“Mənim Prezidentim” kampaniyası başladı

 

Azərbaycanda bir qrup gəncin təşəbbüsü iləMənim Prezidentimadlı kampaniyaya start verilib. Kampaniyanın təqdimat mərasimi Bakıda “Four Seasons” otelində baş tutub.

 “Mənim Prezidentim” Təşəbbüs Qrupunun əsas məqsədi – son 10 il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkədə aparılan uğurlu siyasətin nəticələrini geniş ictimaiyyətə, xüsusilə gənclərə çatdırmaqdır. Kampaniyanın təşəbbüskarlarından biri, “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyevin sözlərinə görə, bu kampaniya Vətənini sevən, onu daha yüksəklərə qaldırmaq istəyən, daha parlaq Azərbaycan üçün çalışan Prezident İlham Əliyevə dəstək olan gənclərin sinerjisidir: Biz son 10 il ərzində Prezident İlham Əliyevin Azərbaycanı hansı zirvəyə yüksəltdiyinin şahidi olduq. Əgər bu inkişafın davamlı olmasını istəyiriksə, daha güclü Azərbaycan, daha müstəqil Azərbaycan, Qarabağlı Azərbaycan istəyiriksə, bizim dəyişməz seçimimiz İlham Əliyevdir! “Mənim Prezidentim” kampaniyası öz gücünü Azərbaycan gəncindən, onun kreativliyindən, təşəbbüskarlığından alır”.

 R.Mərdiyev kampaniyanın tezliklə kütləviləşəcəyini, yüz minlərlə gəncin Prezidentə dəstək aksiyasına qoşulacağından əmindir: “Bu ideya sırf gənclər tərəfindən irəli sürülüb və gənclər tərəfindən də tətbiq ediləcək. Bizim məqsədimiz cənab Prezident İlham Əliyevin xalqımız üçün gördüyü işləri təbliğ etmək və onu bundan sonra da dəstəkləməkdir. Biz gəncləri Prezidentimizə dəstək olmağa səsləyirik”. R.Mərdiyev qeyd edib ki, Azərbaycanda gənclərin ən böyük dəstəkçisi və himayədarı Prezident İlham Əliyev olduğu kimi, gənclər də hər zaman öz Prezidentlərinin yanında və ona dəstək olmalıdırlar: “Məhz bu səbəbdən – Azərbaycan gəncinin öz Prezidentinə olan sevgisini, inamını, etimadını nümayiş etdirmək üçün belə bir kampaniyanın keçirilməsi qərara alınıb”.

“Mənim Prezidentim” Təşəbbüs Qrupunun təqdimatında  200-ə yaxın gənc iştirak edib. Toplantıda Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin sədri Seymur Hüseynov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədr müavini Nərgiz Hüseynova və Azərbaycan Respublikasının Əməkdar Artisti Tünzalə Ağayeva çıxış edərək kampaniyanın məqsədləri və məramı barədə toplaşanlara və ictimaiyyətə məlumat veriblər. Təşəbbüs qrupu üzvləri bildiriblər ki, “Mənim Prezidentim” kampaniyası Azərbaycanda indiyə kimi görünməmiş ilklərə imza atacaq.

 Kampaniya yüz minləri birləşdirəcək

 Təqdimat mərasimində qeyd olunub ki, “Mənim Prezidentimöz sıralarında yüz minləri birləşdirəcək gənclər hərəkatına çevrilməyi hədəfləyir. Kampaniyanın önəmli cəhətlərindən digəri isə onun fəaliyyət dairəsinin geniş olmasıdır. Belə ki, bu təbliğat aksiyası yalnız Bakı şəhərini deyil, Azərbaycanın bir çox böyük şəhər və rayonlarını əhatə edəcək. Kampaniya çərçivəsində hansı fəaliyyətin həyata keçiriləcəyi də məhz gənclərin təklifləri əsasında müəyyən olunacaq. Mərasim iştirakçılarının əksəriyyəti “Mənim Prezidentim” kampaniyasına simpatiya nümayişi olaraq qollarına qırmızı lentlər bağlayıblar.

 “Mənim Prezidentim” kampaniyası artıq İnternet məkanında fəaliyyətə başlayıb. Gənclər populyar sosial şəbəkələrdən aksiya ilə bağlı məlumat əldə edə bilər. Facebook-da, Twitter-də, InstagramYouTube kanalında kampaniyanın loqosu altında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin nəticələri, son 10 ildə görülmüş işlər barədə silsilə materiallar, posterlər, videoçarxlar yer alıb. Burada son 10 ildə səhiyyə, təhsil, iqtisadiyyat, İKT və digər sferalarda əldə olunan nailiyyətlər barədə ətraflı məlumat almaq mümkündür. 

 Qeyd edək ki, “Mənim Prezidentim” Təşəbbüs Qrupu açıq fəaliyyət göstərir və bu ideyanı dəstəkləyən hər bir gənc və gənclər təşkilatının üzünə açıqdır. İdeyaları, təşəbbüsləri olan, təşəbbüs qrupunun üzvü olmaq istəyən hər bir gənc info@mp2013.az e-poçt ünvanı vasitəsi ilə bizimlə əlaqə saxlaya və təşəbbüs qrupuna qoşula bilər.

 

Fərəh Sabirqızı

 

BakuPost.-2013.-24 avqust. - S.1;7.