Həlledici zolaq

 

Azərbaycanda prezident seçkilərinə hazırlıq həlledici mərhələyə yaxınlaşdıqca siyasi qüvvələr öz fəaliyyət planlarına səciyyəvi korrektələri etməkdə davam edirlər. Artıq bəllidir ki, bəzi təşkilatlar bloklaşaraq seçki kampaniyasında iştirak etmək istəyirlər. Digər partiyalar isə hələ də gözləmə mövqeyində duraraq son qərar verməyə tələsmirlər. Onların fikrincə, mövcud konyunktura dəyişə bilər.

 Lakin vəziyyətdən belə görünür ki, yalnız hakim Yeni Azərbaycan Partiyası mütəşəkkillik göstərməklə çevik hərəkətləri vacib sayır.  

 Azərbaycan Demokrat Partiyası da növbəti prezident seçkilərində iştirakını məqbul sayan siyasi təşkilatlardandır. Partiyanın sədri Sərdar Cəlaloğlu müsahibəsində bəzi məqamlara aydınlıq gətirib:

Seçki öncəsi marafon demək olar başlayıb. YAP öz namizədinin sənədlərini MSK-ya verib. Hakim partiyanın bu addımı müxalifəti nəyə sövq edir?

– Seçkilərdə iştirak edən müxalif qüvvələr də analoji addımları atmalıdırlar. Kimlər ki, seçkilərə qatılmaq istəyir yekun qərara gəlib sənədlərini hazırlamalıdırlar, MSK-ya təqdim etməlidirlər. Bu seçkinin tələbləridir. Avqustun 11-dən proses başlayır. Nə qədər tez imza vərəqələrini alıb imza toplayacaqlarsa, bir o qədər də arxayın şəkildə seçkilərdə iştirak edəcəklər.

– Hələ 2-3 ay bundan əvvəl Milli Şura ilə bağlı müəyyən gözləntilər var idi ki, müxalif qrupların birgə təşkilatı olacaq. Bu baş verdimi?

Bu günlərdə Eldar Namazov Milli Şura ilə bağlı müsahibə veribetiraf edib ki, onlar vəziyyəti düzgün qiymətləndirməyiblər, Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığı ilə bağlı vaxtında məsələ qaldırmayıblar. Bu məsələ ilə Milli Şura gərək 7-8 ay bundan əvvəl məşğul olardı.

 Mən həmişə demişəm ki, Milli Şura Azərbaycan xalqının gözlədiyi müxalifətin güc mərkəzi deyil, o 1 il bundan əvvəl yaradılmalı idi. Biz 1 il bundan öncə müxalifətin vahid komanda ilə, vahid proqramla bir araya gəlməsini istəyirdik. Amma çox təəssüf ki, bu baş vermədi. Milli Şura Azərbaycan müxalifətinin seçkilərdə iflasa uğramasına gətirən bir ideyadır və bunun da məsuliyyəti Milli Şuranı müdafiə edən Eldar Namazovun üzərinə düşür.

 Dünənə kimi deyirdi ki, R.İbrahimbəyovun heç bir dövlətin qarşısında öhdəliyi yoxdur, ikili vətəndaşlığı yoxdur. Amma indi məlum olur ki, bu adamın ABŞ-da evi var, biznesi varo, vaxtında bunları ləğv edib Amerika dövləti qarşısında öhdəliklərindən azad olmalı idi. Rusiya qarşısında öhdəliklərdən də həmçinin.

 Beləliklə, bu adam Azərbaycan xalqını aldadıb, müxalifəti seytnot vəziyyətinə salıb. Və mən deyərdim ki, bu seçkilərdə müxalifətin uğursuzluğunun məsuliyyətini Milli Şuranı dəstəkləyən və bu ideyanı Azərbaycan xalqına yeganə xilas kimi göstərən adamlar daşıyacaq.

Milli Şurada təmsil olunan bəzi qüvvələr hakimiyyətin vəziyyətinin ağır olduğunu bildirirlər. Deyilənlər nə dərəcədə əsaslıdır?

– Müxalifətin vəziyyəti ondan da ağırdır. Müxalifət xaricdən asılı bir layihəyə girişib, amma iqtidar ən azı azaddır. Müxalifətin addımları isə özgə güclərdən, onların  iradəsindən asılıdır.

Sizin partiyanın seçkilərlə bağlı taktikası, strategiyası varmı?

Bizim partiyanın seçkilərlə bağlı taktikası və strategiyası məlumdur. Sadəcə, bu Milli Şura ideyası ictimai rəydə o qədər şişirdilib ki, biz gözləmə mövqeyində olmağı üstün hesab edirik.

 İstəyirik ki, Milli Şuranın taleyinə aydınlıq gəlsin, bilək ki, bu oyunun arxasında nə dayanır, ondan sonra öz namizədliyimizi verək. Doğrudan da, millətin böyük bir hissəsi buna inanırdı. Baxmayaraq ki, bu oyunun təhlükəli olması barədə vaxtında xəbərdarlıq edilmişdi.

 

Namiq Hüseynov

 

Baku Post.-2013.-7 avqust.-S.4.