Qatarın ardınca baxma

 

İdmançılar, olar? Bu səsi dünyada heç bir səslə səhv salmaq mümkün deyildi. Adi kəlmələri belə məlahətlə kim tələffüz edə bilərdi? Yalnız Şövkət Ələkbərova!1985-ci ilin yaz günlərindən biri, gecə yarısına az qalıb. Dövlət televiziyasında idman redaksiyasının otağında canlı efirə hazırlaşırdım. Sən demə, Şövkət xanım da çəkilişdən çıxıb 2-ci mərtəbədə yerləşən musiqi verilişləri redaksiyasına qalxmışdı. Qapı bağlı olduğundan bizim otağa girmişdi.

Bu canıyanmış rejissor Salmanın köhnə adətidi, deyir gəlirəm, özü itir. İcazə versəydiz, burda oturub gözləyərdim, bayaqdan ayaq üstəyəm, taqətim kəsilib.Cəld qalxıb yer göstərdim, əyləşdi. Çay təklif elədim. Çünki bilirdim ki, şəkəri var, ayaqları da bu səbəbdən ağrıyır.

– Əziyyət çəkmə, oğlum, səni də narahat elədim.Yorğunluğu gözlərindən sezilirdi. Yaşı 60-ı ötsə də, cazibədarlığını, təravətini qoruyub saxlamışdı. Danışanda gözlərini süzdürməsi, tez-tez saçlarına sığal verməsi bu xanım-xatın qadına bənzərsiz yaraşıq verirdi.

Oğlum da futbolu çox sevir. “Neftçioynayanda evdə bir haray-həşir qopur ki! Amma bir dəfə sizin verilişə baxmışam, dayan görüm, adı idi?... , , “Çövkan”. Çox razı qaldım ki, gənc ifaçılara efirdə yer ayırırsınız. Onları xalqa tanıtmaq lazımdı. Adamların gözü tərəzidi. Qoy özləri seçsin. Brilyant (Dadaşova), Firəngiz (Rəhimbəyova), Cəfər (Behbudov) pis oxumurlar. Cavandırlar, püxtələşəcəklər, təki ruhdan düşməsinlər, zəhmətə qatlaşsınlar, oxuyub öyrənsinlər!

Şövkət xanım özü heç vaxt zəhmətdən, əziyyətdən qorxmurdu. Atası Feyzulla kişi fəhləlik edərək ailəsini dolandırırdı. Tanrı bu ailəyə bir nemət bəxş eləmişdi. Anası Hökümə xanım ailənin böyük oğlu Ələkbər tar, qardaşı Paşa qaval, Şövkət isə kamança çalırdı. Bakının Mirzə Fətəli küçəsindən keçənlər ayaq saxlayır, ailə triosunun ifasını maraqla dinləyirdilər. Şövkət mahnı da oxuyurdu,  həm elə oxuyurdu ki, eşidənlər heyranlıqlarını gizlədə bilmirdilər.

Özfəaliyyət səhnəsindən başlanan yolQarabağ şikəstəsiilə peşəkar müğənniliyə qapı açdı. 1938-ci ildə dahi Ü.Hacıbəyov bu ifanı eşidib Şövkəti filarmoniyanın nəzdindəki mahnı rəqs ansamblına solist kimi qəbul etdi. Üzeyir bəyin xeyir-duası ümidverici müğənni üçün əsl sənət vəsiqəsinə çevrildi. Gənc xanəndə böyük həvəslə Ağalar bəy Əliverdibəyovdan muğam, Hüseynqulu Sarabskidən isə vokal dərsləri aldı. İndi Şövkətin Bülbül, Xan Şuşinski, Zülfü Adıgözəlov kimi sənət bələdçiləri vardı. “Qaragilə”, “Yaxan düymələ”, “Şuşanın dağları bu kimi xalq mahnıları onun ifasında çox məlahətlə səslənirdi.

Böyük Vətən Müharibəsi illərində Şövkət tez-tez konsert briqadaları ilə cəbhə bölgələrinə gedir, Üzeyir bəyin  Şəfqət bacısı”, “Addımla əsgər”, “Yaxşı yolkimi vətənpərvər mahnıları ilə döyüşçüləri ruhlandırırdı. Müharibədən sonra müğənninin yaradıcılığında yeni bir mərhələ başladı. O, SSRİ dünyanın 50-dən çox ölkəsinə qastrol səfərləri zamanı Azərbaycanı sevə-sevə tərənnüm etdi. Vətən borclu qalmadı. Şövkət Ələkbərova 1959-cu ildəXalq artistifəxri adına layiq görüldü.

Azərbaycanın ölməz bəstəkarlarından S. Rüstəmov, F. Əmirov, Q. Hüseynli, T. Quliyev, C. Cahangirov, Ş. Axundova məxsusi olaraq Şövkət xanım üçün mahnılar yazırdılar. Onun bənzərsiz ifasından sonra dillər əzbəri olmuşOxu tar”, “Ay işığında”, “Tellər oynadı”, “Bir könül sındırmışam”, “Durnalar”, “Dərələr digər mahnılar musiqi tariximizə qızıl hərflərlə yazılmışdır.Şövkət  Ələkbərovanın qəlbi daim yaratmaq eşqi ilə çırpınırdı.

Rəvan səlist səsə malik xanəndə hər yeni mahnısı ilə qəlbləri riqqətə gətirir, milyonlarla dinləyicisinə unudulmaz anlar bəxş edirdi. O, ömrünün son günlərinə qədər çoxsaylı tələbələrinin qayğısına qalır, gənc ifaçıların yeni nəslinin yetişməsi püxtələşməsi üçün səylərini əsirgəmirdi.

...Rejissor Salman özünü qaranəfəs çatdırdı:

– Ay Şövkət xanım, belə olmaz, axı! Bayaqdan sizi axtarıram, deyəydiniz ki, yuxarı qalxıram da...Şövkət xanım heç halını pozmadı. Çatma qaşlarını qaldırıb Salmanı başdan-ayağa süzdü.

– Ay Salman, sənin bu qabaqdan gəlmişdiyin olmuya da! Bəxtin gətirdi ki, bu cavan oğlan məni çaya qonaq elədi. Yoxsa, çoxdan çıxıb getmişdim! Hamımız gülüşdük. Şövkət xanım qapıya doğru getdi birdən ayaq saxlayıb mənə tərəf döndü:

Yaxşı bir tələbəm var. Adı da Aybəniz (Haşımova). Vaxt gələr tanınmış müğənni olar. Sən bir onu da çağır verilişinə. Qoy oxusun.

-Sizdən sonra, Şövkət xanım. Çox istərdim ki, verilişlərimizin birinin qonağı olasınız... Gözləri yol çəkdi

Yox, gəl meydanı cavanlara verək. Bu sənəti yaşatmaq onların qismətidi. Mənimsə qatarım gedib, oğlum. Gedən qatarın ardınca baxmazlar...

 

 

Fərhad Abdullayev

 

BakuPost. – 2012.  – 27 oktyabr. – S. 20.