Pulsuz online kurslar açılır
3000-dən çox gəncin baş vurduğu bir məkan. 1000-ə yaxın cavanın müxtəlif kurslar keçdiyi bir mərkəz. Günün istənilən saatında burada kompüter arxasında oturub nəyisə öyrənən, xarici dildə danışan, hansısa müzakirələrdə iştirak edən kiməsə rast gəlmək mümkündür. Bura Bakının mərkəzində yerləşən Gənclər Evidir. Mərkəzin direktoru Elşad Abdullayev bildirir ki, paytaxtdakı digər Gənclər Evlərindən fərqli olaraq yalnız “Azərbaycan Gənclik, Mədəniyyət, İncəsənət və Elm Evi” Gənclik Sosial İnkişaf Proqramı üç QHT tərəfindən idarə olunur: “Gənclər Evi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərir. Ötən ilin noyabrında işə başlayanda ilk olaraq gənclər üçün ən önəmli sahələri seçdik və bunlara dair kurslar açdıq. Bunlar liderlik, fandreyzinq, dil və kompüter, marketinq kursları idi. Önəmli ona görə deyirik ki, indi gənclərin əksəriyyətində özünü təqdim etməklə bağlı ciddi problemlər var. Onlar liderlik bacarıqlarına yiyələnəndən sonra təşəbbüslərini reallaşdırmaq üçün maliyyə vəsaiti axtarışlarına çıxmalıdırlar. Öz ideyasını tanıtdırmaq üçün isə marketinq bacarıqları gərəkdir. Və nəhayət, kompüter və ingilis dili bilikləri artıq bütün peşələrin cövhəridir. Bunlardan əlavə, gənclər üçün həm də media kursları yaratdıq”.
Gənclər Evində kurslar müxtəlif müddətliyinə keçirilir. Bunlar arasında liderlik kurslarının daha çox maraqlı qarşılandığını demək olar. Çünki bu təlimlərdə müstəqil həyata qədəm qoymağa hazırlaşan gənclərə liderlik qabiliyyətinin nədən ibarət olduğu açıqlanır, çətin situasiyalarda necə davranmaq haqda məlumatlar verilir. Təlimləri müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunur.
E.Abdullayevin
sözlərinə görə, indiyə kimi
9 ingilis dili
kursları baş tutub:
“İlk aylarda Gənclər
Evinə böyük axın oldu. Təsəvvür edin,
3500-dən çox gənc qeydiyyatdan keçib.
İndiyədək 980 nəfər kurslarımız və
seminarlarımızdan bəhrələnib, digərləri isə
növbələrini gözləyir”.
Klublar
Gənclər Evinin nəzdində
Deyl Karneqi kitablarını sevənlər klubu da yaradılıb:
“Belə bir klubun yaradılması təklifi elə gənclərin
özündən gəlib. Liderliklə bağlı seminarlarda
hər dəfə gənclərin məhz Karneqidən misal
çəkdiyini görürdüm. Nəticədə belə
bir təşəbbüs ortaya çıxdı. İndi bu və
digər klublarda təmsil olunan gənclərimiz həm də
ictimai həyatda birgə təşəbbüslər həyata
keçirirlər. Birgə konsertlərə gedirlər, tədbirlərdə
iştirak edirlər”. Bundan əlavə, Gənclər Evində
ingilis, alman, rus və Azərbaycan dili və ədəbiyyatını
sevərlər klubu da yaradılıb. Azərbaycan dili və ədəbiyyatı
sevərlər klubu ölkəmizdə təhsil alan, işləyən
əcnəbi gənclər üçün nəzərdə
tutulub.
Breyn-storminq
Gənclər Evində ara-sıra
breyn-storminq (beyin hücumu) bu tipli toplantılar da
keçirilir. E.Abdullayev deyir ki, məhz bu tip tədbirlərdə
ən çılğın fikirlər belə səsləndirilir.
Məsələn, Xankəndində açılması
planlaşdırılan aeroportla bağlı çox gözlənilməz təkliflər ortaya
çıxıb. Seminarlar
arasında isə qadın hüquqlarına aid müzakirələr
daha çox maraq doğurub. Hətta bəzi gənclər əvvəlcədən
həmin seminara yazılıblar.
Məzunlar
da var
Lakin Gənclər Evi
öz vəzifəsini yalnız təlim və seminarlarla
bitmiş saymır. Bu mərkəz gənclərin əlaqələrini
gücləndirməsinə də yardım edir. Belə ki,
ötən həftə Gənclər Evinin məzunlarının
ilk görüşü keçirilib. Görüş
zamanı artıq iş sahibi olan gənclər öz təcrübələrini
bölüşüblər, karyera həyatında faydalı
ola biləcək fikirlərini paylaşıblar. Yəni, bu mərkəz
doğrudan da aktiv olmaq istəyən, cəmiyyətdə
tanınmaq, uğur qazanmaq arzusunda olanlar üçün
doğma məkana çevrilib.
Gənclər Evinin rəhbəri
Elşad Abdullayev qeyd edir ki, burada 17-28 yaş arasında olan
istənilən şəxs öz maraqlarına uyğun sahədə
təlimə qatıla bilər, istənilən sahəyə
aid suallarına cavab tapa bilər: “Kurslara qatılmaq
üçün heç bir əlavə şərt yoxdur. Əsas
məqsədimiz gənclərin məşğulluq probleminin həllinə
kömək etmək, maraqlı təşəbbüslərini
dəstəkləmək, həmçinin onların fərdi
inkişaflarına yardımçı olmaqdır. Hər bir kəs
gəlib qeydiyyat formunu doldurub istədiyi kursa qatıla bilər”.
Direktor Gənclər Evində təcrübə
keçmək imkanlarının olduğunu da
vurğulayır. Artıq bu ofisdə kurs keçənlərin
özləri təlimçi sertifikatı alıblar: “Məsələn,
bizdə ofis menecer assistenti kimi işləyib təcrübə
keçənlər də olub. Gələcəkdə burada
sırf peşə öyrədən kurslar açmağı
planlaşdırırıq. Fotoqraflıqdan tutmuş, toxuculuq
və s. sahələrə kimi”.
Pulsuz distans təhsil
Söhbətin sonunda Elşad
Abdullayev Gənclər Evinin tamamilə yeni bir təşəbbüsü
haqqında da məlumatı açıqladı. Belə ki, bu
mərkəz yaxın aylarda müxtəlif sahələrdə
distans təhsil tətbiq edəcək: “Bakıda keçirilən
kurslar online şəkildə yayımlanacaq və nəinki Azərbaycanda,
ümumiyyətlə, dünyanın hər bir yerindən azərbaycanlı
gənclər bu pulsuz kurslardan bəhrələnə biləcəklər.
Kursu bitirənlər internetlə imtahan verib
sertifikatlarını alacaqlar. Düşünürük ki, bu
layihə dünyadakı gənc azərbaycanlılar
üçün böyük əhəmiyyət kəsb edəcək. Hazırda Kanadada elə insanlar var
ki, bu proqramın işə düşməsini gözləyir”.
Gənclər Evi layihəsi Gənclik
sosial inkişaf proqramının tərkib hissəsidir və 2 il davam edəcək. Layihə
“Dünya Türk Gənclər Birliyi” İctimai Birliyi, Azərbaycan
Respublikası Gənclər Təşkilatları Milli
Şurası və “Azərbaycan İnkişaf Mərkəzi”
İctimai Birliyi tərəfindən icra olunur.
Fərəh Sabirqızı
Baku Post.-2013.-24 aprel.-S.8.