ASAIF Romada tarix yazdı

 

Ötən həftə dünyanın müxtəlif ölkələrində təhsil alan 500-dən çox azərbaycanlı gənc Romaya toplaşmışdı. Təbii, onlar arasında İtaliyada oxuyan gənclərimiz də var idi. Onlardan biri Sapienza Universitetinin tələbəsi Leyla Abışovadır. Orta təhsilini Sumqayıtda, daha sonra Təbiət Elmləri Təmayüllü gimnaziyasında alan Leylanın ali təhsil illərinin çoxu İtaliya ilə əlaqədar olub. Hazırda ASAIF-in aktiv üzvlərindən olan Leyla Abışova Sapienza Universitetində fəaliyyət göstərən Sapienza Hərəkatı Gənclər Təşkilatının üzvü və gənc səfiridir. Roma Forumunda isə “İlin ən yaxşı koordinatoru” adına layiq görülüb. L.Abışova “New Baku Posta müsahibəsində Roma forumu haqqında təəssüratlarını bölüşüb:

– ASAIF böyük bir şəbəkə, daha doğrusu, böyük bir ailədir. Mən də bu ailənin bir üzvü olduğuma görə çox sevinirəm. ASAIF-lə tanışlığım 2011-ci ilin yay forumunda olub. Sonradan Budapeşt forumunda da iştirak etdim. Təşkilatın gənclər üçün əsas əhəmiyyəti xaricdə təhsil alan tələbələr arasında şəbəkə yaranmasına verdiyi töhfədir. Hər dəfə keçirilən forumlarda yüksək səviyyəli dövlət rəsmiləri ilə keçirilən görüşlər, onların bizə verdiyi təlimatlar xaricdəki həyatımızda çox böyük əhəmiyyətə malikdir.

– Budəfəki Roma görüşünün əhəmiyyəti nə oldu, şəxsən sizin üçün hansı önəmli nəticələrlə yadda qaldı?

– Açığını deyim ki, Roma forumu mənim üçün daha fərqli bir məna kəsb edirdi. Çünki budəfəki forumda həm də ev sahibliyi edirdim. Forumun sonunda çox müsbət nəticələrindən danışmaq olar. Tələbələrə maraqlı olan bir sıra məsələləri aydınlaşdırdıq. İctimai Diplomatiya, yeni təhsil brendlərimiz, Azərbaycanla bağlı beynəlxalq ictimaiyyətdə baş verən hadisələrə necə müdaxilə edə biləcəyimiz və bu kimi digər məsələlər haqqında şəxsən məni maraqlandıran suallara cavab tapdım. Forumun müsbət nəticələrindən biri isə İtaliya və Azərbaycan gənclər təşkilatları arasındakı müzakirələr və bu müzakirələrin müsbət nəticəsi olan memorandumların imzalanmasıdır. Bu razılaşmalar iki ölkənin gənclər təşkilatları arasında yeni əməkdaşlıq erasının başlanğıcı oldu. Forumun təşkilatçılarından biri kimi yekundaİlin ən yaxşı koordinatorutitulunu qazanmağım doğrudan da xoş sürpriz oldu. Yorğun günlər keçirdik, amma bu yorğunluq sonda uğurlu nəticə ilə əvəz olundu.

– ASAIF-lə yanaşı İtaliyanın özündə hansısa qurumda təmsilçiliyiniz varmı?

– Ümumiyyətlə, ictimai fəaliyyət həyatımın bir hissəsidir. Gənclərlə bir arada  olmaq, ictimai tədbirlər keçirmək, Azərbaycanı təbliğ etmək təhsilim, işimlə yanaşı ən vacib öhdəliklərimdəndir. Eyni zamanda da Mərkəzi Romada yerləşən Dante Alighieri Cəmiyyətinin Bakı komitəsinin təsisçisi və sədriyəm. Bu təşkilatın əsas işi mədəniyyət, dil, ədəbiyyat vasitəsilə İtaliya ilə ölkələr arasında münasibətlərin inkişafına yardım etməkdən ibarətdir. Bu təşkilatı 2 il bundan əvvəl yaratmışıq. Burada italyan dili kursları, danışıq klubları, İtaliya-Azərbaycan mədəniyyət gecələri, italyan və azərbaycanlı gənclər arasında şəbəkələşməyə xidmət edən fəaliyyəti həyata keçiririk. Həmçinin, Azərbaycan və eyni zamanda İtaliya bədii ədəbiyyat nümunələrinin tərcümə edilməsi sahəsində fəaliyyət göstəririk. Hazırda

 Azərbaycan-italyan lüğətini tərtib edirik. Qeyd edim ki, belə bir lüğət, ümumiyyətlə, mövcud deyil.

 Həm də Sapienza Hərəkatı Gənclər Təşkilatı ilə məhsuldar əməkdaşlığımız var. Elə martın sonunda Romada yerləşən Pier Paolo Pazolinin teatrında həmin təşkilatın dəstəyi ilə “İtaliya Azərbaycanı Qarşılayır” adı altında bir tədbir keçirdik. Tədbirdə İtaliyanın İtalia Multimedia Group tərəfindən çəkilmiş, “Odlar yurdu, Azərbaycana səyahət” adlı film nümayiş olundu, azərbaycanlı və italyan tələbələr arasında müxtəlif interaktiv oyunlar keçirildi, daha sonra isə qonaqlar Azərbaycanın milli mətbəxi ilə tanış oldular.

– Bəs necə oldu ki, təhsilinizi və karyeranızı İtaliya ilə bağlamaq qərarını verdiniz?

– Hələ Azərbaycan Dillər Universitetində oxuduğum müddətdə iki dəfə İtaliya Xarici İşlər Nazirliyinin elan etdiyi müsabiqənin qalibi kimi 2011-ci ildə Siena Universitetində, 2012-ci ildə isə Peruca Universitetində qısamüddətli təhsillər almaq üçün təqaüdlə təmin olundum. Və 2012-ci ilin sonunda Roma Sapienza Universitetinin Beynəlxalq inkişaf və əməkdaşlıq fakültəsində magistr pilləsinə daxil oldum. Hazırda Roma Sapienza Universitetinin beynəlxalq inkişaf və əməkdaşlıq fakültəsində magistr pilləsində təhsil alıram. Eyni zamanda Azərbaycan Respublikasının İtaliyadakı səfirliyində ştatdan kənar referent kimi çalışıram. İndi əsas fəaliyyət istiqamətim həm təhsildə, həm də işdə tək iqtisadiyyat deyil, eyni zamanda siyasət və beynəlxalq münasibətlərdir.

 İtalyan dilini bildiyim üçün bir sıra beynəlxalq təşkilatlarda işləmişəm. 2010-cu ildə İCE-İstituto Nazionale Per il Commercio Estero, İtaliya Xarici İqtisadi Əlaqələrin İnkişafı üzrə Təşkilatda, İtaliya səfirliyinin Ticarət departamentində bir aylıq təcrübə keçdimbu bir ay ərzində İtaliya İqtisadi İnkişaf Nazirliyinin saytında dərc olunacaq Azərbaycan haqqında iqtisadi bələdçi məlumatlarını işlədim. Həmin bir ay ərzində nümunəvi işim və məsuliyyətli olmağım rəhbərliyin gözündən qaçmadı və mənə orda daha uzunmüddətli müqavilə, müddətsiz müqavilə ilə işləmək təklif olundu. İCE-də iqtisadi analitik vəzifəsində çalışırdım və fəaliyyətim əsasən İtaliya ilə Azərbaycan arasında iqtisadi münasibətləri təşviq etməkdən ibarət idi. Orda çalışdığım müddətdə iki ölkə arasında bir çox iqtisadi layihələrdə iştirak etmişəm.

İtaliyada təhsilin fərqli xüsusiyyətləri hansılardır?

İtaliya mədəniyyətin beşiyidir, ilk insan sivilizasiyasının yarandığı bir ölkədir.

 Əslində İtaliyada üç fərqli şəhərdə, üç fərqli universitetdə təhsil almışam və elə İtaliyanın daxilində bu şəhərlər, universitetlər arasında böyük fərq var. İtalyan gənclərində bəyəndiyim ən yaxşı xarakter komanda işini bacarmalarıdır. Təəssüf ki, bu xarakter hələ Azərbaycan gəncləri arasında tam formalaşmayıb.

 Onu da deyim ki, italyanlar azərbaycanlılara çox bənzəyirlər. Maşın sürmək vərdişləri, jestlə danışmaqları, səs-küylü olmaqları, temperamentləri, qonaqpərvər və həmçinin fiziki görünüşlərində bənzərlik çoxdur.

İtaliyada təhsil alan gənclərlə əlaqələr nə yerdədir?

– 2-3 il bundan əvvəl İtaliyada təhsil alan azərbaycanlı gənclərin sayı az idi. İndi bu ölkədəki Azərbaycan səfirliyinin köməyilə say artmaqdadır. Bu yaxınlarda İtaliya-Azərbaycan Gənclər Assosiasiyası yaradılıb ki, onun da tələbələrimizin şəbəkələşməsinə böyük töhfə verəcəyinə ümid edirəm.

 

Fərəh Sabirqızı

Baku Post.-2013.-3 aprel.-S.8.