Siqaret çəkmə, film çək!
“Addım” Yaradıcı Gənclər Assosiasiyasının təşkilatçılığı ilə Bakıda ilk dəfə 31 May – Beynəlxalq Tütün Əleyhinə Müdafiə Günü ilə əlaqədar “No Smoking” Film Festivalına start verilir. Festivalın bu yaxınlarda geniş kütləyə təqdim olunacaq videoçarxında siqaretdən istifadə etməyən məşhurlar – Flora Kərimova, Murad Dadaşov, Brilliant Dadaşova, Həmidə Ömərova, Eldar Qasımov, Sabina Babayeva, Elnarə Xəlilova, Firdovsi Atakişiyev, Azəri qızı Günel, Elnur Məmmədov, Hüsniyyə Məhərrəmova, Aytən Səfərova, Səxavət Nur, Felix Vişnevetski, Elza Seyidcahan və başqaları çəkilib.
“Addım” Yaradıcı Gənclər Təşkilatının təsisçisi, “No Smoking” Film Festivalının direktoru, fəlsəfə elmləri doktoru Hüseyn Cavadzadə “New Baku Post”a müsahibəsində bildirib ki, siqaret əleyhinə çəkiləcək filmlərin müsabiqəsi çərçivəsində silsilə sosial aksiyaların gerçəkləşdirilməsi də düşünülüb. Qeyd edək ki, təşkilatçılardan biri də daim siqaret əleyhinə mübarizə aparan Xalq artisti Brilliant Dadaşovadır. “Addım” Yaradıcı Gənclər Assosiasiyası və “No Smoking” Film Festivalı haqqında H.Cavadzadə suallarımızı cavablandırıb.
– “Addım”
Yaradıcı Gənclər Assosiasiyası hansı zərurətdən
yarandı?
– Bu gün Azərbaycanda istedadlı gənclər çoxdur və bəzən onlar öz potensiallarını reallaşdırmaqda çətinlik çəkir. “Addım”ın təsisçilərindən biri də “Eurovision-2011” Mahnı Müsabiqəsinin qalibi Eldar Qasımovdur. Biz hər dəfə görüşəndə o, bu barədə söhbət edirdi. Bu barədə ona internetlə çoxlu sayda gənc müraciət edib. Eləcə də mən və KİV-in istedadlı nümayəndələrindən biri olan Ülkər Qasımova artıq neçə illərdir ki, bu sahə ilə məşğuluq. “Addım”ı yaratmaqla gənclərimiz üçün daha çox iş görə biləcəyimizi düşündük.
– Assosiasiyanın
ilk işi niyə məhz
siqaret əleyhinə film
festivalı oldu?
– Hazırda siqaret dünyanın ən böyük problemlərindən biridir. Şəxsən mən siqaret çəkilən məkanlardan uzaq olmağa çalışıram. Siqaretin insan sağlamlığına və cibinə ziyanı var. Festivalla gənclərin diqqətini bu mövzuya yönəltmək və onları bu zərərli vərdişdən daşındırmaq istəyirik. Artıq 5 ildir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi çalışıram, gənclərin bu mövzuya marağı çox böyükdür, həm də bütün dünyada tütün əleyhinə mübarizə aparılır. Biz də “Addım” Yaradıcı Gənclər Assosiasiyası olaraq belə qərara aldıq ki, bu mövzunu gənc kinematoqrafçılar arasında aktuallaşdıraq. Layihə çərçivəsində keçiriləcək aksiyalarda nümayiş olunacaq filmlərlə düşünürəm ki, qarşıya qoyduğumuz missiyanın öhdəsindən gələcəyik. Şüarımız da buna əsaslanır: “Siqaret çəkmə, film çək!”
– Deyirsiniz
ki, siqaret əleyhinə
çəkiləcək filmlərin müsabiqəsi çərçivəsində
silsilə sosial aksiyaların gerçəkləşdirilməsi
də düşünülüb.
Hansı tədbirlər və aksiyalar olacaq?
– May ayında baş tutacaq tədbirlərimizdə həkimlər də iştirak edəcək, mütəxəssislər siqaretin ziyanı haqqında geniş məlumat verəcək.
– Festival
üçün çəkilən videoçarxda yer alan məşhurları necə seçdiniz?
– Bu məşhurların heç biri siqaret çəkmir. Əslində onları
tapmaq çətin oldu. Amma hər biri böyük məmnuniyyətlə
layihədə iştirak
etdi. Baxmayaraq ki, format bizim
şou-biznes üçün
bir qədər fərqli idi. Videoçarxda 18 məşhur
sima yer alıb. Məncə, bu heç də
az göstərici
deyil. Yeri gəlmişkən, videonu bizim universitetin
kinorejissorluq kursunun tələbələri İsmayıl
Zeynalov, Gülsüm Ağayeva və Leyla Qəmbərli ərsəyə gətirib.
– “No Smoking” Film Festivalında iştirak etmək istəyənlər
üçün şərtlər
hansılardır?
– Əsas şərt
budur ki, çarx siqaret əleyhinə olsun. Filmlərin
qəbuluna artıq başlanılıb və may ayının
20-dək davam edəcək.
Filmlər bədii, sənədli və animasiya janrında ola bilər.
Xronometraj 1-20 dəqiqədən çox olmamalıdır.
Festival iştirakçıları
üçün yaş,
təhsil və başqa məhdudiyyətlər
qoyulmayıb. Sadəcə, Azərbaycan vətəndaşlığının
olması kifayətdir.
Çünki bu il müsabiqə
ölkədaxili formatda
keçirilir.
Əgər uğurlu
alınsa, gələn
il beynəlxalq
səviyyəyə çıxmaq
fikrimiz var.
– Münsiflər
heyətinə kimlər
daxildir?
– Münsiflər heyəti bütün seçimləri
edəcək. Münsiflər
heyəti videoçarxda
yer alan
iki məşhur sima və peşəkar
kino xadimlərindən
ibarət olacaq. Onların kimliyi isə 31 mayda Park Cinemada gerçəkləşəcək festivalın Gala gecəsinədək
gizli saxlanılacaq.
Çünki biz tam şəffaf bir müsabiqə keçirməyi düşünürük.
Festivalda
Qran-Pri mükafatçısını
ikinəfərlik səyahət
paketi gözləyir.
Digər
üç yer və tamaşaçı
rəğbətinə görə
seçilən bir yerin sahiblərinə “Sony
Xperia” androidləri, eləcə də diplomlar təqdim ediləcək.
– “New Baku Post” qəzeti də siqaret əleyhinə kampaniya keçirir. Sizin buna münasibətiniz?
– “Addım” təşkilatının
təsisçisi kimi məmnuniyyətlə layihənizə
qoşuluram. Bununla yanaşı, istənilən
layihədə sizinlə
əməkdaşlıq etməyə
hazıram. Gəlin,
əl-ələ verib
cəmiyyətimizi bu zərərli vərdişlərdən
çəkindirək!
– “Addım”ın
bundan sonrakı layihəsi nə olacaq?
– Növbəti layihəmiz
may ayında təqdim
olunacaq. Bu haqda
hələlik açıqlama
vermək istəmirəm.
Sadəcə onu deyə bilərəm ki, yay aylarında yaradıcı
gənclərlə böyük
işlər görəcəyik.
Ümidə Həsənli
Baku Post.-2013.-24 aprel.-S.10.