“İşıqlı həyat”başlayır
Qaranlıqda görün! Bu, Gənclər və İdman Nazirliyinin bu həftə başladığı “İşıqlı həyat” layihəsinin əsas devizidir. Layihənin məqsədi qaranlıq vaxtı yollardakı piyadaları, xüsusilə də uşaq və yeniyetmələri görünən etmək, onların vurulma hallarının sayının azaldılmasına nail olmaqdır. Bu məqsədlə Nazirlik bir neçə ay ərzində Azərbaycan məktəblilərinin hamısına xüsusi materialdan hazırlanmış və işıldayan breloklar paylayacaq.
Azərbaycanda 1 milyondan artıq məktəblini əhatə edəcək “İşıqlı həyat” layihəsi haqqında gənclər və idman nazirinin müavini İntiqam Babayevlə söhbət etdik. Bu maraqlı və sözün əsl mənasında faydalı proqrama aprelin 5-dən başlanılıb:
– Həmin gün bir qrup jurnalistin iştirakı ilə işıqqaytarıcıları ilk dəfə sınadıq. Avtobus sürücüləri də reflektorların necə effektiv olduğunu özləri gördülər. İşıqqaytarıcılarının ilk təqdimatı isə aprelin 9-da 18 saylı orta məktəbdə baş tutdu. Bundan sonra bir neçə pilot məktəbdə də ardıcıl olaraq reflektorların təqdimatını keçirəcəyik. Bakı məktəblərinin hamısı əhatə olunduqdan sonra regionlara üz tutacağıq. 4 mindən artıq məktəbin hər birində uşaqlar üçün təlim təşkil olunacaq və hər bir kəsə işıqqaytarıcı veriləcək.
– Reflektor adlandırdığımız işıq əks etdiricilərin önəmi nədir? Kiçik bir brelok məktəbliləri necə qoruya bilər?
– Bunlara tam qoruyucu demək düzgün olmazdı, amma çox hallarda yol qəza hadisəsinin qarşısını almağa kömək edir. Çünki uzaqdan gələn maşının farasının işığı həmin reflektora düşəndə güclü əks olunur və sürücü qaranlıqda piyadanın olduğunu görür. İşıq 150 metrdən əks olunduğundan, maşını saxlamaq çətin olmur. Lakin bunun üçün təbii ki, reflektoru çantanın üstündən, görünən bir yerdən asmaq lazımdır.
Əslində bir sıra Avropa ölkələrində uşaqların işıqqaytarıcıları üstündə gəzdirməsi qanunun tələbidir. Çox yerdə bunlar satışda olur. Bu da anlaşılandır, axı, reflektor cırıla bilər, itə bilər, istifadə müddəti başa çata bilər. Amma Azərbaycanda ilk dəfədir bunlar kütləvi şəkildə təqdim olunur. Həm də bizdə bu breloklar satılmır, dövlətin sifarişi ilə təmənnasız olaraq gənclərə paylanılacaq.
– Reflektorlar nə formada olacaq?
– Artıq işıqqaytarıcılarının ilk hissəsi Azərbaycanın milli bayrağı formasında hazırlanıb. Bayraqların bir qismi ürək formasındadır, yəqin, bundan daha çox qızlar istifadə edəcək. Daha sonra onların hazırlanmasında müxtəlif milli ornamentlərin istifadəsi nəzərdə tutulub. Məsələn, bir hissəsi milli kukla formasında düzəldiləcək. Digər hissəsində Qobustan qayalığında rəqs edən insan təsvirlərinin, Qız Qalasının təsvirləri olacaq. Yəni, biz bu layihədən istifadə edərək həm də tarixi abidələrimizi, milli simvolları təbliğ edirik.
Onu da qeyd edim ki, reflektorlar bu sahədə kifayət qədər uğur qazanmış Litvada istehsal olunub. Elə ilk brelokları Litvada təhsil alan azərbaycanlı tələbələr litvalılara paylayıblar. Litvanı seçməyimizin səbəbi isə bu ölkənin yol qəzalarının sayının azaldılmasında əldə etdiyi nailiyyətlərdir.
– Bir layihə ilə yol nəqliyyat qəzalarının sayını azaltmaq – bu nə dərəcədə real görünür?
– Əslində, bu layihənin
hədəfi nəqliyyat qəzaları yox,
piyadaların vurulması ilə bağlı halları
azaltmaqdır. Layihəyə başlamazdan
əvvəl yol polisindən gecə
saatlarında, qaranlıq çağda vurulan piyadaların, həlak olanların
sayını müəyyənləşdirmişdik. Düzdür, Avropa ilə
müqayisədə bu statistika
bizdə aşağıdır. Amma
ümumilikdə qəzaların sayı çoxdur.
Yol polisi qaranlıq saatlarda baş verən qəzaların
videogörüntülərini də bizə təqdim etdi. Kadrların əksəriyyətində
açıq-aydın görünür ki, piyadaların özlərində də günah var. Magistral yolda sürətlə
şütüyən maşınların arasından
keçirlər, halbuki 100 metr
aralıda piyada keçidi
var. Tək piyadalar deyil, sürücülərin də
pozuntuları çoxdur. Hər iki tərəfin məsuliyyəti çox ciddidir. Yəni, tək
reflektorlarla bu problemi həll etmək mümkün
deyil. Məsələyə kompleks yanaşmaq, hərtərəfli
maarifləndirmə aparmaq lazımdır.
İşıqqaytarıcılarının tətbiqi bu işin bir
hissəsi ola bilər.
Bu, piyadanı bütün növ qəzalardan qoruyan bir vasitə deyil. Reflektoru taxıb maşının üstünə cumsan, təbii ki, xəsarət almış olacaqsan.
– Layihənin daha hansı komponentləri var?
– Kampaniyanın ilk mərhələsində
geniş təbliğat
işi aparılacaq. Bu məqsədlə promo tədbirlərdən istifadə
olunacaq. Yaponiyadan xüsusi
teatr xadimləri dəvət olunacaq. Onların məhz reflektorlara həsr edilmiş “Kölgələrin oyunu” adlı tamaşasının
nümayişi təşkil
ediləcək. Mayın
sonunda mədəni
kütləvi tədbirlərə
start verəcəyik. Şəhərdəki bilbordlarda reklamlar asılacaq. Azərbaycan Tələbə Gənclər Təşkilatları
İttifaqının könüllüləri
məktəbləri gəzib
maarifləndirmə işləri
aparacaqlar.
Layihənin ilkin mərhələsi
bu ilin ortasında
başa çatacaq.
Hədəf Azərbaycan məktəblilərinin
hamısını işıqqaytarıcılarla
təmin etməkdir.
PR tədbirlərimizdə
“Eurovision” ulduzu Eldar Qasımov, Tünzalə Ağayeva, olimpiya çempionu Fərid Mansurov, digər tanınmış idmançı
və sənətçilərin
iştirakı nəzərdə
tutulur.
Gələcəkdə
Nazirlik yol hərəkəti qaydaları
haqqında qanunvericiliyə
bu tələbin salınması təşəbbüsünü
də irəli sürə bilər. Amma ona qədər
cəmiyyəti işıqqaytarıcılarına
öyrəşdirmək lazımdır.
Baku Post.-2013.-13 aprel.-S.9.