Şuşa üçün dua

 

Aşağı Quşçular kəndinin üstünə döşənən dəli bir səs başqa yerə getmirdi, eləcə kəndin üstündə dayanmışdı. Güllələrin səsi idi. Şuşada vaxt işləmirdi, elə heykəl kimi donub qalmışdı.Get-gedə qaranlıq quduz it kimi kəndə cumurdu. Ətraf kəndlər də qara örtük kimi gecəni başına çəkib mürgüləyirdi. Hamı yatmışdı. Əslində, heç kəs yatmamışdı.

Qarşı dağdan toplar guruldamağa başladı. Qrad göyün sinəsinə bir cız çəkdi. Elə bil göy ağrıdı, qurd kimi uladı. Murtuz əllərini göyə qaldırıb Allahı çağırdı, o saat ürəyinə bir arxayınlıq hakim oldu. Həmişə dar gündə Allahı çağırırdı. Heç vaxt Allah onu darda qoymamışdı. İtlər qəfil səslərini kəsdilər. Quşlar yuvasından “pırr” eləyib uçdular. Qonşunun evi od tutub yanırdı. Uşaqları Murtuza sığınmışdı, qonşu kişilər, qadınlar da onun yan-yörəsində idi. Bilirdilər ki, Murtuz bilən adamdı. “Harda bir sirr varsa, Murtuz hökmən onu bilməmiş olmaz” deyirdilər. Bir tərəfdən də qonşu arvadları başlarına döyə-döyə Murtuzgilin həyətinə doluşurdu. Murtuz qonşuların simsar yeriydi.

Murtuzun erməni tərəfdən dostları çox idi. Demək olar ki, bir ayağı həmişə erməni kəndlərində olurdu. Onun gəzən ayağı lap İrəvana qədər gedib çıxırdı. Həmişə oradan pal-paltar, yemək üçün yağ alıb gətirirdi. Ağdamda, Ağcabədidə satdırardı. Kənddə o qıy da yayılmışdı ki, Murtuzun Xankəndində bir aşnası var, deyirdilər yupyumru bir gəlindi. Lap o da dəqiqləşmişdi ki, ondan bir oğlu da var. Guya Murtuz o qadınla Fransaya, düz Parisin özünə gedəcəkdi – bu, təzə xəbərdi.

Murtuzun arvadı – Ülkər bunları bilmirdi. Ancaq bu məqamda xəbər tutsaydı belə yəqin ki, çox sevinərdi. Çünki camaat belə şeyləri bildiyindən Murtuzun kölgəsində dayanmağı xilas yolu hesab eləyirdi. Ta bilmirdilər ki, atılan güllələr Murtuzun kölgəsini deşik-deşik eləyib və ordan qan əvəzinə qorxu axır.

- Qorxmayın, həmişə belə olur, bizi Moskvaya qovurlar, istəyirlər rusa baş əyək yenə – Murtuz arvad-uşağa toxtaqlıq verdi. Gecənin qara yaylığı altında gizlənmiş kənd camaatı qəflətən qışqırmağa başladı. Murtuzgilin həyətinin ayağına düşən top gülləsi elə partladı ki, elə bil adamların qulaq pərdələri deşildi. İtlər ulamağa başladılar. Yer titrəyirdi. Murtuz havada işıqsaçan güllələrə baxdı. Evlərin dam örtükləri də şaqqıldaya-şaqqıldaya yanmaqda idi.

- Topa dayanmaq olmaz, üstümüzə top düşər - Murtuz dedi.Elə bu zaman bir əsgər özünü tələm-tələsik adamların arasına atdı.

- Onlar postu keçdilər - dedi - qabağını ala bilmirik, hamısı rus tanklarıdı, əsgərlərimizin çoxu həlak oldu, hər şeyi əlləriylə qoyublarmış elə bil.

- Ay camaat, bəs neyləyək? Elə qalıb yerimizdə ölək, bəlkə? - Murtuz üzünü camaata tutdu.

- Yox, kəndi tərk etmək lazımdı, yanımızda arvad var, uşaq var, ərlik qızlarımız var - yerdən səslər gəldi.Murtuz düşündü ki, düz deyirlər. Boş yerə qurban vermək lazım deyil. Müharibə təkcə güc yox, həm də ağıldı.

Güllələr Quşçularda heç kəsi tanımırdı. Tanısaydılar, bəlkə insanları öldürməzdilər, körpələri ağlatmazdılar, anaların saçını ağartmazdılar, qara saçları tüstülərinə bükməzdilər. Elə bil güllələr öyrədilmişdi. Rusiyada, Fransada, İranda yaxşı təlim keçmişdi, ağlını əllərindən almışdılar. Elə bil güllələrə tapşırılmışdı ki, əvvəlcə əllərin nişan üzüyünü çıxarın, sonra qolların istiliyini soyudun, lap axırda başdan ağlı alın. Güllələr özünü rahat hiss eləyirdi. İstədiyi yerə yağırdılar. Uşaq sinələrindən, qadın ayaqlarından ötrü ölürdülər.

Murtuzgil kənddən çıxmışdı artıq. Bir-birilərinə toxuna-toxuna, balaca daşlara sığına-sığına üzü Ağdama tərəf irəliləyirdilər. Kənardan baxan olsaydı, onları külək yuvarlayan kətiyyənə bənzədərdi. Heç kəs başını yuxarı qaldırmırdı. Get-gedə insan hənirtisi torpağa çökürdü. Əlləri bir-birinə toxunanda toxtayırdılar, əllərin istiliyi adamlara təsəlli gətirirdi. 

- İtlər zəncirdə bağlı qaldı? - Murtuz Ülkərə pıçıldadı.

- Yox, açıb gəldim.

- Bəs, niyə gəlmədilər?

- Küt eləyib atdım ki, başları qarışsın, onlar gəlsəydi hürüb yerimizi nişan verəcəkdilər - dedi və soruşdu - Murtuz, görən itimizi öldürəcəklər?

- Yox, öldürməzlər, onların iti bizim itin balasıdı, itlərimiz eynidi.Qarşıdan atəş səsləri eşidilirdi, təpənin arxasından atırdılar. Düz getmək olmazdı. Murtuz yavaşca sağ tərəfə döndü, əyilə-əyilə hərəkət elədi. Murtuzun qaraltısını görən adamlar da onun kimi hoppana-hoppana o istiqamətə hərəkət eləməyə başladılar. Hamı başını itirmişdi. Kənddən çıxdıqlarına görə aralarında peşman olanlar da vardı. Döndükləri tərəfdən də güllələr açılırdı.

Murtuz aşağı əyilib torpağı qucaqladı. Bir az öncə yağışda islanmış torpağın qoxusu ona xoş gəldi. Ülkərin arxada yerə sindiyini ayaqları ilə hiss eləyirdi. Nə qədər çağırdısa, Ülkər cavab vermədi. Deyəsən, yatmışdı. Bəlkə də Murtuzun yerini nişan verməmək üçün son sədaqətini ifadə edirdi.Murtuz sağ tərəfdən yenidən sola döndü. Üzü kəndə – Quşçulara tərəf gedirdi. Bəlkə, kəndə qayıtsın? Mümkün deyildi. Kəndin yerində bir tonqal heykəli ucalmışdı.

Elə bil hər şey göyə qalxırdı, o alovun içində hər şey vardı; məscid də, kitabxana da, məktəb də, insan da. Kənddən çıxa bilməyən nə vardısa, hamısı o alovun içindəydi. Bütün qaraltılar kənd tərəfə baxıb ağlayırdılar. Başlarına yağan güllələr nəzərləri hərdən alovdan ayırırdı. Qarşıda ayaq üstə adamlar görünürdü. Deyəsən, mühasirəyə düşmüşdülər. Murtuz yerində o qədər fırlandı ki, elə bil torpağın üstünə “o” hərfi yazdı. Bu dairənin ətrafında qəh-qəh çəkərək onlara tərəf irəliləyən silahlı erməni əsgərləri vardı.

Murtuz yanındakı dairədə fırlanırdı, çevrə qapanmışdı. Bir çıxış yolu qalmamışdı. Elə bil sindikləri bu küdrü titanik gəmisi idi, hər tərəf isə quduzlaşmış okean suları. Yeganə quru yer isə üstünə uzandıqları torpaq. Bir çıxış yolu da vardı ki, kim istəsə özünü bu torpaqdan ata bilərdi. Murtuza elə gəldi ki, altındakı kiçik torpaq parçası suyun üzərində yırğalanır. Aşa da bilərdi bu torpaq, ağzı üstə çevrilə də. Bəlkə də uzaqdakı gəmilər qəzaya uğramış bu torpaq parçasına tamaşa eləyirdi.

Həzin, kədərli bir təbəssümlə vidalaşırdılar. Şuşa, Ağdam, Ağdərə kənardan bu gəmiyə baxıb köks ötürürdü. Bu bir parça torpaqda ağzı üstə uzanmış adamlar bilirdilər ki, heç bir çıxış yolu qalmayıb. Bəziləri rahatca yuvarlanıb özlərini suların qoynuna ata bilərdilər. Bu torpaq gəmiylə birlikdə batmaq ölümlərin ən gözəli idi.Murtuz yerə çəkdiyi dairənin içində hərlənirdi. Artıq atəş açan adamlar onlara çatmaqda idi. Əks tərəfdən də atəş səsləri gəlirdi. Dörd tərəfdən də güllə səsi eşidilirdi. Ermənilər düz Murtuzgil olan yerəcən gəlib çıxdılar. Ortaya düşən düşmən mərmisi hamını pərən-pərən saldı. Murtuz yerə uzandı. Onun arxasınca bir qaraltı da sürünürdü.

Bu Murtuzun iti idi. Murtuz ayağa qalxıb özünü Titanik gəmisinə oxşayan torpaq parçasının üstündən yerə atdı. İt də arxasınca gəlirdi. Havada xeyli süzdülər. Hələ sulara çatmağa çox vardı. Adamların çoxu o davalı “gəmi torpaq” da qalmışdı. Havada uça-uça xeyli yol getdilər. Heç kəs onları saxlaya bilməzdi. Bu uzun bir boşluq idi. Bir saniyədən bir hava gah işıqlanır, gah  qaralırdı, gah şaxta olur, gah da amansız isti bədənlərini yandırırdı...

 

 

Kəramət Böyükçöl

 

BakuPost. -2012. -20 oktyabr. –S. 21.