“Şərq
Bülbülü”nün
triosu
Prezident İlham Əliyevin sərəncamı ilə
fəxri ada layiq
görülən mədəniyyət xadimləri arasında muğam ifaçısı Simarə İmanova da var. O, Azərbaycan mədəniyyətinin
inkişafındakı xidmətlərinə görə Xalq Artisti fəxri adı
ilə təltif olunub. Həyatı və
yaradıcılığı haqqında “New
Baku Post”a müsahibə verən xanəndə təəssüratlarını
da ilk olaraq bizimlə bölüşüb.
– Təbrik edirik.
Fəxri ada layiq görüldüyünüz xəbərini ilk olaraq kimdən eşitdiniz?
–
Xalq Artisti Zabit Nəbizadə zəng etdi, xoş xəbəri dedi. Zabit Nəbizadə də
Xalq Artisti adına layiq görüləndə bu
xəbəri ona mən demişdim.
Çox sevindim.
– Xalq Artisti
kimi hansı yeni planlarınız var?
– Xalq və bəstəkar mahnıları,
muğamlarımızdan ibarət 8-ci albom üzərində
çalışırıq. 2010-cu ildə Filarmoniyada “Yar bu gecə” adlı
solo konsertim oldu. Bu il
daha bir solo konsert vermək niyyətindəyəm.
– Sizi müşayiət
edən “Şərq bülbülü” triosudur...
– “Şərq bülbülü” ansamblında tarda
Ramin Rzayev, kamançada Anar Yusup, nağarada Novruz Kərimov
müşayiət edir. “Şərq bülbülü” mənə
məxsus olduğundan bu adı götürdüm. Özbəkistanda
“Şərq təranələri” Festivalında mənə təqdim
edilən Qran-pri mükafatının adı “Şərq
bülbülü”dür.
– Repertuarınız haqqında nə deyə bilərsiniz?
– Repertuarımda Şəfiqə Axundova, Ramiz
Mirişli, Cahangir Cahangirov, Emin Sabitoğlu, Fikrət Əmirov
kimi məşhur bəstəkarların mahnıları da var. Onların
milli üslubda yazdıqları mahnılar hər zaman dinlənilir və xalq mahnıları kimi
sevilir. İfa etdiyim
bütün mahnılar dərya kimidir. Oxuyanda özümü
dəryadakı balıq kimi hiss edirəm.
– Mədəniyyət və İncəsənət
Universitetində pedaqoji fəaliyyətlə
məşğul olursunuz...
– Xalq Artisti Canəli Əkbərovun
başçılıq etdiyi muğam kafedrasında bir istilik
var. Bu bizim universitetə rəhbərlik edən Timurçin Əfəndiyevdən
irəli gəlir. Mən də əlimdən gələni etməyə
çalışıram. İstedadlı tələbələrimiz
var. Azərbaycan muğam ocağıdır. Çünki
anamız “Segah” üstündə bizə lay-lay çalıb.
– Sizdə bu istedadı kim kəşf etdi?
– Rəhmətlik dayım Əməkdar Artist Sabir
Novruzov çox gözəl səsə malik muğam
ifaçısı olub. Anamın
babası da gözəl
tarzən idi. Ailəmiz musiqiyə meyilli olub. Lakin valideynlərim
bu sənətə gəlməyimə razı deyildi. Anadan
olduğum İmişli rayonunun Əliqulular kəndində o
vaxt heç bir valideyn övladının musiqi ilə məşğul
olmasını istəmirdi, qızlara isə qadağalar
vardı. Onlar məni həkim görmək istəsələr
də, mənim arzum muğam ifaçısı olmaq idi.
Sənədlərimi Tibb Universitetinə vermək
adıyla İmişlidən Bakıya gəldim. Evdə
heç kimin xəbəri olmadan
Asəf Zeynallı
adına musiqi kollecinə imtahan verib qəbul oldum. Bu işin üstü
açılanda tufan qopdu. Ancaq
sonradan ata-anamı elə ilk pərəstişkarıma
çevirdim. Sonra Mədəniyyət və İncəsənət
Universitetinə qəbul olundum. Buranın bakalavr və
magistratura pilləsini bitirdim.
– Xanəndələrimizin əksəriyyəti Opera və
Balet Teatrının solistidir. Siz də bir neçə dəfə “Leyli və Məcnun”
tamaşasında oynamısınız.
Niyə bu davamlı olmadı?
– Gənc yaşlarımda
müqavilə ilə
Opera və Balet Teatrında “Leyli və Məcnun” tamaşasında iştirak
etdim. Ailə qurandan sonra
gördüm ki, ailəmə ayırmağa
vaxtım qalmır.
İndi dəvət gəlsə, sözsüz ki, gedərəm.
– Simarə İmanovanın
əhvalı olmayanda nədən təsəlli
alır?
– Dənizi çox
sevirəm. Əhvalım
olmayanda dənizi seyr etmək istəyirəm, mavi sulara, ləpələrə baxanda ağrılarımı,
kədərlərimi unuduram.
Oğlum Məhəmməd,
qızım Çinarə
ilə təsəlli tapıram. Ən gözəl istirahəti
ailəmlə edirəm.
Onlarsız
qanadsız quşam.
Ümidə Həsənli
Baku Post .-
2012.- 22 sentyabr.- S. 16.