Davos forumu yekunlaşdı
Nüfuzlu siyasi və iqtisadi dairələrdə müzakirə obyekti olan, “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı Strateji Dialoq” mövzusunda I Dünya İqtisadi Forumu (Davos Forumu) baş tutdu. Forumun icraçı direktoru Klaus Şvabla razılaşdırılmış və onun şəxsən iştirak etdiyi tədbirin Azərbaycanda keçirilməsi rəsmi Bakının düzgün istiqamətdə hərəkət etdiyini təsdiqlədi.
Tədbirin təşkilində verdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edən Klaus Şvab xüsusən vurğulayıb ki, Azərbaycanın coğrafi mövqeyindən, yüksək təhsil almış kadr potensialından bu regionda birgə istifadə etmək vacibdir. O, həmçinin Azərbaycanın maliyyə, bank, tikinti sektorunun sürətlə inkişaf etdiyini diqqətə çatdırıb.
İlham Əliyev isə Azərbaycanda özəl sahibkarlıq subyektlərinin inkişafına böyük diqqət yetirildiyini deyərək ölkə iqtisadiyyatında özəl sektorun payının müstəqilliyin ilk illərindəki 0%-lik həddən 85%-lik göstəriciyə çatdırıldığını bildirib. Onun sözlərinə görə, “bp” və dünyanın digər nəhəng şirkətləri ilə səmərəli əməkdaşlıq sayəsində Azərbaycan böyük layihələr həyata keçirir və əldə olunan gəlirlər insan kapitalına – gənclərə, təhsilə sərf edilir. Əlverişli coğrafi mövqeyə malik olan ölkənin hava, dəniz, dəmir yolu nəqliyyatına külli miqdarda sərmayələr qoyulur.
Dövlət başçısı forumda siyasi liderlər və biznes dairələri arasında işgüzar müzakirələrin aparıldığını vurğulayıb. Prezident bununla yanaşı, Azərbaycanda gedən proseslər və Xəzər dənizinin enerji ehtiyatlarının hasilatı və nəqli ilə bağlı iştirakçıların daha yaxından məlumatlandırılması baxımından forumun önəmini xüsusi qeyd edib.
Ümumiyyətlə isə, bu forumda bir daha təsdiq olundu ki, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunun siyasi-iqtisadi mərkəzi məhz Azərbaycandır. Bu isə, təkcə ölkənin coğrafi mövqeyi ilə deyil, həm də malik olduğu sosial-iqtisadi göstəricilərlə bağlıdır. Forumun hesabına Azərbaycan qlobal biznes ölkəsi kimi geniş tanındı və bu amil regionda əməkdaşlıq və inteqrasiyanın inkişafına kömək edəcək.
Davos forumuna toplaşmış ayrı-ayrı ölkələrin hökumət nümayəndələri, iş adamları, maliyyə mütəxəssisləri Bakıya sadəcə fikir mübadiləsi aparmaq üçün gəlməmişdi. Onlar həm də tədqiqatlar aparmaq, ölkələrinin iqtisadi potensialını şəxsən nümayiş etdirmək, eləcə də Azərbaycandakı potensial biznes maraqlarını təmin etmək üçün bura üz tutmuşdu. Bu, onların etdiyi çıxışlardan və vurğuladıqları məqamlardan da hiss olunurdu.
Məsələn, Qazaxıstanın baş nazirinin 1-ci müavini Baktijan Sagintayev Mərkəzi Asiya regionunda xarici investisiyaların 80%-nin ölkəsinin payına düşdüyünü bildirərək, Qazaxıstanın MDB məkanında sərmayə qoyuluşu baxımından ən əlverişli ölkə olduğunu bildirdi. Onun sözlərinə görə, neft-qaz ölkəsi olan Qazaxıstanda hazırda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ciddi iş aparılır və qeyri-neft sektorunun inkişafına xüsusi önəm verilir.
B.Sagintayevin qırğızıstanlı həmkarı, Comart Otorbayev isə ölkəsinin təbii ehtiyatlarla zəngin olduğunu, təkcə təsdiq edilmiş qızıl ehtiyatlarının həcminin 1000 tonu keçdiyini dedi. Təbii ki, onun bu çıxışı tədbirdə iştirak edən sahibkarların diqqətini cəlb etməyə hesablanmışdı və bununla Qırğızıstanın baş nazirinin müavini investisiya cəlbi üçün əllərinə düşən imkandan maksimum yararlanmağa çalışırdı.
Son dövrlər iqtisadiyyatların qloballaşdığını, siyasətlərin isə milliləşdiyini deyən Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız isə bildirib ki, ölkəsi energetika sahəsində Rusiya, Azərbaycan, İran və İraqla əməkdaşlıq edir: “Suriyada və Kiprdəki siyasi rejimlərin mahiyyətinə baxmayaraq, biz bu ölkələrə elektrik enerjisi veririk. Türkiyə regionda reallaşdırılmış enerji dəhlizi layihələri ilə yanaşı, Bakı-Tiflis-Qars dəmiryolunun işə düşməsi ilə yaranacaq yeni nəqliyyat dəhlizinin qarantıdır”.
Rusiya Birbaşa İnvestisiyalar Fondunun vitse-prezidenti Piter Sannikov üzv olduğu işçi qrupunda regionun böyük investisiya layihələri, sərmayə qoyuluşuna mane olan cəhətlər, onların aradan qaldırılması və digər aktual mövzularda maraqlı müzakirələr aparıldığını söyləyib.
Bakı forumunda region ölkələrinin nəyə malik olduqları ortaya qoyuldu və hər hansı konkret sənəd imzalanmasa da, tədbir Cənubi Qafqaz və Mərkəzi Asiyanın iqtisadi inkişafına öz töhfəsini mütləq şəkildə verəcək.
Namiq Hüseynov
BakuPost.-2013.-10 aprel.-S.6.