Muğam və raqanın sintezi
gözəldir
Xalq
artisti, tanınmış
muğam ifaçısı
Səkinə İsmayılova
Hindistanda maraqlı layihə ilə çıxış edib. O, məşhur hind
xanəndəsi ilə səhnəni bölüşüb.
Sənətkar “New Baku
Post”a müsahibəsində
Televiziya Muğam
Müsabiqəsi haqqında da ətraflı
danışıb.
S.İsmayılova muğamı qavalla ifa edən ilk qadın xanəndə kimi
adını musiqi tarixinə
yazdırıb. O, Opera və Balet Teatrının səhnəsində Leyli, Əsli, Gülbahar,
Şahsənəm kimi yaddaqalan
obrazlar yaradıb. Xanəndə
Azərbaycan muğam sənətini
dünyanın bir çox
ölkələrində – İran, Türkiyə,
İraq, Səudiyyə Ərəbistanı,
Vyetnam, Yaponiya, Hindistan, Avstriya, Almaniya, Hollandiya, İsveç, Fransa, Norveç, Danimarka,
Macarıstan, Lüksemburq, ABŞ-da
dəfələrlə yüksək səviyyədə təmsil
edib. Sənətkar ilk
dəfə olaraq qadınlardan ibarət muğam üçlüyü
yaradaraq bu kiçik kollektivlə bir
çox xarici ölkələrdə
konsert verib. Xanım
xanəndə Mədəniyyət
və İncəsənət Universiteti və
Azərbaycan Milli Konservatoriyasının
müəllimidir.
– Hindistan səfəri
nə ilə yadda qaldı?
– Bu il Almaniya, Fransa və Hindistana qastrol səfərlərim oldu. Hindistanda ilk dəfə həyata keçirdiyim maraqlı layihədə çıxış
etdim. Hindistanın
məşhur xanəndəsi
Badrinatan Basumati ilə hazırladığımız
raqa və muğamın birləşməsindən
ibarət “Muraqam” adlı layihə çərçivəsində Kəlküttə və Dehli şəhərlərində konsert proqramlarımız keçirildi.
Bu layihə böyük
əks-sədaya səbəb
oldu, Şərqin
bir neçə ölkəsinə
dəvət aldıq.
Bu, muğamın nə mahnı, nə də cazla qoşalaşması deyildi, bu, iki
ayrı-ayrı xalqa məxsus muğamın sintezi idi. Muğam ərəblərdə, İran,
Türkiyə və Hindistanda da var. Adlar fərqli olsa da, hamısı
muğamdır. Muğam bəşəri
musiqidir, kökü, əsası var. Bizim muğam daha çox formalaşmış,
təkmilləşmiş, öz
çığırını tutub. Bu da
əlbəttə ki, əsassız deyil. Muğam məşhur xanəndəmiz
Seyid Şuşinskinin
qoyduğu proqram və çərçivədə
sistematik formalaşıb.
Sonrakı illərdə
Arif Babayev, İslam Rzayev, Canəli Əkbərov kimi xanəndələr öz elmi işlərində bu proqramlardan bəhrələnib.
– Yeni mövsümdən
hansı yenilikləriniz
olacaq?
– Hələlik 4-cü Televiziya Muğam Müsabiqəsinin münsiflər
heyətinin üzvüyəm.
Müsabiqə başa çatandan
sonra muğamsevərlərə
bir neçə yeni işimizi təqdim edəcəyik.
Buraya
disk, konsert, yeni muğam kompozisiyaları daxildir. Lakin yaradıcılıq sirri olduğundan təfsilatına varmıram.
– İki həftə öncə
4-cü Televiziya Muğam
Müsabiqəsinə start verilib. İştirakçılar arasında tanınmış
xanəndələrin tələbələrinin
adlarının tez-tez
vurğulanması nə
dərəcədə düzgündür?
– Biz bir neçə
ay öncə Bərdə,
Gəncə, Şamaxıda
gözəl səsləri
seçdik və onlar dinləmə turlarından keçərək
əsas mərhələdə
iştirak hüququ qazandı. Bu muğam
müsabiqəsidir, müəllimi
və məktəbi olmayan iştirakçı
heç nə edə bilməz. Tutaq ki, iştirakçılardan
birinin çox gözəl səsi var, müəllimi olmadan o seçim həftələrində – turlarda
nə ifa edə biləcək?
Azərbaycanın bir çox bölgələrindən
gənclər gəlir
və Bakıda istədikləri xanəndənin
sinfinə qəbul olunur. Müsabiqə başlayanda onlar
da sənədlərini
verir. Ustadı və istedadı olan tələbə özünü parlaq şəkildə göstərir.
Müəllimi və məktəbi
olmayan iştirakçı
isə müsabiqəni
davam etdirə bilmir.
– Yeri gəldi-gəlmədi,
bəzən adi ifaya yüksək bal verilir. Bu, iştirakçıların çalışqanlığına
və yüksək bala nail olmaq istəklərinə mane olmur?
– Əgər məndən
yaşca böyük ustad sənətkarlarımız,
məsələn, iştirakçılardan
birinə 8 bal verirsə,
mən 9 bal verirəm.
Bir az
güzəşt edirəm.
Bunu danmıram.
Bilmirəm, bəlkə bu
mənim xanım xanəndə olmağımdan,
bəlkə Allaha və dinə çox bağlı olmağımdan irəli gəlir. Amma tez-tez də yüksək bal vermirəm. Potensialına ümid
etdiyim, istedadına inandığım
iştirakçıların ifasını yüksək
qiymətləndirirəm.
– Bir neçə
il əvvəl
televiziya kanallarında
muğam çox az səslənirdi. Son illər isə
muğama bir axın var və
bütün telekanallar
bu qədim musiqi növünə geniş yer ayırır. Sizcə, belə
davam edərsə, muğam adiləşməz
ki?
– Hər kəsin
muğam oxumaq istəməsi onun hələ muğam oxuya bilməsi demək deyil. Muğama axınla gənclər gəlir. Amma onlar zamanın
ələyindən keçir.
Kimin muğam sənətində duruş
gətirib-gətirməməsini zaman
göstərir. Onların bu
sənəti davam etdirməsinə gücü-qüvvəti
çatırmı? Bu
çətin sənətdir.
Ali musiqi məktəblərində
muğam sinfini bitirib musiqinin başqa rahat janrlarında yolunu davam etdirənlər çoxdur. Əgər
şəhərə sorğuya
çıxsanız insanlar
5-6 muğam ifaçısının
adını çəkəcək.
Məncə, telekanallarında
muğam qıtlığı
var. Bir neçə il əvvəl
deyirdilər ki, insan muğamı 40-50 yaşından sonra dərk edir. Bu gün sevindirici
haldır ki, gənclər də muğamı anlayır.
Bunun üçün insanda yüksək mənəviyyat
və duyğu olmalıdır.
– Bəzi sənət
adamları “bu sənət əziyyətlidir,
istəmirəm ki, övladım da əziyyət çəksin”
deyib övladının
bu sənətdə olmasını istəmir, bəziləri isə “bu sənət mənə pul, şan-şöhrət verib,
övladımın da
bu yolla getməsini istəyirəm”
deyir. Siz necə düşünürsünüz?
– “Tanıdıb, pul
qazandırıb”…. Biz 5-6 nəfər xanəndə
sənətə gələndə
heç vaxt pulu fikirləşməmişik.
O vaxt Opera və Balet Teatrına 80 manatla işə girmişik. 30 il
opera səhnəsində işləmək
bir igidin ömrüdür. Biz sənəti,
muğamı başqa
ölkələrdə tanıtmağın,
sevdirməyin yollarını düşünmüşük.
Əgər sənət varsa,
pul özü gəlib səni tapacaq. Brilliant balaca olur, onu
zibilliyə atsan da parıldayıb tapılacaq. Sənət də
belədir. Bəli, biz də
toylara getmişik. 21 yaşımda
opera səhnəsinə gəldim.
O vaxtadək bəzi
toy məclislərində iştirak
edirdim. Amma opera səhnəsinə
gələndən və
Leyli rolunu oynayandan sonra pulun üzərindən xətt çəkdim. Hər zaman tələbələrimə
də deyirəm ki, hələ gənc yaşımdan pulu unutmuşam. Sənəti
yüksək tutdum və arzularıma qovuşdum. Əsl sənət zamanla
öz yerini tutur və səni
zirvəyə çatdırır.
– Yenidən opera səhnəsinə
çıxsanız, hansı
rolu ifa etmək istərdiniz?
– Bütün obrazlar mənim üçün əzizdir.
Rollar ananın övladları kimidir.
Birini əzizləyib, birini
qıraq tutmaq düzgün
deyil. Amma təbii ki, səhnəyə Leyli
obrazı ilə gəlmişəm. Azərbaycan və Vətənimizin
hüdudlarından kənarda, dünyada
tanınmağımda Leyli obrazı böyük rol oynayıb.
Ümidə
Həsənli
BakuPost.-2013.-24
avqust.-S.14.