Bakı Davos yerində

 

Dünya İqtisadi Forumu (Davos Forumu) ilk dəfə Bakıda “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi” mövzusunda strateji dialoq keçirəcək. Əhəmiyyətli tədbirlə razılıq yanvarın 23-də Prezident İlham Əliyevin İsveçrədə Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvabla keçirdiyi görüşdə əldə edilib. Bu isə təsadüfi deyildi.

Keçmiş sovet məkanında, xüsusilə də Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında iqtisadi inkişaf dinamikasına görə, Azərbaycan xüsusi mövqeyə və çəkiyə malikdir. Davos İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliyinə görə dünyada 46-cı, MDB məkanında isə 1-ci yerdədir.

 Son 10 ildə neft satışından əldə edilən gəlirlər təkcə ölkənin dövlət büdcəsinin formalaşdırılmasında deyil, həm də iqtisadiyyatın şaxələndirilməsində əməli rol oynayıb. Dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesi nəticəsində Azərbaycanda sahibkarlar sinfi formalaşıb, yüz minlərlə yeni iş yerləri açılıb və qeyri-neft sektoru inkişaf etdirilib. Təkcə ötən il, bu sahədə artım 9,7% təşkil edib.

 2012-ci ildə Azərbaycan iqtisadiyyatına 22 milyard dollar pul qoyulub ki, bunun 9 milyard dolları xarici investorların əli ilə yatırılıb. Bu isə kiçik göstərici deyil və  Azərbaycanın MDB-də liderliyini təmin edib. Xarici kapitalın Azərbaycana axması yaradılmış münbit investisiya mühiti ilə bağlıdır. Vaxtilə istənilən investisiya qoyuluşu üçün Bakıdan dövlət zəmanəti istəyən əcnəbi sahibkarlar artıq bu barədə düşünmür.Dünyanın aparıcı kredit reytinq agentlikləri ölkənin reytinqini artırıb və elə bu  müsbət imic Davos Forumunun Bakıda keçirilməsini zəruri edib.

 Bakı forumunda region ölkələrində həyata keçirilən islahatlar, sahibkarların vəziyyəti, üzləşdikləri problemlər, investisiya qoyuluşu imkanları, insan kapitalından istifadə, regionun imkanları diqqət mərkəzində olacaq.

 Tədbirin “Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının gələcəyinə baxışlar” mövzusunda keçiriləcək 1-ci sessiyasında həmin regionların iqtisadi imkanları, nəqliyyat infrastrukturu, əlverişli investisiya mühiti kimi məsələlər müzakirə ediləcək.

 “Enerji və təbii resurslar: İmkanlar və çağırışlar” mövzusunda sessiyada Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının təbii resursları, dünya ölkələrinin enerji ehtiyatlarına artan tələbatının təmin edilməsində həmin regionların rolu ilə bağlı fikir mübadiləsi aparılacaq.

 Forumun daha bir sessiyası “Sahibkarlıq və insan kapitalı: İmkanlar və çağırışlar” mövzusuna həsr olunacaq. Bu sessiyada region ölkələrində həyata keçirilən uğurlu islahatlar nəticəsində iqtisadiyyatın dinamik inkişafı, özəl sahibkarlıq üçün yaradılmış əlverişli şəraitlə bağlı məsələlərə dair müzakirələr aparılacaq.

 “Maliyyə və uzunmüddətli investisiya: İmkanlar və çağırışlar” mövzusunda sessiyada isə Cənubi Qafqaz və Mərkəzi Asiya regionları ölkələrinə son illərdə qoyulan investisiyaların həcminin artması diqqət mərkəzində olacaq.

 Tədbirin “Ticarət və təchizat şəbəkələri: İmkanlar və çağırışlar” mövzusunda sessiyasında Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının Şərq və Qərb, Şimal və Cənub arasında əlverişli coğrafi mövqedə yerləşməsinin üstünlüklərindən danışılacaq.

Forumun digər maraqlı bir sessiyası da “Azərbaycanın gələcəyinə baxış: Yeni iqtisadiyyata doğru” mövzusunda olacaq. Bu sessiyada Azərbaycanın getdikcə artan iqtisadi imkanları, Avropanın enerji təhlükəsizliyinin təminində rolu, ölkədə yaradılmış əlverişli investisiya mühiti, enerji sahəsi ilə yanaşı, qeyri-neft sektoruna, xüsusilə də innovativ texnologiyalara qoyulan investisiyalar və s. məsələlər müzakirə ediləcək.

 “Enerji və təbii resurslar: Gələcəyə yol”, “Sahibkarlıq və insan kapitalı: Gələcəyə yol”, “Maliyyə və uzunmüddətli investisiya: Gələcəyə yol” adlı sessiyalarda da qeyd edilən sahələrdə perspektiv imkanlarla bağlı müzakirələr aparılacaq.

 Bir sözlə, “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Bakıda keçiriləcək Forum gələcəklə bağlı perspektivlərin müəyyənləşdirilməsi baxımından region üçün çox gözəl imkan yaradacaq. Tədbir regional və qlobal oyunçulara regionun gələcəyi ilə bağlı əsas çağırışları və imkanları dəyərləndirmək üçün mühüm platforma olacaq, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda əməkdaşlığın və inteqrasiyanın inkişafına töhfə verəcək. Azərbaycanın iqtisadi elitası da Davos İqtisadi Forumunun əhəmiyyətini yüksək qiymətləndirir.

 Nazirlər Kabinetinin sabiq şöbə müdiri, iqtisadçı-ekspert Oqtay Haqverdiyev:

– Belə forumlarda hər hansı qərar qəbul edilməsə də, ayrı-ayrı iqtisadi modellərin müzakirəsi böyük əhəmiyyət kəsb edir. Bu forumda müxtəlif ölkələrin prezidentləri, baş nazirləri, maliyyə mütəxəssisləri, iqtisadçılar Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun gələcəyi ilə bağlı öz fikirlərini bildirəcək, tövsiyələrini verəcək, fikir mübadiləsi aparacaq. Yəni ayrı-ayrı inkişaf modelləri bir arada olacaq, müzakirə ediləcək və ortaq məxrəc tapılacaq. Azərbaycan iqtisadiyyatı əsasən neft-qaz hasilatı üzərində qurulub, amma təbii ki, uzun müddət belə davam edə bilməz. Vəziyyəti dəyişmək lazımdır və bu baxımdan Bakıda keçiriləcək Davos İqtisadi Forumu gələcək inkişaf üçün böyük rol oynayacaq.

 Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Rasim Musabəyov:

– Davos İqtisadi Forumu həm siyasi, həm də iqtisadi baxımdan böyük əhəmiyyət kəsb edir. Tədbir əsasən Azərbaycanın biznes imkanlarının beynəlxalq işgüzar dairələrdə tanıdılması üçün böyük rol oynaya bilər. Əksər hallarda hansısa ölkənin iqtisadi potensialı barədə iş adamları kütləvi informasiya vasitələrindən, ayrı-ayrı təşkilatların hesabatlarından öyrənir, amma bu forumda investorlar canlı şəkildə görəcək ki, ölkəmiz inkişafın hansı səviyyəsindədir, Bakı Avropanın aparıcı şəhərlərindən nə ilə fərqlənir. Yəni xarici sahibkarlar öz planlarını qiyabi şəkildə eşitdikləri məlumatlar əsasında deyil, gözləri ilə gördükləri mənzərə əsasında quracaq.

 İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı-ekspert Vüqar Bayramov:

– Bu tədbirə Azərbaycan tərəfi ən yüksək səviyyədə dəstək nümayiş etdirib. Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin gələcəyinə dair ilk Davos Forumunun ölkəmizdə keçirilməsi Azərbaycanın regionda və postsovet məkanında qəbul edilməsi deməkdir. Adətən iqtisadi səpkili belə toplantılar ölkəyə investisiya cəlb edilməsi baxımından imkanlar yaradır. Forumda dünyanın aparıcı şirkətlərinin rəhbərləri iştirak edəcək ki, bu da Azərbaycana özünün biznes potensialını nümayiş etdirməyə imkan verəcək. Söhbət əsasən qeyri-neft sektoruna sərmayə cəlb edilməsindən gedir. Dünya İqtisadi Forumu həm də orda iştirak edəcək azərbaycanlı iş adamları üçün yaxşı fürsətdir, onlara ixrac imkanlarını genişləndirmək, beynəlxalq bazarlara çıxmaq üçün xarici sahibkarlarla əlaqələr yaratmaqda yardımçı olacaq.

 

 

Namiq Tahiroğlu.

 

Baku Post.-2013.-6 aprel.-S.1-8.