələn dünyanın
məşhur musiqiçiləri
konsertlər verir, yüksək peşəkar
səviyyə nümayiş
etdirirlər. Festivalda bizim
musiqiçilər də
uğurla iştirak edirdi. Heydər Əliyev Fondu
mənim kimi bir sıra istedadlı
gənclərə dəstək
verir. Fondun mədəniyyət sahəsində layihələri
bütün yaradıcı
insanlara çox kömək edir.
– Festival zamanı siz fortepiano istehsal edən “Beltmann” şirkətinin nümayəndəsi
kimi təqdim edildiniz. Sizin əməkdaşlığınız necə başladı?
–
“Beltmann” fortepianolarının ticarət markasının əsası 1901-ci ildə hollandiyalı Yohan Beltmann tərəfindən qoyulub. 1983-cü ildə
bu şirkətin istehsal qurğuları Almaniyaya keçirilib.
2008-ci ildə şirkətin
sahibi Hans Lefernik (Yohan Beltmannın nəticəsi) yeni fabrik yaratmaq fikrinə düşüb
və 2009-cu ildə
o, seçimini Azərbaycanın
Qəbələ şəhəri
üzərində saxlayıb.
Bu qədər təfsilata varmağım
bu şirkəti təmsil edən şəxs olduğum üçündür. Çox şadam
ki, tarixdə ilk dəfə Azərbaycan fortepianosunu təmsil etmək imkanı mənə verilib.
– Qəbələdən
sonra İsveçrəyə
yollandınız. Həmin beynəlxalq
layihədə çıxış
yadınızda necə
qalıb?
– İsveçrədə
dünyaşöhrətli musiqiçi
Şlomo Mints tərəfindən
təsis edilən festivala qatıldım. Şlomo Mints, Dmitri Yablonski,
Boris Berezovski, Nikolay Luqanski kimi məşhur
ifaçıların çıxış
etdiyi bu festivalda mən, Aleksandr Marşin, Makar Novikovun daxil olduğu triomla iştirak etdim.
– İnsanlara yüksək səviyyəli
musiqi zövqü yaşadan İsfar Sarabski üçün musiqi zövqdür, yoxsa sənət nümunəsi?
– Həyatımı musiqisiz təsəvvür edə bilmərəm. Musiqi ilə məşğul olduğuma görə özümü xoşbəxt sayıram. Yalnız musiqi vasitəsilə hisslərimi, emosiyalarımı və ovqatımı ifadə edə bilirəm.
– Məşhur opera müğənnisi Hüseynqulu Sarabskinin nəticəsi olmanız musiqiçi kimi formalaşmağınızda nə dərəcədə rol oynayıb?
– Əlbəttə, musiqiçi kimi formalaşmağımda bu faktın böyük rolu var. Hüseynqulu Sarabski Azərbaycan opera sənətinin əsasını
qoyanlardan biri, böyük Üzeyir Hacıbəylinin yaratdığı opera və operettaların demək olar ki, hamısında əsas partiyaların ilk ifaçısı olub. Hüseynqulu Sarabski kimi tarixi şəxsiyyətin nəticəsi olmağımla fəxr edirəm.
– Özünüzə məxsus kompazisiyalarınız var. Sizin üçün cazın etnik, yoxsa müasir elementləri daha üstündür?
– Mən özümü hər hansı çərçivələrlə
məhdudlaşdırmıram. Cazdan da, klassik musiqidən
də, Azərbaycan xalq musiqisindən də istifadə edirəm. Muğam elementlərindən də bəhrələnirəm.
– İndiyədək
unutmadığınız çıxışınız
hansı olub?
– Bu il
iyul ayında Montreo festivalında iştirak etdim. 2009-cu ildə həmin
festivalda pianoçuların
müsabiqəsində qalib
gəlmişdim. Builki konsertdə
əvvəlcə məşhur
ifaçılar Çikoreya
və Makferin çıxış etdilər.
Belə ulduzlardan sonra səhnəyə çıxmaq
asan məsələ deyildi. Konsertdən sonra məni
təbrik edənlər
arasında əfsanəvi
Maykl Ceksonun prodüseri Kvinsi Cons, Lüksemburq şahzadəsi
Robert, Klod Nobs kimi məşhur adamlar vardı.
Apreldə isə UNESCO-nun mənzil-qərargahında
Caz Günü keçirildi. Dünyanın hər yerindən caz ulduzları dəvət edildiyi bu forumun təşkilatçıları
baş direktor İrina Bokova, UNESCO-nun xoşməramlı səfir,
məşhur cazmen Herbi Henkok idi.
Foruma dəvət edilənlər
arasında mən də vardım. “Henkokun dostları”
adlı konsertdə saksofonçu İqor Butman, zərb alətlərində Terri Layn
Karinqton və kontrabas ifaçısı
Ben Vilyamsla birlikdə
çıxış etdim.
Konsertdə Corc
Benson, Markus Miller, Herbi Henkok
kimi dünya şöhrətli caz ulduzları iştirak edirdi. Konsertdən sonra təbriklər
alırsan, jurnalistlərə
müsahibə verirsən,
tamaşaçılar avtoqraf
alır, şəkil çəkdirirlər. Əlbəttə, bunlar çox xoşdur. Hər bir konsertlərdən
sonra mehmanxana və ya evə
qayıdanda bəzən
uzun müddət gözümə yuxu getmir. Konsertin hər anını,
alqışları xatırlayıram.
Musiqiçi üçün bu, onun yaradıcılığında
xoşbəxt anlardan biridir.
– Dinlədiyiniz və bəhrələndiyiniz
caz ifaçıları
varmı?
– Bred Meldou, Herbi Henkok, Danilo
Peres və Oskar Pitersonun
yaradıcılığının vurğunuyam. Berkli Universitetinə daxil
olandan sonra prorektor mənə deyəndə ki, müəllimim Danilo Peresa olacaqdır, bu xəbər sözün yaxşı mənasında məni heyrətləndirdi.
Bakupost. –
2012. -20 oktyabr. – S. 17.