İdxaldan ixraca
Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi aqrar sektorun inkişafına dair yeni strategiya hazırlayıb. Sənəd artıq Nazirlər Kabinetinə təqdim olunub. Strategiyanın mahiyyəti, eləcə də Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalındakı ümumi vəziyyətlə bağlı “New Baku Post”un suallarını nazir müavini Bəhram Əliyev cavablandırır:
– “2008-2015-ci illərdə
Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları
ilə etibarlı təminatına dair
Dövlət Proqramı” çərçivəsində
hansı işlər görülüb?
– Dövlət proqramı adından da göründüyü kimi, ərzaq təhlükəsizliyinin təmin edilməsini nəzərdə tutur. Məsələn, Azərbaycanın əsas strateji məhsul sayılan taxıla illik tələbatı 3 milyon tondur. Bu gün artıq ölkədə 2,8 milyon ton taxıl istehsal olunur. Halbuki 2001-ci ildə bu göstərici 1,5 milyon ton idi. Məhsuldarlıq artmaqdadır. 2011-ci ildə hər hektarda 24,9 sentner idi, keçən il 27 sentner olub.Yəqin ki, tezliklə xaricdən Azərbaycana taxıl gətirilməsinə ehtiyac olmayacaq.
Ətə olan illik tələbat
345 min tondur, artıq
260 min tonluq istehsala
nail olmuşuq. İldə bizə təxminən 1,2 milyard ədəd
yumurta lazımdır
(adambaşına 127 ədəd),
artıq 1 milyard ədəd istehsal olunur. Bu da broyler müəssisələrinə
dövlət dəstəyinin,
güzəştli kreditlərin
hesabına mümkün
olub.
Meyvə-tərəvəzlə təminat baxımından
vəziyyət daha ürəkaçandır. Məsələn, kartofa olan illik tələbatımız
400-450 min tondur, amma keçən il
Azərbaycanda 890 min ton kartof
istehsal olunub və bunun da
böyük bir hissəsi ixrac edilib.
– Yeni strategiya hansı məsələləri əhatə
edir və onun hazırda icra olunan dövlət
proqramından fərqi
nədir?
– Ərzaq təhlükəsizliyi
ilə bağlı dövlət proqramı ölkənin idxaldan asılılığının aradan qaldırılmasına
hesablanıb. Yeni strategiya isə
Azərbaycanın ixrac
qabiliyyətli ölkəyə
çevrilməsini nəzərdə
tutur. Yəni, 2015-ci ilə qədər
Azərbaycan ərzaq təhlükəsizliyini tam təmin
edəcək, kənd
təsərrüfatı məhsullarının
idxalını dayandıracaq
və həmin məhsulları ixrac etməyə başlayacaq.
Bununla da, Azərbaycana əlavə vəsait daxil olacaq.
Bu strategiya “Azərbaycan 2020: Gələcəyə
baxış” inkişaf
konsepsiyası əsasında
hazırlanıb və
4 istiqaməti əhatə
edir. 1-cisi bitkiçiliyi
və onun əsası olan toxumçuluğu inkişaf
etdirməkdir, 2-cisi istiqamət
heyvandarlığı və
onun əsası olan damazlıq sistemini inkişaf etdirməkdir, 3-cü istiqamət
isə torpaqdan istifadənin səmərəliliyinin
artırılmasıdır. Hazırda Azərbaycan ərazisində
1 milyon hektardan artıq torpaq şoranlaşıb. 3,6
milyon hektar torpaq, yəni ölkə ərazisinin təxminən 42%-i isə eroziyaya uğrayıb. Bu istiqamətdə
müəyyən işlər
görülməlidir. Çünki həmin torpaq
sahələri demək
olar ki, istifadədən kənarda
qalıb. Nəhayət, 4-cü istiqamət marketinq, yəni fermerlərin yetişdirdikləri məhsulların
bazara çıxarılmasını
təmin etməkdir.
– Azərbaycanda kənd təsərrüfatı
kooperasiyalarının yaradılması
ilə bağlı ən son vəziyyət necədir? Bu cür
kooperasiyalar nəyə
kömək edəcək?
– “Kənd təsərrüfatı
kooperasiyası haqqında”
qanun layihəsi var, artıq Milli Məclisdə 1-ci oxunuşdan keçib. Yəqin ki,
gələn ay sənəd
Parlamentin plenar iclasında 2-ci oxunuşa çıxarılacaq və
tezliklə qəbul olunacaq. Hüquqi baza olandan sonra ölkədəki iri fermer təsərrüfatları
kooperasiyalarda birləşəcək.
Yəni,
yeni texnologiyaların tətbiqi, ucuz maliyyə resurslarına çıxış, yüksək
keyfiyyətli məhsulun
istehsalı, onun bazara çıxarılması,
istehlakçıya çatdırılması
məsələləri kooperativ
şəkildə həyata
keçiriləcək.
Hazırda Azərbaycanda fermerler maksimum 3-5 il
müddətinə kredit
ala bilir və həmin kreditlər ən yaxşı halda illik 7%-lə (İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa
Kömək Milli Fondunun xətti ilə) verilir. Kooperasiyalar isə 10-15 il müddətinə,
illik 4%-lə kredit cəlb edə bilir. Dünya təcrübəsində belədir,
Azərbaycanda da bunu etmək olar.
– Azərbaycanda iri fermer təsərrüfatlarının
yaradılmasına nə
dərəcədə maraq
var? İndiyə qədər neçə
belə təsərrüfat
təşkil olunub?
– Hazırda Beyləqan rayonunda 3300 hektar ərazidə və Ağcabədi rayonunda 1500
hektar ərazidə 2 fermer təsərrüfatı
var. Burada meliorasiya, əkin işləri aparılır. Bundan başqa, Şəki
rayonunda iri fermer təsərrüfatı
üçün 5500 hektar
ərazi ayrılıb.
Bu məsələ ilə bağlı layihələndirmə işləri
gedir, torpaq əkin üçün hazır vəziyyətə
gətirilməlidir. Ümumiyyətlə, fermerlərin iri təsərrüfatlarda birləşməsi
onların maliyyə (kredit, subsidiya) və texnika probleminin kollektiv şəkildə həllinə
kömək edir.
Yəni,
fərdi şəkildə
fermerin texnika almağa imkanı çatmır, ona pul verən olmur, amma fermer
təsərrüfatı daxilində
bu problemlər öz həllini tapır.
– Prezident İlham Əliyev ölkədə kənd təsərrüfatının inkişafı
məqsədi ilə ayrılan subsidiyaların xərclənməsində qanun
pozuntularına yol verildiyini bildirmişdi. Bununla bağlı hansı addımlar atılıb?
– Bildiyiniz kimi, subsidiyaların kimə və nə qədər ayrılmasını
nazir İsmət Abasovun rəhbərlik etdiyi xüsusi komissiya müəyyən edir. Amma bu qurumda maliyyə və İqtisadi İnkişaf Nazirliklərinin, eləcə
də Dövlət Statistika Komitəsinin nümayəndələri də
fəaliyyət göstərir.
Komissiyaya məlumatlar yerli
icra hakimiyyəti orqanlarından daxil olur və xoşagəlməz
hallara da elə bölgələrdə
yol verilir. Bunun qarşısını almaq
üçün Kənd
Təsərrüfatı Nazirliyinin
müfəttişləri prosesə
cəlb olunub. Məhz onlar fermerlərin sənədlərini bir daha yoxladıqdan sonra müraciətlər Nazirliyə göndərilir.
Namiq Hüseynov
Baku Post.-2013.-17 aprel.-S.6.