Kökəlməmək
üçün...
Azərbaycanda
əhalinin 60 faizə yaxın hissəsi artıq çəkidən
əziyyət çəkir. Bu göstərici Səhiyyə
Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin
əhali arasında keçirdiyi sorğu nəticəsində
bəlli olub.
Mərkəzin
direktoru Ceyhun Məmmədov sorğuda üzə
çıxan digər maraqlı nəticələri də
açıqlayıb. Bəlli olub ki, Azərbaycanda insanlar
arasında artıq çəki 35,8%, piylənmə isə
21,9% təşkil edir. Özü də piylənmədən əziyyət
çəkən qadınların sayı kişilərdən
əhəmiyyətli dərəcədə çoxdur.
İndi piylənmə təkcə Azərbaycanda
yox, ümumiyyətlə, bütün dünyada bir nömrəli
problemlərdən birinə çevrilib. Adətən piylənmənin
səbəbini hərəkətsiz həyat tərzi və tez
hazırlanan yeməklərdə (fast-food) görürlər.
Çünki adətən belə yeməklərin tərkibində
dəyərli qida maddələri ya az olur, ya da ümumiyyətlə,
olmur. Əvəzində yeməyin uzun müddət təzə
qalması üçün qatışıqlar vurulur.
Qazlı içkilər, şirniyyatlar, konfet və dondurmalar –
bunlarda da daha çox kalori, orqanizm üçün daha az
fayda olur.
Qida rasionu
Azərbaycana
gəlincə, kökəlməyimizə səbəb kimi əsasən
yeməklərimizin kalorili, yağlı olduğunu göstərirlər.
Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov
deyir ki, Azərbaycanda insanlar hər cür yemək yeyir. Bu da
ölkə ərazisində 9 iqlim zonasının mövcud olması
ilə əlaqədardır. Lakin baş kulinar Azərbaycanın
mətbəxində yağlı yeməklərin
üstünlük təşkil etməsi ilə bağlı
deyilənlərin həqiqətə zidd olduğunu bəyan
edir: “Məsələn, 1 kilo düyünü bişirib
üstünə 50 qram yağ qoysaq, bu, artıq yeməyin
yağlı olması deyil, hesabın düzgün
aparılmamasıdır. Yeməyin üstündən ayran
içmək, turş meyvə yemək də yağları
parçalayır. Sadəcə, qida rasionuna fikir vermək
lazımdır”. T.Əmiraslanov deyir ki, Azərbaycan mətbəxində
ətli yeməklər üstünlük təşkil edir.
Bununla belə, bütün növ tərəvəzlərdən
də istifadə edilir: “Biz əkinçilik məhsullarını,
qoyun ətini daha çox sevirik, ov ətlərindən istifadə
edirik. Axşam da yemək olar, sadəcə hər şey qədərində
yeyilməlidir”.
Baş kulinar bəyan edir ki, yağsız yemək olmaz. Çünki piy insanı radiasiyadan qoruyur: “Amma piyin də yeyilmə qaydası var. Qoyunu kəsən kimi onun quyruğundan 3-5 dəqiqə ərzində yemək xeyirlidir”.
Tahir Əmiraslanov bildirir ki, hər bir insan qida rasionunu öz həyat tərzinə uyğun qurmalıdır. Əgər az hərəkət edirsənsə, onda az kalorili yeməklərə üz tutmaq lazımdır. Çox yeyirsənsə, onda daha çox da kalori xərcləməlisən.
Yeri gəlmişkən,
baş kulinar dərman yolu ilə qısa müddətdə
arıqlamağın orqanizm üçün ciddi fəsadlar
törətdiyini də xatırladır: “Bədəni sürətlə
arıqladan dərman orqanizmi dəyişir, deməli, metabolik
proseslərə təsir edir. Bu isə gələcəkdə
orqanizm üçün təhlükə yarada bilər.
Arıqlamaq üçün idmanla məşğul olmaq və
yemək rejiminə fikir vermək vacibdir”.
Dieta
reseptləri
Arıqlamaq üçün qadınlar daha çox pəhriz saxlamağa üstünlük verirlər. Amma dünyada 40 mindən çox dieta resepti var. Və təbii, onların hamısı hər kəs üçün eyni ola bilməz. Odur ki, həkim-dietoloqlar pəhrizlərdən kortəbii istifadə etməyi düzgün saymırlar. İdeal variantda dietaya başlamazdan öncə bütün orqanlar üzrə həkim müayinəsindən keçmək və bədənin statusunu öyrənmək lazımdır. Pəhriz resepti hər orqanizmə uyğun yazılmalıdır.
Son 30 il ərzində bütün dünyada piylənmədən əziyyət çəkənlərin sayı 2 dəfə artıb. Hazırda dünyada yarım milyarddan çox insanın artıq çəkisi var. Britaniyanın The Lance tibbi jurnalının 199 ölkədə apardığı araşdırmanın nəticələrinə görə, 20 yaşından yuxarı insanlarda Bədən Çəkisi İndeksi yuxarıdır – kişilər üçün 33,9 və qadınlar üçün 35,5 (bu göstəricinin 30-dan yuxarı olması piylənmə kimi qiymətləndirilir). Dünyada ən arıq millət yaponlar, ən piylənənlər isə amerikalılar qəbul edilir. İndi həkimlər piylənmənin pandemiya halını aldığını hesab edir. Çünki ildən-ilə artıq çəki çox güclü tibbi və sosial bir bəlaya çevrilməkdədir.
Təkcə
Rusiyada son 5 ildə artıq çəkisi olanların sayı
15 faiz artıb. Buna görə də bu il ilk dəfə
olaraq mayın 21-də Rusiyada “Piylənmə ilə mübarizə
günü” elan edilib. Sirr deyil ki, piylənmə ürək-damar
xəstəlikləri və şəkərli diabet riskini dəfələrlə
artırır. Bu xəstəliklər isə nəinki Azərbaycanda,
ümumiyyətlə, bütün dünyada ölüm
halları arasında ilk yerlərdədir. Deməli, biz
yaşamaq üçün yeyirik. Amma elə çox yediyimiz
üçün də tez ölürük.
Özümüz ölçək
Hər bir insan artıq çəkisinin olub-olmadığını bilmək üçün Bədən Çəkisi İndeksini ölçə bilər. Bunun üçün bədən çəkisinin kq-la ölçüsünü boyun metrlə kvadratına bölmək lazımdır. Məsələn, əgər sizin çəkiniz 80 kq, boyunuz 1,76 metrdirsə, onda siz 80 kq-ı 1,76-nın kvadratına bölməlisiniz: 80 kq / 3,1 m 2 =25,8. Yəni sizdə yüngül artıq çəki vardır.
Çəki normadan aşağıdır - 19,5-dən az:
Normal çəki - 19,5-24,9;
Artıq çəki - 25-29,9;
Piylənmə - 30-dan yuxarı.
Fidan Muradlı
Baku Post.-2013.-24 aprel.-S.7.