“Yuxularım süjet xətti olub”

 

Azərbaycan Yazıçılar Birliyinin katibi, PEN klubun vitse-prezidenti, hüquq elmləri doktoru, “Şöhrət” ordenli Çingiz Abdullayevin 54 yaşı tamam olur. Ç.Abdullayev Polşanın Krakov Universitetinin fəxri professoru, H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri və Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan Milli Akademiyanın doktorudur. Onun əsərləri Almaniya, İrlandiya, Fransa və Rusiyada kütləvi tirajla buraxılıb, 20 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılıb. Ç.Abdullayev dünyada siyasi detektiv janrında ən yaxşı yazan müasir yazıçılardan biri kimi tanınır:

– Adətən 50 yaşa qədər zirvə, 50-dən sonra eniş deyirlər. Necə hesab edirsiz, 50 ildə özünüzü görmək istədiyiniz zirvəyə çata bildinizmi?

– Deyirlər, 50 yaşadək insan ad qazanır, 50 yaşdan sonra ad ona işləyir. Təsəvvür edə bilməzdim ki, belə cavan – 53-54 yaşımda Xalq Yazıçısı olaram,  dünyada bu qədər kitabım satılar, əsərlərim 29 dilə tərcümə edilər. Təbii ki, cavanlıqda  istəyirdim ki, kitablarım çıxsın, sevinərdim ki, 3-4-5 dilə tərcümə olunsun. Amma bilməzdim ki, müxtəlif dillərdə 2 mindən çox kitabım çıxacaq.  

– Həyatınızda unutmadığınız ən pis və ən yaxşı gün hansıdır?

– Yaxşı məqam övladlarımın dünyaya gəlməsidir. İlk dəfə ata olanda qızım dünyaya gəldi, ikinci dəfə oğlum olanda da sevinirdim. Biz azərbaycanlılar hər zaman oğul istəyirik, sonra qız olanda sevinir ki, Allah bizə nə böyük xoşbəxtlik verib. Valideynlərimin dünyasını dəyişməsi çətin günlərim olub.   Düzdür, anam 87, atam 81  yaşında vəfat etdi, lakin istərdim ki, 100 il yaşasınlar.  Allaha min dəfə dua edirəm və xoşbəxt insanam ki, 50 yaşımadək atam-anamla yaşamışam.  Bu hər adama nəsib olmur.

– Ürəyinizdəki bütün sözləri deyə bilmisinizmi?

– Bəli. Bu mənim ən böyük xoşbəxtliyimdir ki, heç vaxt ürəyimdə söz saxlamamışam. Nə istəmişəm, demişəm. 170 roman yazmışam, hələ 170-ni də yaza bilərəm və yazacağam da.

– Dronqo məşhurdur, yoxsa Çingiz Abdullayev?

– Onu oxucular bilməlidir. Dronqo da məşhurdur, Çingiz Abdullayev də. Hərdən Dronqonun məşhurluğuna qısqanıram. Dronqo qadınların daha çox xoşuna gəlir, nəinki Çingiz Abdullayev. Onun həyat yoldaşı İtaliyadadır, mənimki burada. Anam kitablarımı oxuyanda dedi ki, - “ay Çingiz, doğrusunu de, İtaliyada bir xanımın yoxdur ki?”. Cavab verdim ki, “ay ana, sən də inanırsan buna?”. Dedi, elə yazmısan ki, adam inanır.

– Bir çox oxucularınız özünü sizin hər hansı qəhrəmanınıza bənzədir, bəs sizin həyatda bənzəmək istədiyiniz insan varmı?

– Hər zaman atama   otağımda portreti olan yazıçı –Ernest Heminqueyə oxşamaq istəmişəm. Atamla dost idik. Amma təəssüf ki, şəxsən Heminqueyni tanımadım.  Onunla danışmaq, ünsiyyətdə olmaq istəyərdim. Əsərlərimdəki qəhrəmanlardan isə təbii ki, Dronqoya bənzəyirəm. 

– Əsərlərinizin mövzu qaynağı hardandır?

– Həyatdan və yuxulardan. 30-40 ildən çoxdur ki,  yarım saat da yatanda yuxu görürəm. Bir çox kitablarımda yuxularım süjet xətti olub. “Məhkumlar” filminin əsasını təşkil edən əsərdə özüm də orada olmuşam və yuxuda görmüşəm. Düşünürdüm ki, gör necə faciəvi həyat yaşayırlar, bunu mütləq işləyəcəm. Necə yaşamaq insandan asılıdır. Ağlımız kəsəndən başa düşürük ki, ömür azalır və gec-tez bu dünyadan gedəcəyik. Amma  80 yaşımız olsa da,  fikirləşirik ki, hələ bir az da vaxt var. Ancaq orada yaşayanlar əlləri, ayaqları, bədənlərində görürlər ki, vaxt necə az qalır, 3-5 ay, bir il. Türmədə yaşamaq daha rahatdır, nəinki həyatda. Çünki orada özün başa düşürsən ki, gedirsən və bunu heç nə saxlaya bilməz. Bu faciəni yazdım. O insanları, hətta yuxuda da görmək çox çətindir. Orada olanda və sonra yazanda da mən o ağrını hiss edirdim. Çox yorğun olanda yuxu görmürəm.  

– Ən çox sevdiyiniz yazıçı kimdir?

– Hemenqueydən başqa Ray Bradbury, onu şəxsən tanıyırdım.  30 yaşım olanda onun 70 yaşı vardı. San-Fransiskoda  gördüm, çox istəyirdim ona yaxınlaşım, amma utandım. Ona görə də ondan sonra mən hamıya avtoqraf verirəm, heç kimə imtina etmirəm. Özüm ki, bunları yaşamışam, ona görə. O, 92 yaşında dünyasını dəyişdi. Remark, Azik Azimov da sevimli yazıçılarımdır. Şekspiri çox sevirəm. Mənim üçün dünyada ən böyük dahi odur.  Çünki  onun hər bir sətri fəlsəfəylə doludur. 

– Azərbaycanda bir çox məşhur ədiblərin övladları da bu peşəni davam etdirir. Niyə övladlarınız yazıçı olmadı?

– Allah göstərməsin ki, övladlarım yazıçı olsun. Bəyəm, mütləq  prokurorun oğlu prokuror, həkimin oğlu həkim, yazıçının oğlu yazıçı olmalıdır?  Mən hesab edirəm ki, bu düz deyil, uşaqlar peşəni özləri seçməlidir. Baxmayaraq ki, övladlarım mənim peşəmi seçiblər. Amma mən başa düşürəm ki, yazıçılıq nə deməkdir. Ümumiyyətlə,  yaradıcılıqla məşğul olan insanlar bilməlidir ki, peşələri  ilə övladlarını dolandıra biləcəklərmi? Əgər dolandıra bilməyəcəksənsə, niyə bəstəkar, rəssam, yazıçı olursan? Anlayıram ki, istedaddan çox şey asılıdır, 99 faiz isə zəhmət və zülmdür. Hesab etmirəm ki, hamıdan üstünəm, hamıdan yaxşı yazıram. Amma bilirəm ki, Azərbaycanda yeganə yazıçıyam ki, xaricdən qonorar  alıram. Belə yazıçı yoxdur. Ancaq kimsə zəmanət vermir ki, uşaqlarım da belə olacaq.  Qızım rəssamdır. Minillik Azərbaycan rəssamlıq məktəbi ensiklopediyası nəşr edilib və orada onun da iki sənət işi var. Danimarka,  İsveçrədən onun əsərlərini alırlar. Buna baxmayaraq,  o da hüquqşünas təhsili alıb və bu sahə üzrə işləyir.

– Əsərlərinizdə ən həyəcanlı məqamlarda hər zaman bir sevgi xətti var. Bu nədən irəli gəlir? Ağır səhnələrə nisbətən yüngül məqamlar gətirmək istəyidir, yoxsa sevginin gücünü göstərmək istəyidir?

– Bu həyatdır. Ən çətin məqamlarda, hətta müharibədə də sevgi insanlara yaşamağa kömək edir. Sevgi olmasa yaradıcılıqla məşğul olmaq mümkün deyil. Freyd buna “sublimasiya” deyirdi. Əgər yaradıcı insanın ürəyində sevgi olmasa yarada bilməz. Bəzi məşhurlar, məsələn, Çaykovski qadını yox, kişini sevib. Amma buna baxmayaraq, ürəyində sevgi hissi olub. Sevgi hissi  ürəyimdən çıxan gün mən yazıçı olmayacağam. Azərbaycanda Ç.Abdullayevin 3-4 fan klubu var, birində 7 mindən çox qız var. Təbii ki, buna sevinirəm. Bu ona görə deyil ki, əsas qəhrəmanlarım kişilərdir, qadın qəhrəmanlarım da var. 

– Ailə qurmaq üçün sevgi əsas şərtdir?

– Əsas şərt olmalıdır. Amma son zamanlar Azərbaycanda və xarici ölkələrdə də əsas şərt rasionallıqdır – atası harada işləyir, pulu varmı-yoxmu?  Deyirlər qoy narkoman olsun, axmaq olsun, amma ailəsi varlı olsun. Hər dəfə oxucularımla görüşəndə deyirəm ki, məhəbbət  əsas olmalıdır. Amma hərdən düşünürəm ki, bəlkə düz demirəm. İngilislər deyir ki, məhəbbət gedir, amma haq-hesab qalır. Ancaq buna baxmayaraq, əgər istəyirsinizsə bu dünyadan gedəndə nəsə peşmançılığınız olmasın, sevdiyiniz insanla ailə qurun.

– Siz sevib ailə qurmusunuz?

– Həyat yoldaşımla qonşu olmuşuq. Ondan 8 yaş yarım böyüyəm. 18 yaşı olanda görüşdük, 19 yaşında evləndik. Sevməsəydim, evlənməzdim. Qızım da 24 yaşında 4-5 ay bundan əvvəl sevib-seçib ailə qurub. Bütün məsələləri ata kimi mən həll edirdim, amma qızıma dedim ki, ona inanıram və kimi seçsə, razı olacağam. Oğlumun hələ 20 yaşı var.

– Qəzetimiz siqaret əleyhinə kampaniya keçirir. Siqaret çəkirsinizmi və bu kampaniyanı dəstəkləyirsinizmi?

Ömrümdə  siqaret çəkməmişəm. Bəlkə də məni məsuliyyətə cəlb edəcəklər, amma Hollandiyada marixuananın dadına baxmışam, çünki orada icazə verirlər. Atam, babam da siqaret çəkməyib. Oğlum da siqaret çəkmir. Siqaret çəkməyin qəti əleyhinəyəm. Ona görə ki, siqaret insanlara böyük zərər vurur,  xəstə salır, buna görə dünyasını dəyişənlər var. Sizin qəzetin kampaniyasını milyon faiz dəstəkləyirəm. 

 Yeri gəlmişkən, kollektivinizi “New Baku Post”un yaranmasının 1 illiyi münasibəti ilə ürəkdən təbrik edirəm. Qəzetinizi oxuyuram, izləyirəm.  Azərbaycan və rus dilində buraxılması tədqirəlayiqdir. Buna çox sevinirəm. Övladlarımız nə qədər çox xarici dil bilsə, o qədər yaxşıdır. Bu baxımdan, böyük bir iş görürsünüz. Qəzetin oxucu auditoriyasının geniş olması da vacib şərtdir. Ən əsası isə qəzetin əcnəbi ölkələrdəki kimi şəffaf salefonda təqdim edilməsini bəyənirəm. Jurnalistikanın çətin və keşməkeşli yollarında Sizə uğurlar arzulayıram. 

– Hansı yenilikləriniz var?

– Azərbaycanda keçirilən “Eurovision” müsabiqəsi haqqında əsərim bu yaxınlarda çap ediləcək.  Bir qadının dilindən nəql edilir.  Bir neçə nəfər oxuyub və zəng vurub deyir ki, bunu mən yox, qadın yazıb. Bildirirlər ki, bunu kişi yaza bilməz. Burada Azərbaycan qadınının necə ailə qurması, əri ilə necə münasibətdə olması, hansı kişilərlə görüşməsini təsvir etmişəm. Əsas süjet xətti isə “Eurovision”un keçirilməsinə mane olan qüvvələr üzərində qurulub. Xocalı faciəsinə həsr edilən sənədli filmin təqdimat mərasimində iştirak etmək üçün Parisə gedirəm. Filmi məşhur rejissor və operator  ərsəyə gətirib və  dünyada çox tanınmış ingilis kino şirkəti çəkib. Filmin prodüseri mənəm. Sevinirəm ki, Fransada da Xocalı faciəsi haqqında biləcəklər.

 

 

Ümidə Həsənli

 

Baku Post.-2013.-6 aprel.-S.9.