Yaponiyanın azərbaycanlı müəllimi
Söhbət
zamanı Rəhman Şahhüseynli dəfələrlə
“doğru deyirsiniz”, “tamamilə düzdür” kimi ifadələr
işlədirdi. Sonradan bildim ki, 12 il Yaponiya həyatı onda
mülayimlik, insanlarla kompromisə getmək kimi xüsusiyyət
formalaşdırıb.
36
yaşlı fəlsəfə doktoru Rəhman
Şahhüseynli ali təhsildə ilk diplomu Azərbaycan
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasından alıb. Sonra Türkiyənin Orta Doğu
Teknik Universitetində magistr təhsili alıb. Deyir ki,
Türkiyədə ikən Yaponiyada ay yarımlıq kursa
qatılıb. Elə onda da qərara alıb ki, bu ölkədə
oxuyub-işləməyinə dəyər. 2002-ci ildə Asiya
İnkişaf Bankı və Yapon hökumətinin
ayırdığı təqaüdü qazanan ilk azərbaycanlı
tələbə olub. Həmin vaxt
AİB-in əhatə etdiyi 66 üzv dövlətdən
mindən çox ərizəçi müraciət
etmişdi. Bu barədə özü danışır:
–
Xoşbəxtlikdən mən həmin təqaüdü qazanan
iki nəfərdən biri oldum. Və bundan sonra Yaponiya həyatı
başladı. 2002-ci ilin aprelindən (orada təhsil ili apreldə
başlayır) 2007-ci ilin martına kimi Naqoya Universitetində
beynəlxalq əməkdaşlıq üzrə magistratura,
sonra isə Osaka Universitetində beynəlxalq ictimai siyasət
üzrə doktorantura təhsili aldım.
– Təhsil bitdi, amma deyəsən,
Azərbaycana qayıtmadınız?
–
Qayıtdım, hətta bir müddət Azərbaycan Diplomatik
Akademiyasında işlədim. Lakin sonradan Naqoya Universitetindən
müsafir professor qismində mühazirə oxumağa dəvət
aldım. Həmçinin Doşişa Universitetində dərs
deməyə başladım. Hazırda paralel olaraq yerli bələdiyyənin
təhsil şöbəsində supervayzer kimi
çalışıram. Burada yaşayan əcnəbilər –
amerikanlar, ingilislər, kanadalılarla görüşüb
onlara təlimlər keçirəm. Bəzən kimlərisə
işdən azad edirəm. Bunu heç sevməsəm də,
işim məcbur edir. Eyni zamanda, Azərbaycan-Yaponiya Dostluq Cəmiyyətinin
təsisçisi və sədriyəm.
– Tanış və bələd
olmadığımız uzaq bir ölkəyə maraq haradan
yaranmışdı?
– Türkiyədə oxuyarkən yapon tələbə ilə tanışlığım vardı. Onların xasiyyətinə, insani keyfiyyətlərinə vurulmuşdum. Çox istəyirdim gedib baxım ki, bu, konkret insanın fərdi xüsusiyyətləridir, yoxsa elə bütün cəmiyyətlərinə xasdır. 2000-ci ildə ora səfər etdim, yerli universitetlərdə təhsil şansını araşdırdım. Elə o vaxt əmin oldum ki, Yaponiya hər baxımdan öyrəniləsi ölkədir, yalnız təhsilinə görə yox.
– Öyrəniləcək
şeylər nə idi və özünüz də onları öyrənə
bildinizmi?
– Ən əsas üstünlükləri odur ki, insanlar özləri deyil, həmişə başqaları haqda düşünürlər. Heç kim acgözlük etmir, öz maraqlarını üstün tutmur. Belə olanda da sülhməramlı, xoşniyyətli bir ortam yaranır. Yəni, bu cür fundamental mədəniyyət hamıda eynidir. Birində yüksək, birində nisbətən az ola bilər, amma özümüzlə müqayisə edəndə, onların hamısı bu xasiyyətlərə malikdir. Bu yaponlarda məni ən çox valeh edən cəhətlərdən biridir.
– Bəs, düşdüyünüz mühit
sizi dəyişə bildimi?
– Mən ora bir azərbaycanlı kimi getmişdim və gördüyüm hər bir şey mənə qəribə gəlirdi. Amma indi, 12 ildən sonra yapon cəmiyyətində özümü qətiyyən xarici kimi hiss etmirəm. Bu və digər xüsusiyyətlər sanki mənim xislətimə hopub, gündəlik həyatımın normasına çevrilib. İndi əksinədir, bəzən Azərbaycana gələndə ünsiyyət problemi yaranır. Yaponiyada konflikt yarada biləcək bir durum ortaya çıxanda münaqişədən yayınmaq, kompromisə getmək onlar üçün bir nömrəli strategiyadır. Çünki axı hamı digərini fikirləşir. Azərbaycanda da belə durum yarananda mən güzəştə gedirəm. Amma sonda elə alınır ki, mən dəfələrlə kompromisə gedirəm və sonda problem yaşayıram. Dəfələrlə olub ki, bu xüsusiyyətlər əleyhimə işləyib. Məsələn, bir dəfə işlə bağlı intervüdə mənə “filan sahənin mütəxəssisi kimi nə deyə bilərsiniz” sualını verdilər. Mən də təvazökarlıq edərək “bu məsələdə özümü mütəxəssis saymıram” cavabını verdim. Halbuki, mən işimi çox gözəl bilən adam idim. Sadəcə, Azərbaycanda hər kəs mütəxəssis oldu-olmadı, özünü tərifləyir. Yaponiyada isə insanlar çalışır ki, məhz qarşısındakılar onu kəşf etsin, ətrafındakılar qiymətləndirsin. Təəssüf ki, mənim o cür cavabım qarşı tərəfə yanlış mesajlar verdi və müsabiqəni keçə bilmədim.
– Bunlar
bəyəndiyiniz məqamlar idi. Bəs, yapon cəmiyyətində heç
cür alışa bilmədiyiniz, yaxud öyrəşmək istəmədiyiniz
hansısa xüsusiyyətlər varmı?
– Bəli və bunlar ailədaxili münasibətlərlə bağlıdır. Yapon ailəsində ənənələr, iyerarxik yanaşmalar daha qabarıq şəkildə özünü büruzə verir. Azərbaycanda da oxşar durum var. Amma fərqimiz ondadır ki, biz həm övladlarımıza, həm də valideynlərimizə qarşı həddindən artıq emosionalıq, uşaqlarımızı qucaqlayırıq, öpürük, atıb-tuturuq. Belə şeylər yaponlara çox yaddır, onları şok edəcək dərəcədə olan hərəkətlərdir. Mən nə qədər yapon xüsusiyyətlərini mənimsəsəm də, yeganə olaraq bunu qəbul edə bilmirəm.
– Yaponiyada
təhsil sistemini hərtərəfli
öyrənmək imkanınız olub – həm
oxumusuz, həm də dərs deyirsiz. Özəlliklər nədir?
– Yaponlar yüksək səviyyəli təhsil sahəsində texniki və dəqiq elmlərdə, texnoloji innovasiyalar sahəsində öz möhürlərini vura biliblər. Amma məsələnin digər tərəfi odur ki, yapon təhsil sistemində də onların milli mentalitet prizmasından yanaşmaq lazımdır. Çünki yaponlar, ümumiyyətlə, çalışqan millətdir. Onlar uşaq yaşlarından çalışmağa alışıqdırlar. Ailədə uşaqları müstəqil öyrətməyə çalışırlar, anladırlar ki, öz ehtiyaclarını özləri ödəməli olacaq. Belə olanda uşaqlar da başa düşürlər ki, zəhmət çəkməsələr, uğur qazana bilməyəcəklər. Yəni, orada ata-ana dəstəyi bizdəki kimi güclü deyil, hərə özü üçün çalışıb qazanmalı olur. Bunu bilən gənc də gününü kitabxanada keçirir, yeni nələrisə öyrənməyə çalışır, nəticədə ümumi təhsilin səviyyəsi də yüksək olur. Əgər bu müstəqilliyi bizim uşaqlara da vaxtında aşılasalar, bəlkə bizdə də nailiyyət əldə etmək olar.
Bir yapon tələbə artıq üçüncü kursda oxuyanda onun iş yeri hazır olur. Dördüncü kursu bitirən kimi hansı şirkətlərdə kimə rəqib olacaqlarını bilirlər. Hələ tələbə ikən xeyli iş görüşlərinə gedirlər, şirkətlərə tanıtım CV-lərini göndərirlər, gələcəklərini artıq zəmanətə almış olurlar. Təəssüf ki, Azərbaycanda insanlar adətən institutu bitirəndən sonra harda işləyəcəklərini fikirləşirlər. Bir yaponun mükəmməl səviyyədə gördüyü işi heç bir əcnəbi o səviyyədə görə bilməz. Bir yapon fəhləsini dünyada heç kimlə müqayisə etmək olmaz. Bəlkə də buna görədir ki, onlar digər millətlərin işini çox da bəyənmirlər.
– Qeyd
etdiniz ki,
emosiyalarını üzə verməyən millətdirlər.
Deməli, Osakada yolda
uşağının üstünə qışqıran
ananı, yaxud avtobusda
bağıra-bağıra telefonla
danışan insanları görmək şansı yoxdur?
– Tamamilə düzdür, Orada qışqıra-qışqıra danışan insan görə bilməzsiz. Bəzən olur ki, yanıma dostlarım gəlir, hansısa restoranda oturub söhbət edirik. Bu zaman məni tanıyan yaponlar gəlib yaxınlaşırlar ki, niyə dalaşırsınız? Hələ bizim sakit hesab etdiyimiz söhbəti onlar artıq mübahisə kimi dəyərləndirirlər. Sürücülük mədəniyyəti də tamamilə fərqlidir. Mən 8 ilə yaxındır ki, o ölkədə avtomobil idarə edirəm. Bu illər ərzində cəmi 2-3 dəfə siqnal vermişəm. Sonuncu maşınımı bir neçə aydır almışam, hələ siqnal səsini eşitməmişəm.
– Bütün
bu üstünlüklərə baxmayaraq nədənsə Yaponiyada
yaşayan azərbaycanlıların
sayı o qədər də çox deyil. Sizcə, səbəb
nədir?
– Düzdür, onların sayı barmaqla sayılacaq həddə azdır, yəqin ki, səfirlikdə işləyənlərlə birlikdə 20 nəfəri keçməz. Bir neçə səbəb ola bilər. Yaponiyanın ciddi miqrasiya qanunları var. Bəlkə də bu ölkə həm məsafə, həm də bizim anlamımızda mənəvi baxımından uzaq görünür. Digər tərəfdən, çox bahalı ölkədir. Bu da Yaponiyanın bizlər üçün cazibədarlığını bir qədər azaldır. Həm də bu ölkədə yaponca bilmədən yaşayıb-işləmək mümkün deyil. Dili öyrənmək isə çox çətindir. Amma yaşamaq, təhsil almaq, işləmək – bunlar bir tərəfə qalsın, Yaponiyanı heç olmasa gedib bir dəfə görmək lazımdır. Bunun özü böyük bir akademiya oxumaq kimi bir şeydir. Gənclərimizə məsləhət görərdim ki, mütləq Yaponiyada təhsil almaq imkanlarını araşdırsınlar. Çünki alim olmaq asandır, əsl insan olmaq çətindir. Orada isə həm alim, həm də insan olmaq mümkündür. Mən də çalışacağam ki, tezliklə Azərbaycana qayıdandan sonra təhsil sahəsində yaponların təcrübəsini paylaşa biləcəyim bir məkan olsun.
Fərəh Sabirqızı
Baku Post.-2013.-17 aprel.-S.8.