Muğamın dua, zikr əlaməti
UNESCO Musiqi Mükafatı sahibi, muğam sənətinin dünyaya yayılmasında böyük rol oynayan Azərbaycanın Xalq artisti Alim Qasımov beynəlxalq layihədə çıxış edəcək. Mötəbər festival çərçivəsində sənətkar məşhur əcnəbi qruplarından biri ilə duet ifa edəcək. A.Qasımov yaradıcılığındakı yeniliklər, eləcə də sənət haqqında düşüncələrini “New Baku Post”la bölüşüb:
– Haqqında
danışdığınız layihə nə ilə fərqlənir?
– Bu böyük bir musiqi layihəsidir. İyunun sonlarında reallaşacaq.
Hələliksə iş
prosesidir və bu barədə açıqlama vermək istəməzdim.
– Bakıda konsertiniz gözlənilirmi?
– Hələlik, gözlənilmir.
Lakin dövlət tədbirlərində
çıxış edirəm.
Bəlkə payızda konsert
proqramı haqqında
düşünərik. Ancaq yaxın günlərdə
Fərqanə Qasımovanın
tam fərqli musiqi albomu çıxacaq.
Orada onunla bir neçə
mahnını duet ifa etmişik.
– Hazırda muğam ifaçıları
arasında gənclər
üstünlük təşkil
edir, bəs muğamı dinləyənlər
arasında gənclərin
vəziyyəti sizi qane edirmi?
– Muğama qayğı nə qədər artsa da, bu
göstərici müəyyən
faiz çərçivəsində
olacaq. Çünki bu elə bir mənəvi dəyərdir ki, buna hər adamın
qulaq asmağa marağı və ya hövsələsi, görürsən, çatmır.
Televiziyada, radioda muğamları
verirlər. Bu, çox yaxşı bir haldır. Amma bəzən efirə elə muğam ifaçıları ayaq açır ki, bu, camaat arasında
çaşqınlıq yaradır.
Əvvəllər ustadlar oxuyurdu
və bəyənilirdi.
Amma indi yerindən duran muğam oxuyur və demək olar ki, bu, muğamın
ləzzətinin qaçmasına
gətirib çıxardıb.
Əgər muğam olduğu
kimi ifa olunmasa, gənc dinləyicilər də muğamı başa düşməyəcək və
bunun da aqibəti yaxşı nəticələnməyə bilər.
– Deməli, gənc xanəndələrə
tələbatla ustad xanəndələrə tələbat
arasında fərq əmələ gəlib?
– Çox böyük fərq var. Bir Allah şahiddir ki, mən hər ifam zamanı nə qədər ölüb-dirilirəm. Və bilirəm
ki, nə qədər tamaşaçı
rəğbəti qazanıram.
Muğamın da bir dua kimi, zikr
kimi əlaməti var.
O düzgün edilməyəndə,
əksinə, insana bir əsəb verir. Necə ki, iynə düzgün vurulmayanda xəstənin dərisi şişir və əks reaksiya verir. Muğam səhv oxunanda
dinləyicini əsəbiləşdirir.
Hər bir sənətdə ustadlığa
can atmaq lazımdır.
– Muğamın bugünkü təbliğatı
sizi qane edirmi?
– Allaha şükür çox yaxşıdır.
Hər yerdə bizim milli musiqimiz üçün yaşıl
işıqdır. Vaxtilə hər
şeyin bir cəmiyyəti var idi, amma muğam
yetim qalmışdı.
Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevanın birbaşa
qayğısı nəticəsində
muğam sanki yenidən doğuldu.
Muğama heç vaxt soyuq
münasibət yaranmamışdı.
Onsuz da həmişə muğam az dinlənilən
bir sahə olub. Muğam pop musiqi deyil ki,
ona hər adam qulaq
assın. Muğam mənəvi bir
qidadır. Bu mənəvi qidanın da həmişə özünün azarkeşi,
qulaq asanı olur. İndi şükürlər olsun
ki, muğam bir çox yerlərdə
ifa olunur, onun azarkeşlərinin sayı artır.
– Muğamımızın
“Eurovision” səhnəsinə çıxarılması ideyası
kimdən gəldi? Bu, muğamın təbliğində necə
rol oynadı?
– Əlbəttə ki,
bu, Heydər Əliyev Fondunun fikri idi. Bu təklif mənə ediləndə mən böyük məmnuniyyətlə
onu qəbul etdim. Bu isə
daha çox gənclərə təsir
elədi ki, müasir musiqinin içində bizim muğamımız yer tapdı. “Eurovision”da
oxunan mahnımız qızıl idisə, muğamın ora salınması həmin qızılın üzərinə
brilyant bir qaşın əlavə olunmasına bənzədi.
Bu ideya ümumilikdə
Azərbaycanın milli
musiqisinin, muğamının
təbliğinə böyük
xidmət elədi.
– Azərbaycan xalq musiqisini dünyada ən çox təbliğ
edən sənətkar
sizsiniz. Hansı ölkədə muğama olan maraq sizi sözün
həqiqi mənasında
təəccübləndirib?
– Muğam konsertinə gələn əcnəbi bir insan folklor
həvəskarı, azarkeşidirsə,
o çox böyük
həvəslə konsertə
gəlib musiqimizi dinləyəcək və
alqışlayacaq. Demək olar
ki, dünyanın hər bir yerində
konsertimizə gələnlərin
göz yaşlarının
şahidi olmuşam.
Amma tamaşaçı məclis
xatirinə gəlirsə,
əlbəttə ki,
o istilik yaranmır.
Həm də ki, bütün
dünya xalqlarının
özünəməxsus folkloru
var, xalq musiqisi var. Bu musiqini də yeyənlər var, muğamın da xiridarları var. Ola bilməz ki, hamı bir şeyə
qulaq assın. Bu faizlə ölçülən
bir şeydir. Bu,
dünyəvi deyil və ola
da bilməz.
– Məcnun rolunu yenidən ifa etsəydiniz, bugünkü xanım xanəndələrimizdən kimi
Leyli obrazında görmək istərdiniz?
– Mən Səkinə
İsmayılova, Mələkxanım
Əyyubova, Qəndab Quliyeva kimi Leylilərlə
bir səhnəni bölüşmüşəm. Onlar sözün
əsl mənasında
sözlərini demiş
sənətkarlardır. Amma yeni bir
formada, quruluşda, səsimiz və yaşımız uyğun
gələn xanım xanəndələrimizlə yenidən
bu tamaşanı oynamağa hazıram, yaxşı Leyli ilə, əlbəttə ki… Bu gün
səhnəmizdə özlərinə
məxsus Leylilərimiz
var. Sözsüz ki, qismət olsa, onlardan biri ilə
“Leyli və Məcnun” operasını oynayarıq. Amma ad çəkməklə aram yoxdur.
– Hansı muğam sizə daha çox doğmadır və hansı muğam sizin taleyinizdə böyük rol oynayıb?
– Mən səhnədə
ilk addımlarımı “Simayi-Şəms”
və “Çahargah” muğamları ilə atdım. İlk dəfə böyük
tarzənimiz Hacı Məmmədovla efirə çıxıb “Çahargah”
muğamını ifa
etmişdim. “Çahargah”da Seyid Şuşinski, Zülfü
Adıgözəlov kimi
böyük ustadların
nəfəsi var.
– Sizcə, yaxşı xanəndə
olmaqda müəllimin
rolu nə dərəcədədir?
– Birincisi istedad olmalıdır, ikincisi səsi olan kəs öz üzərində çalışmalıdır,
üçüncüsü isə müəllim şagirdi düzgün istiqamətləndirməlidir.
Əlbəttə ki, yaxşı
xanəndə olmaqda müəllimin böyük
rolu var. Mənim ustadım Ağaxan Abdullayev olub. Ondan götürə biləcəyimi
götürmüşəm, sonra başqa ustadlardan da öyrənmişəm.
– Alim müəllim, bir çox sahələrdə
olduğu kimi şou-biznesdə də qalmaqallar
var. Amma heç vaxt milli musiqi nümayəndələri
arasında qalmaqala
rast gəlinmir. Sizcə, bu sənətinizin ciddiliyindən
irəli gəlir, yoxsa başqa səbəb var?
– Əlbəttə ki,
bizim aramızda da yüngülvari söz-söhbətlər olur,
amma nəzər yetirsəniz, şou aləminə gələnlərin
əksəriyyəti gənclər,
bizim sənətimizdə
isə əsasən ağsaqqallardır. Bu isə
hər zaman pərdənin saxlanmasına
kömək edir.
Ümidə Həsənli
Baku Post.-2013.-10 aprel.-S.10.