67 yaşlı Cavan
Bu gün Xalq Artisti,
tanınmış caz ifaçısı Cavan Zeynallı 67
yaşını qeyd edir. Asəf Zeynallı adına musiqi
texnikumu və Azərbaycan Dövlət
Konservatoriyasının vokal fakültəsini bitirən
musiqiçi 1972-ci ildə təhsilini başa vurduqdan sonra Azərbaycan
Dövlət Mahnı Teatrında solist, 4 il sonra isə
Dövlət Filarmoniyasında solist-vokalçı kimi fəaliyyət
göstərib. 1979-2001-ci illərdə “Qaya” Dövlət
ansamblının solisti olub.
Bakı Caz Mərkəzində
üç solo konserti ilə çıxış edən
Cavan Zeynallı bir çox bədii və sənədli filmlərdə
də çəkilib. Mədəniyyət və İncəsənət
Universitetində pedaqoji fəaliyyətlə məşğuldur.
Xalq Artisti həyat və yaradıcılığı
haqqında ən maraqlı faktları “New Baku Post”a
danışıb.
– Bu gün sizin
ad gününüzdür, təbrik edirik. Doğum gününüzü necə
qeyd edəcəksiniz?
– Ad günümü
cənab Prezidentin mənə hədiyyə etdiyi yeni mənzildə
qeyd etmək istərdim, lakin orada təmir gedir. Həyat yoldaşım Röya
xanımla yaşadığımız
mənzil qonaq qəbul etmək üçün balacadır.
15 yaşımdan ad günümü
sakit qeyd etməyi sevirəm, hay-küy, təntənə xoşlamıram,
şöhrətpərəst deyiləm. Bəlkə də ona görə xalq məni sevir.
– Cavanşir
necə Cavan oldu?
– Səhnə
adları qısa olmalıdır ki, yadda qalsın. “Qaya” ansamblında qastrollarda olan zaman rəhbərimiz Teymur Mirzəyev məni elan edəndə adımın cansıxıcı
səsləndiyini dedi.
Ona görə də qısaca Cavanı seçdik. Demirəm ki, ad səhnədə
ən vacib məsələlərdəndir. Yox. Əvvəlcə səs, səviyyə , musiqi sənətini
bilmək lazımdır.
Ancaq indi bizdə ada, reklama daha
çox önəm verilir.
– Sizi cavan saxlayan nədir?
– Hamıya
inanan, sevən, hamının yaxşılığını
istəyən insanam. Cavanlığın sirlərindən biri musiqini sevməkdir.
Ən əsası həyatı sağlam yaşamaq lazımdır. Məsələn, mən idmanı,
dənizi çox sevirəm. Əvvəllər dənizdən qorxurdum,
amma sonra üzgüçülüyə gedib hovuzda üzməyi
öyrəndim. Səhərlər
Bulvarda, parklarda gəzirəm, mütləq
idmanla məşğul
oluram. Cavan qalmağımda həyat yoldaşımın da çox böyük rolu var. O, məni çox sevir, nə istəyirəm onu o saat həll
edir, gözəl yeməklər bişirir, ev işində
səliqəlidir. Bəzi adamlar
var ki, evdə
günü dığdığla
keçir, dava-dalaş
olur. Bu, yaşayış deyil.
– Cazdan
başqa hansı musiqi janrlarını dinləyirsiniz?
– Klassika,
caz, estrada
janrlarını, fortepiano, saksafon,
skripkanı sevirəm.
Həyat
günü-gündən gözəlləşsə
də çətinləşir.
Belə olan halda isə
yüngül musiqi dinləmək istəyirsən.
Artıq
bu gün Bethovenin inqilaba çağırış edən
simfoniyaları lazımsızdır.
– Cavan Zeynallı caza necə gəldi?
– Caz eşidəndə özümü
çox yaxşı
hiss edirdim, sanki uçurdum. Anam Şəfiqə Məcidova opera müğənnisi
idi, dahi Üzeyir bəyin kollektivində işləmişdi.
Onun sənət barədə söhbətlərini çox
maraqla dinləyirdim.
Orta məktəbdə oxuyanda fortepianoya getdim. Sonra Asəf Zeynallı adına
musiqi məktəbinin
fortepiano və bəstəkarlıq
fakültəsində təhsil
alanda dostlarının
əhatəsində Müslüm
Maqomayevin oxumasını
təqlid edirdim. Amma ağlıma da gəlməzdi ki, həmin zarafatyana hərəkət taleyimi dəyişəcək. O dövrdə
vokal bölməsinin müəllimi Aleksandr Melovanov bunu eşidib vokalla məşğul olmağı
təklif etdi.
– Vaqif Mustafazadəni,
onunla yaxın yaradıcılıq münasibətində
olan insan kimi necə xatırlayırsınız?
– Tələbəykən
radio zavodunda praktika keçirdik. İlk dəfə orada
konsertdə Vaqifi gördüm, ifası çox xoşuma gəldi. Lakin nə qədər çalışsam da, onunla tanış
ola bilmədim. O vaxt “Baku” qəzetinin baş redaktoru işləyən dostum Hacı Babayev bu arzumdan xəbər
tutanda məni Vaqifdən qəzet üçün müsahibə
almağa göndərdi.
Bu qədər pərəstiş etdiyim insanla dostlaşacağımı
heç xəyalıma
da gətirməzdim.
Amma sonradan biz həm dost olduq, həm də birgə işlədik.
– “Qaya” ilə yaradıcılığınızı necə bağladınız
və niyə oradan ayrıldınız?
– “Qaya” məndən əvvəl də məşhur idi. Bu əfsanəvi heyətdə
20 il işlədim.
Fəxr edirəm ki, “Qaya”da işləmişəm,
orada işlədiyim
illər ərzində
qazandığım təcrübəni
və tamaşaçı
rəğbətini heç
nə ilə əvəz etmək olmaz. Qara dəniz sahillərində
on altı konsert verməyimiz, İrina Otiyeva, Larisa Dolina ilə birgə uğurlu çıxışlarımız
heç vaxt yadımdan çıxmaz.
Amma “Qaya” parçalandı və yenidən solo fəaliyyətə qayıtdım.
– Caza hər kəs qulaq asmalıdır, yoxsa o hər zaman yalnız müəyyən kütlə
üçün bir musiqi janrı olaraq qalmalıdır?
– Cazı
hər adam
dərk edə bilmir. Hələ sovet dövründə
deyirdilər ki, bu musiqi ancaq
elit, yuxarı səviyyə üçündür.
Bəzən musiqiçilər
cazı elə ifa edirlər ki, heç kim heç
nə anlamır, lakin yüngül, bir çoxlarının xoşuna gələn caz da var. Rusiyada
anlaşılmaz cazları
çox dinləmişəm.
Caz Amerikada yaradılıb, orada hamı cazı sevir. Cazmenlər insanların dinləyə
və dərk edə biləcəkləri
kimi ifa etməlidirlər.
Ümidə Həsənli
BakuPost .-
2012.- 29 sentyabr.- S. 16.