Dünya rəqs edir
29 aprel dünyada Beynəlxalq Rəqs Günü
kimi qeyd edilir. Rəqs mədəniyyəti rəngarəng
olduğundan dünya
xalqları və xüsusən də
bu sənəti sevənlər daim axtarışdadır ki,
bilmədiklərini görüb-götürsünlər.
Azərbaycan
Dövlət Rəqs Ansamblının solisti,
respublikanın Xalq artisti
Təranə Muradova mahir
usta olmaqla bərabər
həm də rəqs mədəniyyətinin bilicisidir.
Müasir dönəmdə oynanılan rəqslərə
toxunan sənətçi Azərbaycanda ilk müzikl-tamaşanın
hazırlanacağını da
açıqlayıb:
– Deyə bilərsinizmi, rəqs necə
yaranıb?
– Klassik rəqs sayılan balet
İngiltərədə yaranıb. O vaxtların rəqsi uzun paltarda
oynanılıb. Lakin sonra
İngiltərədə balerinalardan biri paltarının ətəyini dizədək kəsib. Bu hamını təəccübləndirib. Lakin balerina rəqs
zamanı ayaqların görünməsinin vacib
olduğunu bildirib. Rəqs
bədənin musiqi müşayiəti ilə
plastik hərəkətidir. Tarixən insanlar bədəninin plastik
hərəkətləri ilə hansısa fikirləri
çatdırmaq istəyiblər. Rəqs mütləq ssenari əsasında qurulmalıdır. Hindistan, Braziliya, Banqladeş kimi ölkələrdə hər rəqsin öz anlamı, hər hərəkətin öz mənası var.
– Deyirlər, bəy toyda oynayanda bolluq olar. Doğrudanmı, oynamaq bolluq
gətirir?
– Bəli. İnsan oynayanda ruhu dincəlir, sevinir, gülür, qəlbi təmizlənir, sanki Allah
ona ruzi verir. Nəfsini boğa bilməyəndən
isə ruzi qaçır. İstər professional rəqqas olsun, istər adi insan, qəlbi təmiz olmayan heç vaxt gözəl oynaya bilməz.
– Rəqqasə,
həm də müəllim kimi fəaliyyət göstərmək
çətin deyil?
– 18 il əvvəl
mənə “Səyyah”
uşaq ansamblının
bədii rəhbəri
olmaq təklif edildi. 4-5 yaşlı
uşaqlarla müəllimliyə
başladım. İnsan yaxşı
rəqs edə bilər. Amma müəllimlik sənətini
daim öyrənib cilalamaq lazımdır.
Hazırda İncəsənət Gimnaziyasında
xoreoqrafiya şöbəsinin
müdiriyəm, Dövlət
Rəqs Ansamblının
solistiyəm, Avstriya-Azərbaycan
Cəmiyyətinin sədriyəm,
xeyriyyə işləri
ilə də məşğulam. Bir yerdə
oturmağı sevmirəm.
İdman
bayramları üçün
rəqslər qururam.
Təşkilatçılıq edirəm. İndi toylarda
oynamaq mədəniyyəti
varmı?
– Müasir
toylarda gəlinlə bəy xüsusi rəqs nömrəsi hazırlayır. Buna münasibətiniz?
– Çox gözəl baxıram, mən özüm də belə rəqslər qururam. Bəylə gəlin öz solo rəqsi ilə sanki qonaqlara “xoş gəlmisiniz, bu axşam bizim bayramımızdır” deyir.
Cütlüklər arasında
klassik valslar, milli
ilə müasir rəqslərin sintezini oynayanlar var. Mənim üçün təkcə
bir məqam xoş deyil: bəzən gəlin vals və başqa
incə rəqs oynadığı yerdə
birdən keçir Maykl Ceksonun mahnısını oynayır. O xanımdır,
incə rəqslər
oynamalıdır. Gəlinin dingildəməyi xoş deyil. Azərbaycan gəlini ilə bəyi “Vağzalı-Mirzeyi”, “Uzundərə”
kimi lirik xalq, Tofiq Quliyev,
Fikrət Əmirov, Cahangir Cahangirovun mahnılarını klassik
vals kimi oynaya bilər.
– Bir
ara ərəb
rəqsi oynamaq dəb idi. Bu
rəqs bizim bədən quruluşumuz,
tipologiyamıza uyğundurmu?
– Şənlik, şuxluq yaratmaq üçün ərəb
rəqsi xoş təsir bağışlayır,
amma mentalitetimizə
uyğun deyil. Çox sayda xalq rəqslərimiz var. Ərəb rəqsi oynayaraq qaraçı
kimi qonaqlardan pul yığan rəqqasları sevmirəm.
Rəqsdən bixəbər
stola yaxınlaşıb
bədənini tərpədir
ki, harasına isə pul qoysunlar,
bunu qəbul etmirəm.
– Dövlət
Rəqs Ansamblında hansı yeniliklər var?
– “Səyyah” ansamblı artıq “Odlar yurdu” adlanır. Kommersiya tiplidir. Böyüklər və balacalar professional formada rəqs edir. Aprelin 23-də Türkiyənin
İsparta şəhərində
“Uşaq bayramı”nda
Azərbaycanı layiqincə təmsil etdik. Dövlət Rəqs Ansamblı
isə mənim ailəm, ömrümdür.
May ayında 40 nəfərlik
heyətlə İstanbul
və Ankara, sonra Fransanın Kann şəhərinə gedəcəyik.
Böyük proqram hazırlayırıq.
Milli və dünya rəqslərini ifa edirik. Avropaya çıxacağıq.
– Heyət
tez-tez dəyişir?
– 60 nəfər heyətimiz var. 18 yaşımdan
bu kollektivdəyəm,
artıq 30 ildir. 20 ildir solistəm.
Üzvlərimiz 5-6 ildən bir
dəyişir. Kimsə təqaüdə
çıxanda və
ya işdən gedəndə xoreoqrafiya məktəbindən 2-3 nəfər
seçirik.
– Rəqqasın
səhnə ömrü
neçə ildir?
– Səhnə ömrü çox qısadır. 40-45 yaşında
səhnəni tərk
edirik. İndi mən günlərimi
sayıram. Mənim üçün
çox ağır vaxtlardır. Çünki bilirəm ki, səhnəni tərk etməliyəm (kövrəlir).
Səhnə mənim üçün
ayrı bir həyatdır. Sevgi ilə
səhnəni bölüşdürmədim.
Mənim
üçün səhnə
və ailəm ayrılmaz varlıqdır.
Səhnədən yarımdan ayrı
düşmüş kimi
gedəcəm. Amma
rəqsin sirlərini sevə-sevə öyrətdiyim tələbələrimi
səhnədə görmək
elə sənəti davam etdirməkdir.
Rəqsin gələcəyinin yaxşı olacağına
inanıram. Cəmilə
Bayramova, Tamilla Xudayarova, Rübabə Əzizova kimi sənətkarlar Azərbaycan
rəqsinin şöhrətini
göylərə qaldırıb.
Biz o vaxt pulu
düşünmürdük. İndi isə sənətə maddi tərəfdən baxanlar çoxdur. O vaxt Moskva Dövlət
Rəqs Ansamblı mənim ifamı bəyənmişdi. Amma getmədim.
Vətəndən ayrı
yaşaya bilmərəm...
– Dünyada
rəqsli-müzikllər dəbdədir.
Niyə belə layihələr hazırlamırsınız?
– Belə bir layihə var. Amma bu sirri
açmaq istəmirəm. Buna böyük
maddi vəsait lazımdır.
Amma Mədəniyyət və
Turizm Nazirliyi bizə kömək edir, kostyumlar tikilir. Sadəcə
olaraq, tez-tez qastrol səfərlərinə
getdiyimizdən bu layihəni sürətləndirə
bilmirik.
– Yaşınıza
görə çox gözəl qalmısınız...
– Gündə 12 saat hərəkətdəyəm,
hər gün məşq edirəm. İnsanın əldə edə
bilməyəcəyi zirvə
yoxdur. Sənət
də belə zirvələrdəndir: onu
sevməsən sənə
könül açmayacaq!
Ümidə Həsənli
Baku
Post.-2013.-27 aprel.-S.10.