Bakıda Davos
Forumu Azərbaycanın dövlət və
ictimai maraqları kontekstində...
Hər bir dövlətin
sosial-iqtisadi, mədəni yüksəlişi onun əhalisinin
inkişaf səviyyəsinə müsbət təsir edən əsas
amildir desək, fikrimizə çoxları şərik olar. Azərbaycan
dövləti axır illər elə bu yolda irəliləyir.
Ölkəmizin iqtisadi, sosial, mədəni, siyasi tərəqqisi
göz önündədir. Respublikamızın siması
günü-gündən dəyişir, əslində bunlar
hamısı dinamik inkişafın, irəliləyişin nəticəsidir.
Yalnız Azərbaycanın paytaxtı Bakı şəhəri
deyil, digər şəhər və rayonlarda, bölgələrdə
də dəyişikliklər həyata keçirilir.
Bölgələrimizin qaynar həyatı,
burada aparılan quruculuq, yenidənqurma, tikinti işləri təqdirəlayiq
haldır. Təbii, bu da ölkəmizə müsbət imic
qazandıran bir haldır. Azərbaycan dövlətinin hərtərəfli
inkişafı vətəndaşlarımızın həyatına
çox bəhrələr verir. Müstəqil Azərbaycan
dövlətinin bu uğurları başqa dövlətlərin
də təqdir etdiyi bir inkişaf modelidir. Bilirik ki,
respublikamız müstəqillik illərində dünyanın
bir sıra ölkələrilə qardaşlığa,
dostluğa nail olub. Vaxt vardı ki, ölkəmizdə beynəlxalq
miqyaslı tədbirlərin, toplantıların keçirilməsi
bizə çox uzaq görünürdü. Ancaq son illər
Azərbaycan təmsilçiləri beynəlxalq tədbirlərdə
iştirak üçün yalnız xarici ölkələrə
üz tutmur. Bu gün Azərbaycan saysız-hesabsız mədəni,
humanitar, iqtisadi-sosial, siyasi, elmi və sair beynəlxalq tədbirlərin
keçirildiyi məkan statusu qazanıb. Sevindirici haldır ki,
dünyanın nüfuzlu, sayılıb-seçilən beynəlxalq
tədbir və toplantılarına başqa dövlətlərlə
bərabər Azərbaycan da ev sahibliyi edir. Artıq dünyada
günü-gündən nüfuzu artan Azərbaycan dövləti
ev sahibliyi etdiyi tədbirlərin keçirilməsini çox
yüksək səviyyədə təmin edir. Respublikamız
bu tədbirləri dövlət maraqlarımıza uyğun
şəkildə təşkil edir. Bu toplantılarda Azərbaycanın
dövlət maraqlarının qorunması, yüksəklərdə
tutulması əsas hal kimi götürülür.
Hər il Bakıda və digər
şəhərlərimizdə davamlı olaraq müxtəlif
mövzularda beynəlxalq tədbirlər keçirilir. Həmin
tədbirlərdə iştirak edən qonaqlar Azərbaycan
dövlətinin inkişafından danışır, ölkəmizdə
həyata keçirilən sosial-iqtisadi siyasəti təqdir
edir. Sözsüz ki, Dağlıq Qarabağ məsələsi
də qonaqlarımızın ən həssas
yanaşdığı mövzulardan biri kimi diqqəti çəkir.
2013-cü ilin
başlanğıcından başlayaraq indiyə qədər
Azərbaycan bir sıra nüfuzlu beynəlxalq, uluslararası
toplantılara ev sahibliyi edib, indi də etməkdədir. Beynəlxalq
tədbirlərlə zəngin olan aylardan biri apreldir ki, yeni
başlamasına baxmayaraq, artıq bir neçə beynəlxalq
tədbirə şahidlik etməyə hazırlaşır.
Ölkədə bir neçə beynəlxalq
toplantının bu ay keçiriləcəyi artıq rəsmən
elan edilib.
Ekspertlər bildirir ki,
respublikamızda bütün cəhətlərinə görə
uluslararası tədbirlər keçirilməsi
üçün şərait var. Bu tədbirlərin sülh,
mənəvi-siyasi bağlılıq üzərində
qurulduğunu deyən siyasətçilər hesab edir ki, bu
toplantılar Azərbaycanın dövlət maraqları ilə
uzlaşmalıdır, uzlaşır da.
Bayaq dedik ki, aprel ayı Azərbaycanda
təşkil edilən beynəlxalq tədbirlər,
toplantılar ayıdır. Mətbuatdan bilirik ki, aprelin 7-8-də
Bakıda "Cənubi Qafqazın və Mərkəzi
Asiyanın gələcəyi ilə bağlı strateji
dialoq" mövzusunda Dünya İqtisadi Forumu (Davos Forumu)
keçiriləcək. Çoxlarınıza məlumdur ki,
1971-ci ildən keçirilən Davos Ümumdünya
İqtisadi Forumu iqtisadi mövzularda müzakirələr
üçün dünyanın əsas meydanlarından biridir.
Forumda nəhəng şirkətlərin rəhbərləri,
dövlət və hökumət başçıları
iştirak edir.
Aprelin 7-8-də Bakıda
keçiriləcək "Cənubi Qafqazın və Mərkəzi
Asiyanın gələcəyi ilə bağlı strateji
dialoq" mövzusunda Dünya İqtisadi Forumunun (Davos Forumu)
işə başlamasına bir neçə gün qalıb.
Qeyd edək ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev təxminən
iki həftə əvvəl
çıxışlarının birində respublikamızda
keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətinə
də toxunub. Dövlətimizin başçısı
vurğulayıb ki, günü-gündən inkişaf edən
Azərbaycan dövləti uluslararası toplantılara ev
sahibliyi etməkdə maraqlıdır: "...Bakı bu
gün dünyanın ən gözəl şəhərlərindən
biridir. Eyni zamanda, mötəbər beynəlxalq tədbirlər
də Bakıda indi mütəmadi qaydada keçirilir. Hər
həftə, demək olar ki, beynəlxalq konfrans, hansısa tədbir,
yaxud da idman yarışı keçirilir. Ötən il
"Evrovision" mahnı müsabiqəsi böyük
uğurla keçirilib. Bu il Davos İqtisadi Forumunun Bakıda
keçirilməsi gözlənilir. Bu da ölkəmizə və
şəhərimizə göstərilən böyük
etimaddır. Əlbəttə, biz hamımız 2015-ci ildə
keçiriləcək Birinci Avropa Oyunlarına
hazırlaşırıq. Hazırlıq işləri
başlayıb və dünya tarixində ilk Avropa Oyunları
Azərbaycanda keçiriləcək. Bunun da çox
böyük rəmzi mənası var.
Bir sözlə, hər bir vətəndaş
yaşadığı yerdə öz səylərini göstərməlidir
ki, ölkəmiz daha da inkişaf etsin, çiçəklənsin,
insanlar daha da yaxşı yaşasınlar, Azərbaycan
uğurla irəliyə getsin. Mən əminəm ki, bundan
sonra da bizim inkişaf yolumuz həmişə açıq
olacaq. Azərbaycan inkişaf və tərəqqi yolu ilə
uğurla gedir. Əminəm ki, bundan sonra da uğurla gedəcək".
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Azərbaycanın dövlət
maraqlarının qorunması, müdafiəsi istiqamətində
dilə gətirdiyi fikirlər ictimaiyyətin də ürəyincə
olan məqamlardır.
Sumqayıt şəhərində
fəaliyyət göstərən şirkətlərdən
birində iqtisadçı işləyən Şahin
Allahverdiyev bizimlə söhbətində bildirdi ki, müstəqil
Azərbaycan Respublikasının belə nüfuzlu bir iqtisadi
foruma ev sahibliyi etməsi dünyada müsbət
qarşılanır: "Forumun proqramı ilə
tanışam. Bu proqramın zənginliyi bu mötəbər
tədbirdə müasir dövrümüz üçün
olduqca əhəmiyyətli məsələlərin müzakirə
olunacağını deməyə əsas verir. Özü də
ki, bu tədbirdə Azərbaycanın dövlət
maraqlarının müdafiəsinə yönəlik
addımların atılacağını da güman edirəm.
Tədbirin "Cənubi Qafqaz və Mərkəzi Asiya
regionlarının gələcəyinə baxışlar"
mövzusunda keçiriləcək birinci sessiyasında həmin
regionların iqtisadi imkanları, nəqliyyat infrastrukturu, əlverişli
investisiya mühiti kimi məsələlər müzakirə
ediləcək. Bildiyim qədər "Enerji və təbii
resurslar: imkanlar və çağırışlar"
mövzusunda sessiyada Cənubi Qafqaz və Mərkəzi Asiya
regionlarının təbii resursları, dünya ölkələrinin
enerji ehtiyatlarına artan tələbatının təmin
edilməsində həmin regionların rolu ilə bağlı
fikir mübadilələri aparılacaq. Forumun daha bir
sessiyası "Sahibkarlıq və insan kapitalı: imkanlar və
çağırışlar" mövzusuna həsr olunacaq.
Bu sessiyada region ölkələrində həyata keçirilən
uğurlu islahatlar nəticəsində iqtisadiyyatın dinamik
inkişafı, özəl sahibkarlıq üçün
yaradılmış əlverişli şəraitlə
bağlı məsələlərə dair müzakirələr
aparılacaq. "Maliyyə və uzunmüddətli investisiya:
imkanlar və çağırışlar" mövzusunda
sessiyada isə Cənubi Qafqaz və Mərkəzi Asiya
regionları ölkələrinə son illərdə qoyulan
investisiyaların həcminin artması diqqət mərkəzində
olacaq. Tədbirin "Ticarət və təchizat şəbəkələri:
imkanlar və çağırışlar" mövzusunda
sessiyasında Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının
Şərq və Qərb, Şimal və Cənub arasında əlverişli
coğrafi mövqedə yerləşməsinin
üstünlüklərindən danışılacaq".
Ekspert dedi ki, Forumun digər
maraqlı bir sessiyası da "Azərbaycanın gələcəyinə
baxış: yeni iqtisadiyyata doğru" mövzusunda olacaq.
Onun sözlərinə görə, bu sessiyada Azərbaycanın
getdikcə artan iqtisadi imkanları, Avropanın enerji təhlükəsizliyinin
təminində rolu, ölkədə yaradılmış əlverişli
investisiya mühiti, enerji sahəsi ilə yanaşı,
qeyri-neft sektoruna, xüsusilə də innovativ texnologiyalara
qoyulan investisiyalar və s. məsələlər müzakirə
mövzusu olacaq. O həmçinin qeyd etdi ki, "Enerji və
təbii resurslar: gələcəyə yol",
"Sahibkarlıq və insan kapitalı: gələcəyə
yol", "Maliyyə və uzunmüddətli investisiya: gələcəyə
yol" adlı sessiyalarda da qeyd edilən sahələrdə
perspektiv imkanlarla bağlı müzakirələr
aparılacaq: "Bilirsiz, bu tədbirin əhəmiyyətindən
bütün dünyaya pay düşəcək. "Cənubi
Qafqazın və Mərkəzi Asiyanın gələcəyi
ilə bağlı strateji dialoq" mövzusunda Bakıda
keçiriləcək Forum gələcəklə
bağlı perspektivlərin müəyyənləşdirilməsi
baxımından region üçün çox gözəl
imkan yaradacaq. Forum regional və qlobal oyunçulara regionun gələcəyi
ilə bağlı əsas çağırışları
və imkanları dəyərləndirmək üçün
mühüm platforma olacaq, Cənubi Qafqaz və Mərkəzi
Asiya regionunda əməkdaşlığın və
inteqrasiyanın inkişafına töhfə verəcək. Onu
da xatırladım ki, Dünya İqtisadi Forumunun Bakıda
keçirilməsi barədə ümumi razılıq
yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun
icraçı sədri Klaus Şvab ilə
görüşündə əldə edilib. Azərbaycanın
xeyrinə olan bu Forum dövlətimizin, xalqımızın
tarixinə yazılan bir işıqlı hadisədir".
Məlumat üçün bildirək
ki, Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov
"ATV xəbər"ə açıqlamasında beynəlxalq
tədbirin Azərbaycanda keçirilməsinin əhəmiyyətindən
danışıb. O bu tədbirin həm Azərbaycanın
dövlət maraqları ilə üst-üstə
düşdüyünü, həm də bütün bölgə
üçün əhəmiyyətini irəli sürüb:
"Qeyd etmək istərdim ki, 2013-cü il seçki ili olsa
da, Azərbaycanda baş verəcək mühüm hadisələr
həddindən artıq çoxdur. Bu aydan başlayaraq
aprel-may-iyun və ondan sonrakı aylarda hər ay bir neçə
beynəlxalq əhəmiyyətli tədbirlər keçiriləcək.
Onlardan biri də aprel ayının birinci ongünlüyündə
keçiriləcək Azərbaycan ilə Dünya İqtisadi
Forumunun birlikdə təşkil etdiyi Cənubi Qafqaz və Orta
Asiya regionları ilə bağlı bir
qarşılıqlı dialoq tədbiri olacaq. Bu ümumiyyətlə
son illərdə Azərbaycanın beynəlxalq aləmdə
qazandığı uğurun bir nümunəsidir. Bilirsiniz ki,
Azərbaycan Dünya İqtisadi Forumu ilə, Davos İqtisadi
Forumu ilə çox sıx əməkdaşlıq edir və
bu əməkdaşlıq da öz meyvələrini verməkdədir.
Bu təklif əslində Dünya
İqtisadi Forumunun rəhbərliyindən gəlmişdi ki, Azərbaycan
bu tədbirin keçirilməsi üçün çox
münasib yerdir - həm siyasi, həm iqtisadi, həm coğrafi
parametrlərinə görə məhz belə bir tədbirin
Azərbaycanda keçirilməsi çox yaxşı olar. Bu
isə elə bir tərəfdən Dünya İqtisadi Forumu tərəfindən
Azərbaycanın imicinə, yerinə, əhəmiyyətinə
verilən yüksək qiymətdir.
Düşünürəm ki, bu tədbir
çox yüksək səviyyədə keçiriləcək
və iki - Cənubi Qafqaz və Orta Asiya regionunun gələcəyi,
investisiya qoyuluşu, qarşılıqlı inteqrasiya və
birgə layihələrin həyata keçirilməsi
baxımından bu çox mühüm bir tədbir olacaq. Azərbaycan
son illərdə belə mühüm tədbirlərin
keçirilməsinə alışıb.
Düşünürəm ki, bu nə sonudur, nə də əvvəli,
elə belə də davam edəcək".
Beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə maraqlı olan Azərbaycan dövləti bu toplantıların yüksək səviyyədə keçirilməsinə böyük şərait yaradır. Azərbaycanın dövlət maraqlarına uyğun şəkildə həyata keçirilən bu tədbirlər ölkəmizin dünyadakı nüfuzunu günü-gündən daha da sarsılmaz edir. Uğurlar!
İradə
SARIYEVA
Bakı
Xəbər.-2013.-3 aprel.-S.15.