Toğrulu xatırlayarkən...

 

Toğrulla uşaqlıq dostu olduğumuzdan tez-tez görüşür, bir-birimizə yaradıcılıq uğurlarımızdan ətraflı söhbət açırdıq. Günlərin birində rəssam zəng vurub məni yeni mənzilinə qonaq çağırdı. Görüş zamanı bildirdi ki, yaxın vaxtlarda Parisdə onun əsərlərindən ibarət möhtəşəm sərgi keçirilməlidir. Toğrul bu sərginin lentə alınmasını, gələcək yeni filmdə ətraflı süjet kimi göstərilməsini arzulayırdı. Dostum bilirdi ki, mən 1998-ci il mayın 10-da Fransada başlanacaq futbol üzrə dünya çempionatına akkreditasiya almışam. Beləliklə, razılaşdıq. Tədbirin açılış mərasiminə çatmırdım, lakin mayın 11-də baş tutacaq bağlanış mərasimini lentə ala bilərdim.

 Növbəti görüşümüz Parisdə baş tutdu. Onsuz da daim qələbəlik olan bu şəhər dünya çempionatı səbəbindən qaynar qazanı xatırladırdı. Fransa paytaxtına nabələd olduğumdan, Toğruldan xahiş etdim ki, mehmanxanaya gəlib məni aparsın. Sərgi Parisin mərkəzindəki “Konven de Kordelyer” rəsm Qalereyasında keçirilirdi. Yeri gəlmişkən, XIX əsrdə baş vermiş Fransa inqilabı zamanı Senat müzakirələri məhz burada keçirilib.

 Qalereyanın geniş salonlarında Toğrul Nərimanbəyovun 43 əsəri sərgilənmişdi. Bu pannolar nəinki Fransada, bütün Avropada böyük əks-səda doğurmuşdu. Qonşu ölkələrdən də sərgiyə xeyli qonaq gəlmişdi. Sanki Parisin kiçik bir guşəsində parlaq Azərbaycan günəşi doğmuşdu. Əsərlərin hamısını lentə köçürdüm, sərgiyə gələnlərdən, məşhur sənət bilicilərindən, tanınmış fransız rəssamlarından qısa müsahibələr aldım. Onlar Azərbaycan rəssamının əsərlərinə valeh olduqlarını, bu ecazkar işlərdə əks olunan dərin fəlsəfədən böyük zövq aldıqlarını dilə gətirirdi. Bir alman sənətşünası dedi ki, belə fantastik rəssamı olan xalq xoşbəxtdir.

 Sərginin bağlanışından sonra mən, ToğrulSevil xanım qoca Parisin küçələrində xeyli dolaşdıq, rəssam başa çatmış sərgi haqqında təəssüratlarını bölüşdü, tədbirdən çox razı qaldığını bildirdi.

 Həmin gün şəhərdə “Musiqi festivalı” keçirilirdi. Hər tində caz, rok, blyuz səslənirdi. Toğrul hər qrupun yanında ayaq saxlayıb səslənən musiqi parçalarını acgözlüklə dinləyir, mahnıları ifaçılarla birlikdə zümzümə edir, tanış melodiyaları eşidəndə uşaq kimi sevinirdi. Beləcə, axşamın düşməyini hiss etmədik. Toğrul bizi Parisin Zəfər Tağının yaxınlığındakı kübar restoranlardan birinə dəvət etdi. Söhbətin bir mövzusu vardı: sənət! Və bu ecazkar sənətdən danışanda onun gözləri şölə saçırdı. Həmin axşam Toğrulun söylədiyi sözlər hələ də qulağımdadır:

– Azərbaycanı Parisdə tanıdıb sevdirmək üçün hələ çox işlər görülməlidir. Biz bəlkə də bu işdə xeyli ləngimişik. Avropa yad mədəniyyətlərə çox xəsisliklə qapı açır. Avropaya Şərq mədəniyyətini, incəsənətini, musiqisini, rəngkarlığını məhz onların başa düşəcəyi dildə, anlaşılan üslubda, özü də qaşıq-qaşıq təqdim etmək lazımdır. Biz nadir mədəniyyətə mənsub bir xalq olduğumuzu, mənəviyyatımızın qədim qaynaqlardan bəhrələndiyini, dünyəvi dəyərlərə önəm verdiyimizi və tolerantlığımızı hamıya sübut etməliyik. Məhz bu halda Azərbaycan üçün hər yerdə yaşıl işıq yanacaqbiz öz sözümüzü deyə biləcəyik.

 Sonralar Toğrulu dünyanın bir çox ölkələrində lentə aldım. Rusiya, İtaliya, Özbəkistan, Litva... Bu sənət fədaisinin hər yerdə sevildiyinin canlı şahidi olurdum, onun fırçasından çıxmış əsərlərin sərgi və muzeylərin incisinə çevrildiyini gözlərimlə görürdüm.

 Toğrulu anarkən xüsusən 2010-cu ildə Bakıdakı son çəkilişləri unuda bilmirəm. “Toğrul” adlı tammetrajlı sənədli film üzərində gərgin gedirdi. Şəhərin qızmar yay günlərindən biri idi. Rəssam həmişəki kimi Bakıya gəlmişdi. Özü həmişə deyirdi ki, istidən qorxmur, küləklər şəhərini də yayda daha çox xoşlayır.

 Çəkiliş onun evinin yaxınlığında, Şirvanşahlar sarayında saat 18-ə təyin olunmuşdu. Ssenariyə görə, rəssam sarayın həyətindəki köhnə, əsirlərə şahidlik etmiş qədim daş pilləkənlərlə qalxmalı idi. Çəkiliş zamanı bəlkə də fikirli olduğundan büdrədi, dizi əzildi, yaradan qan gəldi. Köməkçilərimdən biri “Təcili yardım” maşını çağırmağa, digəri isə yod, pambıq və tənzif almağa qaçdı. Onlar gələnədək yaranı cib dəsmalı ilə sarımağa çalışdım. Həyəcandan əllərim əsirdi. Toğrul gülə-gülə məni sakitləşdirirdi:

Narahat olma, keçib gedər, uşaq vaxtı yıxılanda, anam həmişə deyərdi ki, “eybi yox, toyacan yadından çıxar”. Evə bir addımdır, gəl gedək, Sevil yaranı yuyub-təmizləsin.

 Düzü, Sevil xanımı qəzəbləndirməmək üçün Toğrulgilə getməyə də çəkinirdim. Amma dostumun sözünü yerə salmadım. Sevil xanım qəzəblənmədi, əksinə o da həyəcanlı olduğumu görüb, məni sakitləşdirməyə çalışdı. Tezliklə “Təcili yardım” maşını gəldi və rəssama tibbi yardım göstərildi... Bir neçə gündən sonra çəkiliş uğurla davam etdi.

 Hər il avqustun 7-də ən yaxın dostları Toğrulun başına toplaşırdı. Uzun illər idi ki, onun ad gününü min bir dadı damaqda qalan bərəkətli Bakı süfrəsi arxasında qeyd eləmək xoş ənənəyə çevrilmişdi. Toğrul da heç vaxt dostlarını unutmurdu, ən əziz gününü candan əziz sevdiyi Bakıda keçirirdi. Bəlkə də ilk dəfədir ki, Toğrul vədinə xilaf çıxdı, Bakıya gələ bilmədi.

 Biz bundan sonra Parisin Passi məzarlığında uyuyan dostumuzun ad günlərini onsuz qeyd edəcək, bu xeyirxah və gülərüz insanı sevə-sevə xatırlayacaq, onun örnək ola biləcək maraqlı ömür səhifələrini vərəqləyəcəyik.  

 

Allah rəhmət eləsin.

 

Oqtay Babazadə

 

BakuPost.-2013.- 14 avqust. - S.10.