“Çox
darıxıram”
Xalq artisti, peşəkar muğam ifaçısı Qəndab Quliyeva yaradıcılığını pedaqoji fəaliyyətlə davam etdirir. 20 ildən çox Azərbaycan Dövlət Opera və Balet Teatrında solist olan xanəndə bu sənət ocağının səhnəsində Leyli, Əsli (Üzeyir Hacıbəyov - “Leyli və Məcnun”, “Əsli və Kərəm”), Ərəbzəngi (Müslüm Maqomayev - “Şah İsmayıl”), Şahsənəm (Z.Hacıbəyov - “Aşıq Qərib”), Gülbahar (Ş.Axundova - “Gəlin qayası”), Xanəndə qız (R.Mustafayev - “Vaqif”) rollarını ifa edib. Xanəndənin ifasında “Çahargah” muğamının səsyazısı isə Fransada “Muğam antologiyası” CD diskinə daxil edilib. Azərbaycan xalq musiqisini Yaponiya, Almaniya, Finlandiya, Avstraliya, İsveç, Kanada, Əfqanıstan, Tunis, Əlcəzair, İraq kimi bir çox ölkələrdə təmsil edib.
– Niyə efirlərdə
görünmürsünüz?
– Mənə də maraqlıdır ki, niyə telekanalların qapısı üzümə bağlıdır. 90-cı illərdə cəbhə bölgələrində oxuyan Qəndab indi niyə yoxdur? Zəif oxuyan deyiləm ki, xahiş-minnət edim. Güc-bəla ilə iki muğam öyrənən cavanlara yol açılır, amma yaşlı nəslin bəzi nümayəndələri niyə unudulur? Mən muğamın ağbirçəklərindən sayılıram, tələbələrim var. Açığı, düz söz çoxlarının xoşuna gəlmir. Bəlkə də paxıllıq var, axı, bu yaşadək hələ fonoqram oxumamışam.
–
Yaşınızı gizlətmirsiniz... 64 yaşınız var.
– Alla Puqaçovadan yaşını soruşanda cavab verdi ki, insanın üzünə baxıb yaşını verərlər. Heç kim inanmır ki, 60 yaşı keçmişəm. Çünki qəlbim təmizdir, istərdim hamı xoşbəxt olsun, xalqım firavan yaşasın. Vətən həsrətindən ürəyim qocalıb, amma o torpaqlara getmək ümidi məni yaşlanmağa qoymur. Yaşa dolduqca insan doğulduğu yerə can atır. Mənimsə əlim çatmır, ünüm yetmir. 4 divar arasında qalmışam, sıxılıram. Əslində günüm pis keçmir, möhtərəm Prezidentimizə minnətdaram, mənə təqaüd ayırıb. Amma Qarabağım üçün çox darıxıram.
– Bir
ara muğama maraq azalmışdı, indi
isə bu qədim sənət sanki ikinci gənclik dövrünü yaşayır...
– Sağ olsun, Mehriban Əliyeva. Muğamın dünya səviyyəsinə yüksəlməsi üçün əvəzsiz işlər görür. Vaxt var idi muğamı çox ifa etməyə qoymurdular, ona həsrət qalmışdıq. Ancaq indi hara baxırsan hərənin əlində bir dəf var. Muğam kökümüzdür. Onu qoruya-qoruya, sevə-sevə təbliğ etmək, gələcək nəsillər üçün qorumaq lazımdır.
– Qarabağ
Azərbaycanın musiqi, muğam
beşiyi sayılır. 21 ildir
Qarabağdan ayrı düşmüşük. Muğam
ifaçılarının kökünün
kəsilməsindən qorxmursunuz ki?
– Qorxuram. Amma
bilirəm ki, Qarabağa
dönəcəyik. Allah qoysa,
qayıdan kimi daşı-torpağı
öpəcəm. Qarabağda bu mahnını ifa edərəm:
Nə gözəl ellərin var,Vətənim Füzuli
Məhsuldar çöllərin varVətənim Füzuli.
Ağ pambıqlı çöllərin,bəhrəlidir ellərin.
Vətənim Füzuli,
ürəyim Füzuli.
– Bir müəllim kimi indi sənətə
gəlmək istəyən gənclərin
yaxşı və pis xüsusiyyətini nədə
görürsünüz?
– Biz sənəti sevib gəlmişdik, nə geyim, nə də saç düzümü barəsində fikirləşmirdik. İndi isə səsi olmayanlar əsgərliyə getməməyin dərdindən universitetə girir. Düzdür, tələbələrim məni çox sevir, etiraf edirlər ki, səsimi və xasiyyətimi bəyənirlər. Demirəm virtuozam, Arif Babayev, Mənsum İbrahimov, Canəli Əkbərov kimi müəllimlik edirəm. Amma tələbələrimdən hər zaman yaxşı münasibət görürəm. Qabiliyyətli tələbələrim çoxdur, deyirəm ki, əgər bu sənəti seçmisinizsə, onun sirlərinə yiyələnin. Bizim vaxtımızda oxumaq, müəllimə hörmət başqa idi.
– Övladlarınız,
nəvələriniz arasında yolunuzu davam etdirən ola bilərmi?
– Bu sənətdə özüm o qədər əziyyət
çəkdim ki, övladlarımı
yaxın qoymadım. Qadın hər qapını açanda söz edirlər.
Opera və Balet
Teatrına gedəndə çoxları mənə paxıllıq edirdi.
Həm qəşəng idim, həm də
məlahətli səsim vardı. Qızım tibb
bacısıdır, oğlum polis işçisidir. 5 nəvəmdən
ikisi tələbədir. İkisinin
gözəl səsi var.
– Bəs, Qəndab Quliyeva
özü kimi dinləyir?
– Hamıya qulaq asıram. Yaxşıdan yaxşını götürürəm, pisi də qəlbimdə saf-çürük edirəm. Estrada janrı ifaçılarından isə Röya, Eyyub Yaqubov, Zülfiyyə Xanbabayeva, Aygün Kazımovanın ifası xoşuma gəlir.
– Niyə operadan ayrıldınız?
– 1980-ci ildə operaya gəldim, 2006-cı ildə çıxdım. Hələ 60 yaşım yox idi, məni və bir neçə solisti işdən çıxardılar, dedilər cavanlar gəlir. Çox təəssüfləndim. Çünki işləmək istəyirdim, səsim batmamışdı, yaşa dolmamışdım. Opera mənim ikinci taleyim idi. Bakıya Leyli odu ilə gəldim. İlk dəfə Rübabə Muradova və Zeynəb Xanlarovanın ifasında Leyliyə baxdım. Deyirdim, görəsən, mən də Leyli oynaya bilərəm? Leyli rolunu yenidən oynamaq istərdim.
– Sizin
ürəyinizin ritmi hansı muğamla döyünür?
– “Şur” və “Segah”. “Segah” yanıqlıdır ona görə. “Şur”u isə gənc yaşlarımdan sevirəm.
Ümidə Həsənli
Baku Post.-2013.-17 aprel.-S.10.