Qaraca qız”dakı Xədicə 47 il sonra

 

Qaraca qız” filmində bəy qızı Xədicə roluna çəkilən Leyli Axundova taleyi uğurlu insanlardandır. Leyli xanımın çəkildiyi, ekran ömrünün ilk günündən milyonların rəğbətini qazananQaraca qız”ın  47  yaşı var. Təbii ki, bu illər ərzində çox şey dəyişib. Dəyişməyən təkcə 47  il öncə Ağca xanımın – Leylinin o uşaq səmimiliyi və filmə olan maraqdır.  Leyli xanım həmin illərin  xatirələrini “New Baku Postla  bölüşüb:

– Hazırda nə işlə məşğulsunuz?

– 11 ildir ki, Bakı Xoreoqrafiya Məktəbində fortepianodan dərs deyirəm. İki övladım və iki nəvəm var. Bakıda ziyalı ailəsində dünyaya gəlmişəm. Ailənin yeganə övladı olmuşam. Atam İsmət Axundov tanınmış rəssam, anam Ləman xanım ixtisasca kimyaçı olsa da, işləməyib. Bakıdakı 134 nömrəli və 6 saylı musiqi məktəbində  təhsil almışam. A.Zeynallı adına Musiqi Məktəbinin fortepiano sinfini bitirmişəm. Ailə həyatı qurduqdan sonra Moskvada Xalq İncəsənət Universitetinin rəssamlıq fakültəsini də bitirmişəm. Həyat yoldaşım orada aspiranturada təhsil alırdı. Bakıdakı 23 nömrəli musiqi məktəbində dərs demişəm.

– Necə oldu ki, “Qaraca qız” filminə çəkildiniz?

Bu film Şamaxının Çuxuryurd kəndində çəkilib. Ssenari müəllifi və quruluşçu rejissoru Şamil Mahmudbəyov, rejissoru isə Arif Nərimanbəyov olub. 9 yaşım var idi. İkinci sinifdə oxuyurdum. Bir gün dərsdən sonra valideynlərim məni sahil bağına gəzməyə aparmışdı.  Bir kişi atama yaxınlaşıb dedi ki, bizQaraca qız” adlı film çəkirik. Qızınız oradakı Xədicə obrazına çox uyğun gəlir. Atam mənim filmə çəkilməyimə tərəddüd etdiyindən o, atamın harada işlədiyi ilə maraqlandı və kibrit çöpünü yandıraraq  kibrit qutusunun üstünə ev telefonumuzun nömrəsini yazdı. Sən demə, həmin adamQaraca qız” filminin quruluşçu rejissoru Ş.Mahmudbəyovun köməkçisi Rəşid müəllim imiş. Aradan bir neçə gün keçdi. Təsadüfən televizorda belə bir elan eşitdik: “Qaraca qız” filmində Xədicə roluna çəkilmək üçün seçilmiş qızın ev telefonu yazılan kağız itdiyi üçün valideynlərindən kinostudiyaya gəlməsini xahiş edirik». Atam bu elana əhəmiyyət vermədi. Ailəmiz  Kislovodska istirahətə getdi. Bir müddət sonra rəhmətlik dayım Ramiz bizə teleqram göndərdi: “Çox xahiş etdilər ki, Leylinigötürüb Bakıya dönəsiz...”. Sən demə, rejissor köməkçisi kibrit qutusunu itirsə də, yaddaşının köməyi ilə atamın ünvanını əldə edibmiş. Atama Mədəniyyət Nazirliyi adından məktub göndərilmişdi ki, artıq çəkilişlər başlanıb, qız mütləq filmə çəkilməlidir. Beləliklə, istirahətimizi yarımçıq qoyub Bakıya qayıtdıq. Atam qəlbən istəməsə də, məni kinostudiyaya apardı. Şamil müəllim məni görən kimi dedi ki, bax, bu əsl Xədicədir! Bir həftə sonra biz Çuxuryurda getdik. Burada düz 18 gün məşq etdik. Çəkilişə Moskvadan konsertmeyster Yelena Aleksandrovna və “Rome“” teatrının aktyorları dəvət olunmuşdu. Onlar əsl qaraçı idi. Hər gün 3 saat Y.Aleksandrovna bizə rəqs  öyrədirdi. Sevil məndən daha yaxşı rəqs edirdi. Oradakı ayı və ilan da Moskvadan gətirilmişdi.

– Elə filmdə ən maraqlı səhnələrdən biri  Xədicəni ilan vurmasıdır…

– Çəkilişlər zamanı valideynlərim yanımda olurdu. O səhnənin çəkilişi vaxtı rejissor onları bir bəhanə ilə meydançadan uzaqlaşdırdı. Təbii ki, anam bilsəydi, razı olmayacaqdı. İki ilanı mənə göstərəndə qorxdum. Hərə əlində lapatka, dəmir durmuşdu yanımda. İlanı yubkamın içərisindən ayağımın altına sürüşdürdülər. Amma kadr Şamil müəllimin xoşuna gəlmədi. Səhnəni yenidən çəkmək qərarına gəldilər. Yenidən çəkilişə başlayanda gördük ki, qutunun ağzı yaxşı bağlanmadığından ilan yoxa çıxıb. Buna görə də çəkiliş olmadı. Rejissor bərk hirslənmişdi, mənim isə sevincimin həddi-hüdudu yox idi. İlanın itməsinə görə rejissor zooparka 200 rubl cərimə ödədi. Mən həqiqətən ilandan qorxmuşdum. Üç gün qızdırma içində yatdım. Anam isə aldadıldığına görə möhkəm hirslənmişdi. Rejissor isə məcbur olub əvvəlcə çəkdiyi kadrlardan istifadə etdi…Üzərimdəki bütün qızıl, gümüş əşyalar muzeydən götürülmüşdü,  geyimlər tikilmişdi..

Qaraca qızın ölüm səhnəsi çəkiləndə Xədicəni necə ağlatdılar?

– Mən həqiqətən ağlayırdım. Özü də ürəkdən! Anam bilirdi ki, məni ağlatmaq asan olmayacaq. Qərara gəldilər ki, Qaraca qızıTutunu gizlədib mənə göstərməsinlər. Soruşdum, xəstədir dedilər. Bir gün isə əlimdən tutub bir təpənin üstünə gətirdilər. Piri baba çox qəmgin halda bir qəbrin yanında əyləşib dərin fikrə dalmışdı. Mənə dedilər ki, bax, bu Qaraca qızın qəbridir, o, ölüb. Başladım ağlamağa. Piri baba da, rejissor da, operator da ağlayırdı. Çəkiliş qrupu məni sakitləşdirə bilmirdi. Sən demə, biz ora gəldiyimiz andan çəkiliş gedirmiş. Çəkiliş başa çatandan sonra Tutunu mənə göstərdilər ağlama, o sağdır, biz kino təbii alınsın deyə, belə etmişikdedilər.

Sevillə indi əlaqə saxlayırsınızmı?

Əvvəllər tez-tez əlaqə saxlayırdıq. Övladlarımız eyni vaxtda dünyaya gəlib.  Sevil indi Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində çalışır.

– “Qaraca qızfilmində Xədicə rolunun həyatınızda kimi müsbət rolu oldu?

Rəfiqələrimin sayı artırdı. Hamı mənimlə yaxınlıq etmək istəyirdi. Bir gün eşitdim ki, bizim 134 saylı məktəbin oğlanları ilə 132 saylı məktəbin oğlanları dalaşır. Məlum oldu ki, dava mənə görə imiş. Əlbəttə, paxıllıq edənlər vardı. Heç vaxt bu filmə sakit baxa bilmirəm, hər dəfə ağlayıram. Uşaqlığım üçün çox darıxıram.

Sonradan filmlərə dəvət oldumu?

Bəli, Moskva, Kiyev Odessadan çox təkliflər gəlirdi. Lakin atam icazə vermirdi. Amma özü hər dəfəQaraca qız”a baxanda fərəhlənirdi. Ailə həyatı qurandan sonra daNizamifilminə dəvət etdilər, onda da həyat yoldaşım qoymadı. Bəlkə aktrisa olsaydım, həyatda daha çox uğur qazana bilərdim.

 

 

Ümidə Həsənli

 

Baku Post.-2013.-3 aprel.-S.10.