“Yeni nəfəs”lə
gələcəyə
Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan
Respublikası Kinematoqrafçılar İttifaqının
(ARKİ) təşkilatçılığı ilə “Yeni
Nəfəs” qısametrajlı filmlər üçün
ssenari müsabiqəsinin yekunları və qaliblərin təltif
olunması mərasimi
keçirilir. Müsabiqənin
informasiya dəstəkçilərindən biri də “New Baku Post” qəzetidir. Müsabiqənin
gedişatı və yekunları haqda
AKİ-nin katibi Cəmil Quliyev danışır:
– Müsabiqənin keçirilməsi ideyası necə yarandı?
–
Bu ideya AKİ-nin idarə heyətinin iclasında yaranıb. Keçən ilin sentyabr
ayında gənclərlə bağlı konfrans
keçirdik. İttifaqın
üzvü olan yaradıcı gəncləri topladıq və problemlərlə
bağlı daimi masa təşkil
etdik və orada belə bir fikir
səsləndi ki, əsas problemlərdən biri bu gün
yaxşı ssenarilərin olmamasıdır. Təklif verildi
ki, ssenari müsabiqəsi keçirilsin.
Layihə ilə bağlı Mədəniyyət
və Turizm Nazirliyinə müraciət etdik, Nazirlik bizi dəstəklədi.
Müsabiqə kinematoqrafiya sahəsində gənclərin
yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc
və istedadlı müəllifləri aşkara
çıxarmaq, həmçinin milli kinomuza yeni fikir, yeni nəfəs
gətirmək məqsədi ilə keçirilir. Müsabiqə həm də digər sahələrdə
çalışan gənclərə kinoda özlərini
sınamaq imkanı yaratmaq və bununla da mövcud rəqabəti
gücləndirmək məqsədi güdür:
– Azərbaycanda bir çox ssenari və
film müsabiqəsi keçirilib. Bu
müsabiqənin fərqi nədir?
– Əvvəla, yaşı 35-ə qədər olan bütün şəxslər müsabiqəyə istənilən janrda, bədii, sənədli və animasiya ssenariləri təqdim edə bilər. Əsərin hüquqları müəllifə məxsus olmalı, satılmamalı və çəkiliş prosesində olmamalıdır. Ssenari orijinal, yəni ekranlaşdırılmamış olmalıdır. Qısametrajlı film üçün nəzərdə tutulmuş ssenarilər müsabiqəyə 20 səhifədən çox olmamaq şərti ilə, üç nüsxədə təqdim olunmalıdır. Müəllif ssenari ilə birgə tərcümeyi-halını da təqdim etməlidir. Hər bir müəllif 3 ssenaridən artıq yazı təqdim edə bilməz. Müsabiqəyə təqdim edilmiş əsərlər geri qaytarılmır. Peşəkar münsiflər heyətini AKİ təyin edir.
Münsiflər heyəti məxfi seçim nəticəsində 4 ssenarini qiymətləndirməlidir.
– Müsabiqənin
şəffaflığına necə təminat verirsiniz?
– Bütün ssenarilər kodlarla verilib. Yəni ssenarilərin adları təqdim olunmayıb. Münsiflər heyətinə təzyiq və başqa məqamlar mümkün deyil. Çalışmışıq ki, müsabiqə şəffaf keçsin.
Münsiflər heyəti professional insanlardan
ibarətdir.
Məşhur kinodramaturq
Ramiz Fətəliyev, kinorejissor Ayaz Salayev, rejissor Yavər Rrazyev, kinodramaturq, yazıçı Natiq Rəsulzadə, gənc rejissor Yusif Quliyev, Xəyyam Abdullayev və kinoşünas Ülvi Mehdidən ibarət 7 nəfərlik münsif heyəti var.
Ssenarilər 10 ballıq sistemlə
qiymətləndirilir. Münsiflər heyəti həmçinin
müəlliflərin kimliyindən
xəbərsizdir, ancaq
ssenarilərin kodlarına
uyğun qiymətləndirmə
aparılır.
– Müsabiqəyə
neçə nəfər
qatılıb?
– Müsabiqə keçən
ilin noyabr ayında elan edilib. 31 dekabrda
ssenarilərin qəbulu
dayandırılıb. Bu qədər
ssenarinin təqdim ediləcəyini düşünmürdük.
Münsiflər yazıları iki aya oxuyub çatdıra
bilmədiyi üçün
45 gün də əlavə etdik. Müsabiqəyə 170-dən artıq
müəllif 250-dən artıq ssenari təqdim edib. Reqlamentin şərtlərinə cavab
verən 117 müəllifin
139 ssenarisi müsabiqəyə
daxil edilib.
– Sizi qane etməyən hansı məqamlar oldu?
– Hələ ki, belə bir şey
olmayıb. Əsas odur ki, münsiflərin işə
ciddi münasibəti var və bu
tədqirəlayiqdir. Mən ssenariləri oxumamışam,
ixtiyarım yoxdur.
Lakin marağın böyük
olduğunu görürəm. Bir neçə mətbuat orqanı tərəfindən
dəstək aldıq. Mütəmadi elanlar çıxdı,
şərtlər izah
olundu.
– Seçilən
ssenarilərin aqibəti
necə olacaq?
– İlk 3-lüyə təqdim olunacaq ssenariyə diplom və pul mükafatı
veriləcək. Ən yüksək bal almış digər 7 ssenari də fərqləndirmə diplomu
ilə təltif olunacaq. Ən yaxşı Qran-Priyə layiq görülən ssenarinin ekranlaşdırılması
üçün
Mədəniyyət və
Turizm Nazilriyinə tövsiyə kimi müraciət edəcəyik ki, vəsait ayrılsın.
Müsabiqənin gənclərə stimul olacağına, marağın
artacağına ümid
edirik. 1-ci yerin qalibinə 2000 manat, 2-ci yer 1500, 3-cü yerə
1000 manat pul təqdim ediləcək.
– İştirakçılar arasında kişilər daha çoxdur. Sizcə niyə
bu sahədə kişilər üstünlük
təşkil edir?
– İştirakçılarımız arasında tələbələr
və məzunlar, hətta ali
təhsili olmayanlar, ssenari yazmaq şərtlərini bilməyənlər,
ssenarinin mahiyyətini
başa düşməyənlər
də var. Bu müsabiqədə
heç bir çərçivə olmayıb.
Ümumiyyətlə, yaradıcılığın bir çox sahələrində kişilər
üstünlük təşkil
edir. Məncə, buna səbəb
qadınların daha çox ailə-məişət
və övlad qayğılarına bağlı
olmalarıdır.
– Müsabiqənin
gələcək planları
nədir?
– Müsabiqə baş tutsa, yəni əks-sədası olsa, seçilən ssenariyə
film çəkilsə və
maliyyə dəstəyi
alsaq gələn il yenidən
keçirəcəyik. Ola bilər müsabiqə gələcəkdə beynəlxaq
status alsın. Amma bunun
üçün 200-dən çox ssenari ingilis dilinə tərcümə edilməldir,
bu isə maliyyə vəsaiti tələb edir.
Məncə, ilk növbədə MDB çərçivəsi ilə
kifayətlənmək olar.
– Azərbaycan kinematoqrafiyasını inkişaf
etdirmək üçün
sizcə, yaxşı
ssenari kifayətdirmi?
– Bu, bir addımdır. İxtisaslı kadrlar hazırlanmalı,
güclü maddi-texniki
baza yaradılmalıdır.
Elə ssenari problemi də vacib məsələdir.
Rejissorlar üçün
müsabiqə keçirmək,
düşünürəm ki, hələ tezdir.
İttifaq film festivalı təşkil etsə, orada rejissorlar da iştirak edə bilər. Rejissor müsabiqədə iştirak etmək üçün gərək
film çəkib təqdim
etsin. Amma bunun üçün
yenə də maliyyə lazımdır.
– Bu müsabiqədən
sonra AKİ-nın hansı layihəsi olacaq?
– AKİ bu layihədən sonra yeni layihəyə
– “Sənədli kino: surət və zaman” adlı beynəlxalq konfrans keçirəcək. “Nizami” kinoteatrında keçiriləcək 3 günlük
tədbirdə xarici ölkələrdən də
nümayəndələr olacaq.
– AKİ-nin
hazırkı durumu
qənaətbəxşdirmi?
– Hazırda müvəqqəti
olaraq Səməd Vurğun küçəsindki
ofisdə yerləşirik.
Eyni zamanda tədbirlərimizi
“Nizami” kinoteatrında və Film Fondunda keçiririk. Gələcəkdə yəqin ki,
bu məsələlər
həll ediləcək,
daimi yerlə təmin olunacağıq.
Planlarımız çoxdur və
onları həyata keçirmək üçün
işləməyə hazırıq.
Ümidə Həsənli
Baku Post.-2013.-6 aprel.-S.10.