Orxan Fikrətoğludan“Müjdə”
Tanınmış yazıçı-publisist, telejurnalist Orxan Fikrətoğlu tezliklə oxucuların və tamaşaçıların qarşısına tamamilə yeni ampluada çıxacaq. Onunla söhbətdə ssenariləri əsasında çəkilən yeni filmlərdən, bu yaxınlarda çap olunacaq kitabından və əlbəttə ki, TV layihələrindən xəbər tutduq:
– Orxan
Fikrətoğlu müjdə verməyə
hazırlaşır. Nə müjdəsidir bu?
– Mən hər halda kinoda təzə adam deyiləm, Dövlət Kino Komitəsinin baş redaktoru işləmişəm, 6-7 bədii filmim çəkilib: “Ümid”, “Yalan”, “Bəxt üzüyü” və digər.
Birdən-birə mən “Müjdə”nin ssenarisini yazdım, türk dilinə çevirdim və göndərdim Türk Film Yapımçıları Məslək Birliyinin saytına. Təxminən 1 ay sonra cavab gəldi ki, ssenariniz çox bəyənilib. İstanbula dəvət olundum, bu qurumun rəhbəri Qalib Gültəkinlə görüşümüz oldu. Ssenarimin alınması barədə müqavilə imzalandı. Beləliklə, onlar bu filmi çəkəcək. Amma dedilər bu film Azərbaycanla bağlı olduğundan istərdik ki, çəkilişlər Azərbaycanda olsun, bura Azərbaycan da qoşulsun. Ssenarini Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə təqdim etdim. Kino İdarəsinin rəisi Cahangir Məmmədov, Yusif Şeyxov və digərləri bu ssenarini oxudular və çox bəyəndilər. Azərbaycan tərəfi də “Müjdə”nin gerçəkləşməsinə qoşulur. Rəsmi məktub Türkiyədən gəlib, Türkiyə çəkilişlərin 50 faizini maliyyələşdirir, qalanını Azərbaycan tərəfi həll edəcək.
Bunu çox uğurlu bir addım sayıram. Çünki 20
il əvvəl
Türkiyə kinematoqrafiyası
Azərbaycandakı kinematoqrafiyadan
çox geridə qalırdı. Amma 20 ilə Türkiyənin
həm kino, həm serial mədəniyyətinin
artması göz qarşısındadır. Ümid edirəm ki, Türkiyə ilə birgə çəkiləcək
bu film Azərbaycan kinematoqrafiyasının da
inkişafına böyük
təkan verəcək.
Süjet haqqında çox
danışmaq istəmirəm,
çünki bu, tamaşaçının itirilməsinə
xidmət edən bir şeydir. Qısaca süjet xətti, mövzu belədir: Bakı məhəllələrindən biridir, sujet bu məhəllədə yaşayan bir insanın üzərində
qurulub, Azərbaycandakı
hadisələr sadalanır
burada. Özünü bugünkü gerçəklikdə
bir o qədər də tapmayan, kiçik işlə məşğul olan bir gəncin qarşısına, deməyəcəm
hansı vasitələrlə,
haqdanmı, ilahidənmi,
möcüzə çıxır.
Bu ona qarşıda
baş verən hadisələri və özünün çox güclü olmasını
öyrədir. Bu insan bugünkü gerçəkliyin ardınca
getsəydi, çox varlı-hallı, dövlətli
bir insan olub, cəmiyyətə təsir edəcək bir gücə çevrilə bilərdi,
amma seçim edir, əldə etdiyi güclə özünə deyil, insanlara xidmət etməyə başlayır.
Son nəticədə Allahdan, ilahi müdaxilədən, kimdənsə,
ona bu addımlarına
görə əsl mükafat verilir. Filmin finalında pulunu-parasını
itirsə də, onun ilahi müdaxilədən
yaranmış silueti,
görkəmi, ruhani qatda paklanması, yüksəlməsi, mənə
elə gəlir ki, Azərbaycan cəmiyyətinə örnək
olası bir hadisədir. Hər şeyi
bazarın həll etməsi, dünyada baş verən bugünkü proseslər təbii ki, insanı fiziki qatda güclü edir, cəngəllik qanunları ilə yaşamağa sövq edir. Amma insan nə əldə etdi bu güclə? Ruhaniyyatını tənzimləyə bilirmi, daxildə hansı qata yüksəldi? Xəlvətiyyə dərvişi tək içinə enib oradakı insan keyfiyyətlərini üzə
çıxara bilirmi?
Filmin süjet xəttində bunlardır.
Kino duş, çilə
kimi bir şeydir, ora girdinsə, ya su kəsilməlidir, ya qəhrəman, durulub-arınıb çıxmalıdır,
ya da tamaşaçı
o arınmanı görüb
katarsas keçirib özü durulmalıdır. Sırf nəzəriyyə
ilə yazılmış
bir filmdir. Çox sevindim ki, Türkiyədə
mənim haçansa Rusiyada öyrəndiyim bu nəzəriyyə ilə kinonu anlayırlar və qəbul edirlər. Çünki son vaxtlar həm
bizdə, həm də orada zəif
filmlər olur.
– Deyəsən, tək müjdə bu deyil. Yeni kitabınız
da çıxır?
– Bu da mənim çoxdandır
yazdığım “Ölü
mətn” romanının
nəşridir. Bu əsər nədəndir?
Mən qəti olaraq bu fikirdəyəm ki, bizim coğrafiyada
bizə aid olan bu təfəkkür və baxış bucağı mənəvi
sferada bir çox bitkin, dünyanı idarəedəcək
konsepsiyalar bəxş
edib. Məsələn, Seyid Yəhya
Bakuvinin xəlvətiyyə
dərvişliyi, ondan
yaranan işrakılıq,
bundan yaranan Avropadakı lüminatlar və Avropada bu günə qədər xəlvətiyyə
dərviş təlimin
yaşaması buna sübutdur. Məsələn,
Seyid Yəhya Bakuvinin yaratdığı
sufi məktəbinin
21 osmanlı imperatoru müridi olub.
Yeri gəlmişkən,
S.Y.Bakuvi barədə
bir ssenari yazmışam, o da çəkilir. İyunda Bakıda S.Y.Bakuvi
haqqında böyük
bir simpozium olacaq, onun həyat
və yaradıcılığı
haqqında Misirdən,
Əl-Cəzairdən və
digər ölkələrdən
böyük mütəxəssislər
dəvət olunub.
Orada bu sənədli film göstəriləcək.
“Ölü
mətn” Türkmənçaydan
sonra Azərbaycanda yaranan, transfer olunan yeni təfəkkürün
formalaşması və
bu gerçəklikdə
həmin o ruhani dəyərlərin qətlə
yetirilməsi haqdadır.
Bir gənc
oğlan roman yazır,
gəlir ustadının,
xocasının yanına,
əslində o şəxs
özüməm, gəlir
onun yanına, deyir roman yazmışam, amma bu əski
əlifbadadır, oxuya
biləcəksən bunu? O da uşağa yox demir, deyir qalsın
oxuyaram, amma oxuya bilmir, çünki
əski əlifbanı
bilmir. Amma hər dəfə
bu romanı oxuduqca bir yeni
süjet oxuyur. Hər süjetin sonu nədənsə qətllərlə,
ölümlərlə bitir.
Mən ekjen, postmodernist, tarixi roman janrında və digər janrlarda elə hadisələri seçmişəm
ki, bu hadisələrin
hamısında bizim nəyisə, hansısa ruhani dəyəri itirməyimiz ön plandadır. Bir romanın
içində 6-7 roman var
və sonda belə məlum olur ki, o gənc
də, ustad da elə eyni
adammış.
– İtirilmiş
dəyərlərdən danışdınız. İndiki dövrdə ən
çox hansı dəyər itib?
– İnsan itib. Hər bir
canlının yer üzündə missiyası
var. Mən inanmıram
ki, insan təkcə bioloji varlıqdır – yeyib, yatıb, artıb, ölümə getmək üçün gəlməyib
dünyaya. Bunun üçün
Allah başqa növləri
yaradıb. “İnsan hələ insan olacaq materialdır”
– Nitşenin bu fikri sizə tanışdır. İnsan bu
gün arınmaq, durulmaq, insan olmaq dəyərlərini itirib. İnsan kimi aram,
sakit, yaradıcı, sevgi ilə, paylaşmaqla yaşamasını
itirib. Düzdür, mən utopiya
danışıram bəlkə,
amma hər halda insanın missiyası budur.
– Efir məkanında da xeyli sayda itirilən
dəyərlər var. Sizin
sözünüzə, özünüzə
efirdə böyük
ehtiyac var. Təzə
televiziya layihələriniz
varmı?
– Var. Elə ATV-də “Nə xəbər” layihəsinin praym-taymda, yəni informasiya saatında efirə çıxması gözlənilir.
Lap bu yaxınlarda
bu gerçəkləşəcək.
İmicimi dəyişmək istəyirəm, qalstuksuz olacam. Gündəlik yayım olacaq,
gün ərzində baş vermiş ən mühüm hadisəni, baş xəbəri “Zorxana” dilində şərh etmək istəyirəm.
Siz mənim obyektivliyimi bilirsiniz, bir yerdə çalışmışıq,
Azərbaycan insanın
problemlərini həll
etməkdə, onların
ruhani qatda yaşamasını təmin
etməkdə bu verilişdə nə boyda xidmət edə bilərəmsə,
o boyda da xidmət edəcəm.
Buna söz verirəm.
– Siz həm də Mədəniyyət və
Turizm Nazirliyinin nəznində “Mozalan”da çalışırsınız. “Mozalan” nə iş görür?
– Çox mühüm yenilik var. Bu ildən “Mozalan”ın bazasında “Molla Nəsrəddin” jurnalının təkrar nəşrinə başlanacaq.
Bu jurnal tək
Bakıda çıxmırdı,
çox böyük coğrafiyanı əhatə
edən bir jurnal idi. Bu jurnalın Qaspiralıdan
başlayan ən azı bir əsrlik
Krım tarixi var.
“Molla
Nəsrəddin”in bir vaxtlar əhatə etdiyi o böyük coğrafiyanı siyasətimizlə,
mədəniyyətimizlə, iqtisadiyyatımızla fəth
etmək istəyirik.
Çox
tezliklə bu jurnal çıxacaq.
Təbliğat işimiz də
olacaq. Ən axırıncı səhifədə, məsələn,
Qız qalası haqqında material veriləcək
və qala haqqında tarixi, sənədli filmin diski vizual olaraq
qoyulacaq ora. Yaxud Azərbaycan xörəkləri,
məsələn, dolma
və onun Azərbaycan xörəyi olması haqqında tarixi dəlillərə dair disk olacaq. Və bunlar bütün dünyaya yayılacaq.Məsələn, indi
karikatura janrı az qala ölüb Azərbaycanda,
qəzet, jurnallarda rast gəlmirəm. “Molla Nəsrəddin”in
dilinə qayıdış
onu da dirçəldə
bilər.
Tural Əliyev
Baku Post.-2013.-20 aprel.-S.11.