Yaxşını görmək
bacarığı
Pedaqoq,
professor, mətbuat tədqiqatçısı Şirməmməd
Hüseynov bugünkü mətbuatı cəmiyyətə bənzədir.
Ömrünü Bakı
Dövlət Universitetinin yetişən jurnalist nəsli
arasında keçirən qocaman tədqiqatçı ölkədə
mövcud jurnalist məktəbindən o qədər də
razı deyil. “New Baku Post”a müsahibəsində o belə
deyib:
– “New Baku Post” qəzetinin
işıq üzü görməsindən 1 il ötür.
Son 1 ildə Azərbaycan mətbuatında
hansı dəyişikliklər var?
– Azərbaycan
mətbuatında müsbət və mənfi axtarmaq çətin
əhvalatdır. Çünki cəmiyyət necədirsə,
mətbuat da elədir. Mətbuatın xarakteri cəmiyyətin
xarakterinə bənzəyir.
Azərbaycanda 1 il ərzində
iqtisadi, beynəlxalq nüfuz qazanmaq cəhətdən
böyük işlər görülüb. Bilirsiniz ki,
Avropada, dünyanın bir çox ölkələrində
iqtisadi böhran var. Amma bizdə iqtisadi, mədəni
inkişaf tempi yüksəkdir. Bu hamımızı sevindirir.
Mətbuatın bu işdə rolu az deyil. Cəmiyyətdə
hansı siyasi qüvvələr varsa, onların da mətbuatı
var. Bunların da respublikada cərəyan edən hadisələrə münasibəti
müxtəlifdir. Bu, demokratiyanın tələbidir.
Bizim üçün əsas məsələ
budur ki, müstəqil dövlətimiz var, bu dövlət
yaşayır, inkişaf edir, beynəlxalq nüfuzu artır, hətta
193 dövlət içərisində BMT-nin Təhlükəsizlik
Şurasına müəyyən
müddətdə başçılıq edir. Bununla fəxr eləmək
lazımdır.
Vaxtilə Məhəmməd Əmin
Rəsulzadə yazırdı: “Azərbaycanın çox
böyük keçmişi var”. İndi biz deyə bilərik
ki, bu böyük keçmişlə parlaq gələcək
arasındakı keçid dövründə çətinliklərin olması təbiidir.
Amma bilmək lazımdır ki, bu millətin həm də
parlaq gələcəyi var. İndi o gələcəyi
görmək və reallaşdırmaq məsələsi var.
Hesab edirəm ki, jurnalistlərin, mətbuatın,
hər birimizin əsas məqsədi və qayəsi o parlaq gələcəyi
yaxınlaşdırmaqdır.
– İnternet jurnalistikasının
məkanı genişləndikcə qəzet jurnalistikası
haqqında bədbin fikirlər çoxalır.
Reallığı necə qiymətləndirirsiniz? Fikirlər
təsdiqini tapır, yoxsa yox?
–
Dünyanın ən yüksək inkişaf etmiş ölkəsi
Yaponiyadır. Ginnesin Rekordlar kitabına düşən,
dünyanın ən çox tirajlı qəzeti də
Yaponiyanın “İamori sinbun” qəzetidir. Tirajı 14 milyondur.
5 milyonu səhər, 5 milyonu günorta, 4 milyonu axşam
çıxır. İnternet və elektron mətbuat qəzeti
sıxışdırır məsələsi düzgün
yanaşma deyil.
Avropanın ən inkişaf etmiş
ölkələrində, əhalisi bizdən 2 dəfə az
olan yerlərdə gündəlik
qəzetlər 100 000
tirajla çıxır. Amma bizdə ən çox
tirajlı qəzet “New Baku Post” qəzetidir ki, 20 000 tirajla
çıxır.
Sizin
qəzet respublika mətbuatı içərisində
birinciliyi əldə saxlayıb. Bu təsadüfdür?
“New
Baku Post” qəzeti analoqu olmayan mətbuat orqanıdır.
İllüstrasiyalı, rəngli qəzet satılmır və
oxuculara pulsuz paylanılır. Azərbaycanda belə bir təsisçi
və jurnalist kollektivi varsa, bu təqdirəlayiqdir.
Bu gün qəzetlərin əksəriyyəti
kommersiya xarakterlidir, ona görə də maarifçiliyə,
dürüstlüyə, dövlətçiliyə, həqiqətə
xidmət edən qəzetə ehtiyac böyükdür.
– Azərbaycan jurnalist məktəbi sizi qane edirmi?
– Biz hamımız, yaşlı
jurnalistlər sovet məktəbi keçmişik.
Nə qədər çalışsaq
da, sözün geniş mənasında demokratik mətbuata, dünyagörüşünə keçmək işi o qədər də asan deyil. Ona görə də müstəqillik dövrü
öz jurnalistikasını
yetişdirməlidir. Bu
10 ilin, 50 ilin işi deyil. Bunu başa düşmək lazımdır. Gələcəyin jurnalistikası indidən yetişdirilməlidir.
XX əsrin əvvəllərində
Azərbaycanda bir ali məktəb
belə yox idi. Amma jurnalistika ilə
məşğul olanların
savadı yüksək
idi. Həsən bəy Zərdabi
Moskva universitetini bitirmişdi. Məhəmməd ağa Şahtaxtinski Almaniyada Leypsiq universitetini bitirmişdi.
Hərəsi 6-7 dil bilirdi. Əhməd bəy Ağayev Parisin Sarbonna universitetində
təhsil almışdı
və 9 dil bilirdi. Ən əsası yazmağı
bilirdilər. Əlibəy
Hüseynzadə, Üzeyir
Hacıbəyov, Əlimərdanbəy
Topçubaşov dünya
səviyyəsində olan
insanlar idi.
XX əsrin əvvəllərində
yazarlar, publisistlər Şərq
mədəniyyətini, islam
mədəniyyətini bilirdilər,
sonra Avropanı öyrənirdilər. İndiki
ziyalılar, jurnalistlər
Şərq jurnalistika
tarixini, fəlsəfəsini,
mədəniyyətini bilmirlər,
Qərbə də hələ sözün
həqiqi mənasında
yiyələnməyiblər. Bu məsələlərə fikir vermək lazımdır.
4-cü hakimiyyət özündən
əvvəlki 3 hakimiyyət
üzərində nəzarətçidir
və günün tələbini yazandır,
ictimai fəaliyyəti
həyata keçirəndir.
Nöqsanları görmək üçün
mətbuat nümayəndəsinin
dünyagörüşü, savadı olmalıdır.
– Arxada qoyduğumuz il ictimai-siyasi proseslərlə
dolu olsa da, qarşıda daha əhəmiyyətli, vacib hadisələr, kampaniyalar bizi gözləyir. Onların işıqlandırılmasında daha
çox nəyi vacib sayıb, diqqəti artırmaq lazımdır?
– Jurnalistlərin tarixçilərlə
ortaq vəzifələri
də var. Tarixçilər
10 illiklərin, 100 illiklərin
tarixini yazır. Jurnalistlər hər günün
tarixini. Ölkəmizdə inkişafın müsbət
meyillərini görmək
lazımdır, yaxşını
görmək pisi görməkdən çətindir.
Təmiz, gözəl paltarın
içərisində qara
ləkəni görmək
asandır.
Mən arzu edirəm
ki, mətbuat yaxşını görsün.
İlk növbədə yaxşını
təbliğ etməyi
bacarsın. Nöqsanları da tənqid etsin ki, onlar
da aradan qalxsın. Jurnalistlər bu məsləkə
qulluq etməlidir.
– “New Baku Post” qəzetinin 1 illik fəaliyyətini necə qiymətləndirirsiniz?
– Bu gün “New Baku Post”un 1 yaşı tamam olur. Düz
107 il əvvəl aprelin 7-si “Molla Nəsrəddin” jurnalı işıq
üzü görüb.
130 il əvvəl
aprelin 10-u Baxçasarayda
“Tərcüman” qəzetinin
ilk sayı çap olunub. Yəni 1 yaşlı qəzetə
107, 130 ildən sonra veriləcək qiyməti qəzet kollektivi indidən fikirləşməlidir.
Elə qəzet çıxartmaq lazımdır ki, o bizim tariximizlə ayaqlaşsın.
Tariximizi öyrənənlərə yardım eləsin.
“New Baku Post”un 10-15-20 illiyi qeyd olunsun, mətbuatda layiqli yer tutsun. İnanıram olacaq. “New Baku Post”a istedadlı, qabiliyyətli, vətənini sevən, qeyrətli insanlar toplaşıb. 75 nömrə çıxıb. 1 yaşında olduğundan ondan çox şeyi tələb etmək də olmaz. Yaşayarıq görərik!
Yaqut Tapdıqqızı
Baku Post.-2013.-6 aprel.-S.5.