Azərbaycan dili üçün
“iməcilik”
Küçə adları, afişa
və reklamlarda Azərbaycan ədəbi dilinin normalarının pozulması hallarına rast gələndə, bundan şikayət etmək mümkün olacaq. Bu, Prezidentin
“Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə
uyğun istifadəsinə
və ölkədə
dilçiliyin inkişafına
dair Dövlət Proqramı”nda nəzərdə
tutulub. Proqrama əsasən, yaxın
illərdə dil normalarının pozulma hallarını müəyyənləşdirmək
üçün “Qaynar
xətt” yaradılacaq.
Və istənilən vətəndaş
üzləşdiyi pozuntularla
bağlı bura şikayət edə biləcək.
Hamı üçün məsuliyyət
Dilçi-alim, Milli Məclisin Mədəniyyət
məsələləri Komitəsinin
sədri Nizami Cəfərov hesab edir ki, bu
proqram cəmiyyətin
hər bir üzvünün üzərinə
məsuliyyət qoyur:
“Çünki cəmiyyətin
hər bir üzvü dil daşıyıcısıdır. Digər tərəfdən, dərsliklərin
hazırlanması, virtual informasiya
resurslarının, “Qaynar
xətt”in yaradılması
hər bir vətəndaşın bu
proqramda iştirakını
təmin edəcək.
Küçə reklamlarında, lövhələrdə,
xüsusilə də yazılarda qüsur görərsə, ana dilinin hüquqlarının
məhdudlaşdırıldığı
hallar ilə üzləşərsə, məlumat
verə biləcək”.
“Coca-Cola” necə yazılmalıdır?
N.Cəfərov bəzən
bu məsələlərdə
vətəndaşların ifrata
vardığını, dünyaca
məşhur brendlərin
yazılışına da
etiraz edirlər: “Məsələn, “Coca-Cola”nın
oxunduğu kimi yazılmasını tələb
edənlər tapılır.
Halbuki, bunun heç qrafikasını da dəyişmək olmaz.
Belə müraciətlər olarsa,
vətəndaşlara ən
azından izahat veriləcək. Amma elə də ola bilər ki, Bakının uzaq küçələrindən
birində kiçik bir dükan üzərində “Baby shop” yazılıbsa
və vətəndaş
bunu deyərsə, onda qarşısı alınmalıdır”. Deputat
etiraf edir ki, bəzən heç xarici dillərdə yox, elə öz dilimizin tətbiqində də səhvlər olur: “İndinin özündə də yazılarımızda bəzi
qüsurlar olur. Məsələn, müxtəlif
mənbələrdə Müşfiq
sözünün, şairin
adının dəfələrlə
səhv yazıldığının
şahidi olmuşuq – bu sözü “k”, “q” ilə, bəzən “v” ilə yazırlar”.
“Avroviziya”, ya“Eurovision”?
Millət vəkili
dilimizə daxil olan yeni sözlərlə
bağlı diqqətli
olmağı da vacib bilir: “Bu sözlərin yazılışı,
tələffüzü haqqında
aydın təsəvvür
olmalıdır. Məsələn,
bir neçə il öncə
dilimizə əvvəllər
eşitmədiyimiz “Avroviziya”
sözü daxil oldu: “Bunu “Eurovision”, “Avrovision”, “Yevroviziya”, hətta “Avrogöstəri”
forması da işlənildi. Bu cür məsələlərdə
KİV-lər daha həssas olmalıdır”.
KİV-lərin öhdəliyi
Dilin bir neçə
üslubunun olduğunu
xatırladan Nizami Cəfərov hesab edir ki, dilin
tətbiqində peşəkarlığın
ən az
olduğu yer KİV-lərdir: “Ancaq paradoks ondadır ki, dilin inkişafı
da məhz KİV-in içində gedir. Hər bir yeni insanın
təfəkkürü bura
gəlir, media bu baxımdan daha demokratik məkandır.
Bir sözlə, dil həm inkişaf edir, həm də korlanır. Amma KİV-i də məhdudlaşdırmaq
olmaz, hər şeyi çərçivəyə
salsan, onda inkişaf da olmaz. Elə bir balans tapılmalıdır ki, həm dil inkişaf
etsin, həm də normativliyə əməl olunsun”. Buna görə də
N.Cəfərov akademik
olaraq normativlərin dəqiq müəyyənləşdirilməsinin,
yalnız orfoqrafik deyil, orfofonik lüğətlərin yenilənməsinin
tərəfdarıdır.
Hərəkət
vaxtı
Həmsöhbətim bu proqramı
“Bütövlükdə cəmiyyəti
hərəkətə gətirə
biləcək bir proqram” adlandırır və hesab edir
ki, sənəddə konkret tələblər qoyulduğundan, onun icrası da vaxtında və effektiv formada yerinə yetiriləcək.
“Azərbaycan dilinin
qloballaşma şəraitində
zamanın tələblərinə
uyğun istifadəsinə
və ölkədə
dilçiliyin inkişafına
dair Dövlət Proqramı”nda bir çox nazirliklərin, qurumların qarşısına
ciddi tələblər
qoyulub. Konkret olaraq yaxın
2 ildə Azərbaycan
dilinin öyrənilməsi
və təbliği sahəsində informasiya-kommunikasiya
texnologiyalarının tətbiqini
gücləndirmək üçün
Azərbaycan dilinin ümumi informasiya bazasının yaradılması
nəzərdə tutulub.
Həmçinin, Azərbaycan dilinin
təkmilləşdirilmiş yeni orfoqrafik, izahlı, frazeoloji, terminoloji, tərcümə,
ensiklopedik və elektron lüğətləri
hazırlanacaq. “Əlyazmaların elektron kitabxanası” və
internet portalı yaradılacaq.
Digər
tərəfdən, beynəlxalq
standartlar əsasında
milli terminoloji informasiya sistemi qurulacaq. Azərbaycan
dilinin tədrisinin genişləndirilməsi məqsədilə
Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə “Nitq mədəniyyəti” fənninin
tədrisi təmin ediləcək.
Fərəh Sabirqızı
Baku
Post.-2013.-27 aprel.-S.9.