Rəqəmlərin atası

    

“Kainat həmişə müşahidələrə açıqdır. Amma dilini, bu dilin yazıldığı hərfləri öyrənmədən və qavramadan onu dərk etmək mümkün deyil. Kainat riyazi dillə yazılıb. Hərfləri üçbucaqlar, dairələr və digər həndəsi fiqurlardır.

Bunları bilmədən kainatın bircə sirrini belə anlamaq mümkün deyil. Bunları bilmədən ancaq qaranlıq labirintdə dolanarsan”. Q.Qalileyin bu sözləri deməsinə səbəbkar “Kainatın hakimi rəqəmlərdir”, “Rəqəmlər kainatı idarə edir” deyən və hətta daha da irəli gedərək “Tanrı rəqəmdir” söyləyən, “rəqəmlərin atası” adlandırılan şəxs – yunan filosof və riyaziyyatçısı Pifaqordur. O, təkcə riyaziyyatla məşğul olmayıb, rəqəmləri əsas götürərək astronomiya, fizika, fəlsəfə, musiqi və dinlə də maraqlanıb.

 Onun ən məşhur kəşfi elə öz adıyla adlandırılan “Pifaqor teoremi” olub.Pifaqor (e.ə 580-e.ə 500) kainatın yuvarlaq şəkildə olması fikrini irəli sürən ilk alim hesab olunur. Dan ulduzu və gecə ulduzu adlandırılan ulduzların əslində bir ulduz (Venera) olduğunu tapan da Pifaqor olub. Yerin Günəş ətrafında dövr etməsi fikri sərt reaksiya ilə qarşılandığından bəzi düşüncələrini açıq-aşkar bəyan etməkdən çəkindiyi üçün Pifaqorun digər elm sahələrinə də töhfələr verməsi barədə iddiaların nə qədərinin həqiqət olduğu məlum deyil.

 Pifaqor ilk təhsilini tamamladıqdan sonra tarixdə ilk filosof olaraq qəbul edilən Falesin tövsiyəsi ilə Misir və Babilistana gedib. Misirdə kahin və rahiblərdən dini təhsil alıb, sonra babillilər Misiri işğal etdiklərindən riyazi elmlərin inkişaf etdiyi Babilə yollanıb. Burda aldığı təhsil Pifaqorun riyaziyyatın müqəddəsliyinə olan inancını daha da gücləndirib. Misir kahinləri və Babilistandakı rahiblərinin ayinləri musiqi sədaları altından icra etmələri musiqinin Pifaqor fəlsəfəsində yer tutmasına səbəb oldu. 34 il bu sahələrdə təhsil alan Pifaqor vətəninə qayıdanda dərs deməyə başladı. Amma təzyiqlər nəticəsində

 Cənubi İtaliyadakı yunan koloniyası olan Krotona köçmək məcburiyyətində qaldı.Səyyah, ixtiraçı, kahin və elm adamı kimi Krotonda çox tez məşhurlaşan Pifaqor öz adıyla yaddaşlara köçən məktəbini yaradır və 300 tələbə yığır. Bir elm mərkəzi olan Pifaqor məktəbi, eyni zamanda, dini birlik mahiyyəti də daşıyır və dövrünün tanınmış məktəbləri arasında mühüm yer tutur. Bu, yarı mistik, yarı elmi məktəb idi. Pifaqor və müridlərinin fikrincə, rəqəmlər  arasında mükəmməl bir harmoniya var.

Bu da əslində ilahi harmoniyanın əksi idi. Çox təəssüf ki, Pifaqorun həm elmi işləri və açıqlamaları, həm də dini mövzuda olan işlərindən narahat olan kütlə bir müddət sonra onun məktəbini yandırdı. Pifaqor və tələbələri yanaraq can verdilər. Ona və məktəbinə aid bir çox sənəd kül oldu. Buna görə də Pifaqor barədə bugünümüzə elə də çox məlumat mənbəyi çatmayıb.

 

Rəqəmlər hər şeyi ifadə edir

 

Həyatını rəqəmlərə həsr edən Pifaqor rəqəmləri Tanrı sayır, riyazi qanunları dünya üzərindəki bütün sistemlərin təməli kimi qəbul edirdi. Onun fikrincə, hər şey riyaziyyat və rəqəmlərlə izah edilə bilərdi. Rəqəmləri həyatının mənasına çevirən Pifaqor “1” rəqəmini İlahi güc kimi qəbul edir, “10” rəqəminin isə İlahi ilə boşluğun və ya yoxluğun mükəmməl bir qarışığını ifadə etdiyini iddia edirdi. Pifaqor bununla kifayətlənmir, kainatdakı bəzi anlayışların qarşılığını rəqəmlərlə ifadə edirdi. Onun fikrincə, hər  şey bir rəqəmlə müəyyənləşdirilə bilər. Məsələn, 5 – rəngin, 6 – soyuğun,

7 – sağlığın, 8 – sevginin rəqəmidir.

 

Musiqinin əsasında riyaziyyat durur

 

Rəqəm və nisbətlərə əsaslanan Pifaqor riyaziyyatdan musiqidə də istifadə etdi. Musiqi ilə bağlı araşdırmalar aparan alim simli çalğıda simlərin qısalmasıyla çıxardığı səsin incəliyini hiss etmişdi. İki simdən biri digərindən iki dəfə uzundursa, qısa telin çıxardığı səs uzunun səsindən bir oktava yuxarıdır. Tellərin uzunluqlarının nisbəti 2/3 idisə, iki telin çıxardığı səs 5 arasında idi. 

 Pifaqorun bunu necə kəşf etdiyi barədə rəvayət də var. Rəvayətə görə, o, bir gün dəmirçilər bazarından keçərkən zindana dəyən çəkiclərin çıxardığı səslər diqqətini cəlb edib. Alim dayanıb və səsləri dinləməyə başlayıb.Bazarda 5 dəmirçi dükanı var idi və hamısından fərqli səslər gəlirdi. Çünki dəmirçilərin istifadə etdikləri çəkiclərin ölçüləri bir-birindən fərqlənirdi. Çəkiclərin zindana vurulması əsnasında çıxan səslər Pifaqora bir musiqini xatırlatdı. Hər çəkicin ağırlığının fərqli olması, zindana dəyəndə fərqli notlarda səs yaranmasını təmin edirdi.

 Çəkic qədər ağırdısa, notlar o qədər az idi. Hətta arada bir çəkicin ahəngi pozduğunu belə hiss etdi. Dəmirçilərdən çəkiclərindən istifadə etmək üçün icazə aldı, hər birini diqqətlə ölçdü. O, bu yolla ahəngi pozan çəkici tapdı. Tədqiqat nəticəsində gördü ki, çəkiclərin ağırlığı rəqəm ardıcıllığı şəklində sıralanır. Beləcə, fərqli ağırlıqda çəkiclərlə bir musiqi şkalasını necə tərtib etməyi kəşf etdi.

 

Tam ədəd hegemonluğunun sonu

 

Riyaziyyatın banisi sayılan Pifaqor riyaziyyatda “sübut” fikrini ortaya atan ilk elm adamıdır. Vurma cədvəlinin kəşfi həndəsədə tətbiqi Pifaqora aiddir.

 

 

Əli Çimen

 

Baku Post .- 2012.- 22 sentyabr.- S.20.