Simləri danışdıran adam

 

Xalq artisti, Prezident mükafatçısı, məşhur tarzən Möhlət Müslümov Estoniyada beynəlxalq festivala hazırlaşır. Uzun illərdir pedaqoji fəaliyyətlə məşğul olan M.Müslümov Milli Konservatoriyanın professoru, Azərbaycan Dövlət TeleviziyaRadio Qapalı Səhmdar Cəmiyyətinin Ə.Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblının bədii rəhbəridir. M.Müslümov Türkiyə, Rusiya, Fransa, ABŞ, Kanada, İngiltərə, İtaliya, Belçika, Macarıstan, Tailand, İsrail, Hindistan, Tunis, Mərakeş, Polşa, Rumıniya, o cümlədən keçmiş SSRİ-nin bütün respublikalarında Azərbaycan musiqisinin parlaq ifaçısı kimi alqışlanıb. Onun xarici ölkələrdə 20-dən artıq kompakt diski buraxılıb, millixarici ölkə radiolarının fondlarında lent yazıları saxlanılır:

– Tara olan maraq indi necədir?

Elə yaxın keçmişə qədər milli musiqi alətlərimiz assimilyasiyaya məruz qalmışdı, heç yerə dəvət olunmurduq. Oturub fikir edirdik ki, heyif çəkdiyimiz əziyyətlərə. Həmin durğunluq illərində Türkiyə, Fransa, İsrail bir çox ölkələrdən məni dəvət edirdilər. Amma başqa ölkədə bir-iki aydan artıq qala bilmirdim. Heydər Əliyev hakimiyyətə gələndən sonra incəsənət dirçəlməyə başladı. Sonra ulu öndərin davamçısı Prezident İlham Əliyev bu sıradan ölkəmiz üçün görünməyən işlər etdi. Bu gün tar ifaçılığının YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olması böyük hadisədir. Bundan sonra çox böyük ajiotaj yarandı. İran ermənilər tara sahib çıxmağa başladı. İran bu yaxınlara qədər tarı tarçalanların başına vururdu ki, tar haramdır. İndi Azərbaycan tarı şah alət elan olunandan sonra deyir ki, tar mənimdi, erməninindir. Düzdü, emənilər bizim binaları da tikib, ayaqqabımızı da təmir edib, hətta bərbərimiz olub. Tarımı erməni usta təmir edirdi. Amma bu o demək deyil ki, tar erməninindir. Şükür Allaha ki, indi tarımız bütün dünyaya səs salır. İnanıram ki, ermənilərin sahib çıxmağa çalışdıqları balaban da milli alətimiz kimi dünyada öz təsdiqini tapar inşallah, bu siyahı digər alətlərimizlə davam edər.

İran tarı ilə Azərbaycan tarı arasında başqa hansı fərqlər var?

İran tarına da bir musiqiçi kimi hörmətlə yanaşıram. Lakin Azərbaycan tarının dünya səhnələrində dediyi sözü İran tarı deməyib. Sadıqcanın tarı dizin üstündən sinəyə gətirməsi Üzeyir Hacıbəylinin tarın pərdələrini ləğv etməsi bizim tarımızı Avropanın not sistemi ilə bir səviyyəyə gətirdi. Mən Fərəc Qarayevin, Firəngiz Əlizadənin əsərlərini dünyanın bir neçə ölkəsində  ifa etmişəm. Həmin musiqilərin ifaçılığına tarı, kamançanı, balabanı, zərb alətlərimizi daxil edirlər. Dünyanın ən böyük musiqi alətləri ilə tarımız üz-üzə gəlir.

– Tar ifaçılığının özünəməxsus xüsusiyyətləri hansılardı ki, onları bacarmayanlar bu sənətdən uzaqlaşmalıdırlar?

Mənimlə bərabər çoxlu tar ifaçıları təhsil alıb. İndi onların bəziləri sırf müəllim kimi çalışır, bəziləri başqa sahəyə gedib. Bu indi belədir.  İstiqamətlərini dəyişənləri qınamaq olmaz, görür ki, bu sahədə onda alınan deyil. O vaxtlar sutkanın 16 saatını tar çalırdım. İndi hərdən fikirləşirəm ki, zaman geriyə çəkilsə, bu sənəti seçmərəm. Doğrudan, çox ağır sənətdir. Allahın verdiyi istedadı olanlar çətinliklərə dözə bilsələr, irəliyə gedə bilirlər. Son 10 ili götürsək, bir-iki yaxşı tələbənin adını çəkmək olar. İstedadlı xalqıq, amma zəhmət çəkmək lazımdı.

Sizin tara marağınız necə yaranıb?

Anam deyirdi ki, 2 yaşım  olanda gətirib dəmir tavanı verirmiş mənə ki, oxu. Sonra mənə nağara aldılar çalmağı özüm öyrəndim. Tara da həvəsim var idi. Nağaramın üzü partladıqdan sonra düzəltdirən olmadı. Sonra tar aldılar. Elə o vaxtdan da başladım. O illər məndə tara fanatlıq dövrü idi. Nəyinsə xatirinə bu sənəti seçməmişəm. Ağlıma gəlməzdi ki, bu sənət insanı haralara gətirib çıxara bilər. İndi bəzi valideynlər nəyinsə xatirinə uşaqlarını bu istiqamətə yönəldirlər.

Bir vaxtlar tələbə olan Möhlət Müslümov müəllimindən hansı məsləhətləri alıb tələbələrinə hansı məsləhətləri verir?

 

Yaxşı müəllimlərim olub. Amma müəllim kimi çox şey öyrənmişəm. Biri var müəllim, biri var ifaçı müəllim. Onlar ifaçı deyildilər, amma gözəl müəllim idilər. Heç vaxt məni tərifləmirdilər. Ara-sıra qulağıma dəyirdi ki, razı olduqlarını, gələcəyimin böyük olduğunu deyirlər, tənqid edəndə isə bundan nəticə çıxarırdım. Kimisə yalandan tərifləməyi sevmirəm. Əgər alınmasa, başa salıram ki, bu sənət sənlik deyil. Müəllimliyin sirlərini onlardan öyrəndim, amma sonra böyük sənətkarları dinlədim. Tələbələrimə deyirəm ki, bütün tar çalan ustadlarımız sizin müəlliminiz olmalıdır. 

– Tar haqda xarici ölkələrdə nələr danışırlar?

Konsertlərdən sonra gəlib tarı alıb baxırlar, imkanları barədə soruşurlar. Nədən düzəldiyi onlara maraqlı gəlir. Tar dünyada yeganə alətdi ki, bənzəri var, amma o səsə malik alət yoxdu. Tarımızın, musiqimizin gələcəyini parlaq görürəm. Diqqət artdığına görə, bu sahəyə gələnlərin sayı artıb. Belə davam etsə, yaxşı olar, inşallah.

 

 

Ümidə Həsənli

 

Baku Post.-2013.-20 aprel.-S.10.