ASAIF-çilər yeni
hədəflərə doğru
Səmimi atmosfer,
pafosdan uzaq çıxışlar, 90%-i
gənclərdən, özü
də xaricdə təhsil alanlardan ibarət auditoriya... ASAIF-in bu ilki
Yay Forumu məmurların
maraqlı açıqlamaları, gənclərin iddialı
sorğuları, 700-dən çox
iştirakçının fəallığı, gənclərin
vətənpərvərliklə bağlı mesajları və
digər məqamlarına görə seçilirdi.
ASAIF-in
komandası Bakıdakı “Fairmont Hotel”də
keçirilən XI Yay Forumuna
fərqlilik qatmağa
çalışmışdı. Məsələn, ilk dəfə idi ki, belə iri tədbirdə
gənclər Azərbaycan dövlət himnini
musiqi müşayiəti olmadan
canlı oxudular.
Forumun açılışında həm moderator,
həm də məmurlar özləri ilə bağlı
maraqlı faktlar açıqladı. ASAIF
sədri Ramin Həkimov özünün
təqdimatında çəkinmədən son
günlər barəsində sosial şəbəkələrdə
gedən roliklərə işarə etdi.
Təhsil naziri Mikayıl Cabbarov
isə vaxtilə “tanışlıqla” qiymət yazmaqdan imtina etdiyinə
görə universitetdə müəllim işləyə bilmədiyindən
danışdı.
Güc birlikdədir!
ASAIF-in sədri
R.Həkimov forumun 750-dən çox iştirakçısını salamlayaraq rəhbərlik etdiyi
bu qurumun onun üçün nə
anlama gəldiyini açıqladı:
“ASAIF böyük bir
dəyər, böyük bir
birlikdir. Bu, milli-mənəvi
dəyərlərə sadiqlik, Azərbaycanın
təmsilçiliyidir”. O, etiraf etdi ki, bəzən ASAIF
ailəsi üzvləri arasında küskünlük
də yaşanır. Amma sədr hər kəsi
bütün umu-küsüləri unudub təşkilatın tarixində yeni bir mərhələnin
başlanğıcına ayaq basmağa çağırdı.
Forumun fəxri qonaqlarından olan təhsil
naziri Mikayıl Cabbarov
xaricdə təhsil üzrə dövlət proqramının
uğurlarından söz açdı:
“Əgər bu gün
bizim tələbələr dünya üzrə nüfuzlu
ali məktəblərdə rəqabətə
davamlı təhsil alırsa, Azərbaycan həqiqətlərinin
bütün dünyaya
çatdırılması üçün
vacib işlər görürlərsə,
deməli, gələcəyə düzgün
sərmayə qoyuruq. Hazırda əsas prioritet məsələ bu
gənclərin imkanlarından mümkün
qədər faydalanmaq, potensiallarından
istifadə olunmasına
çalışmaqdır”. Nazir qeyd etdi ki,
müxtəlif ölkələrdə
dövlət proqramı üzrə yox, öz hesabına təhsil alan
azərbaycanlı tələbələrin sayı çoxdur və
onların da potensialından istifadə
olunmalıdır.
Dövlət proqramına tələb
Nazir xaricdə təhsil
üzrə dövlət proqramına müraciətlərin
araşdırılması zamanı bəzi maraqlı məqamların
da üzə
çıxdığını bildirdi. Məsələn,
hansısa gənc İspaniyada təhsil seçimini Barselonanın futbol
komandasına olan sevgisi
ilə izhar edir. Bəzisi
isə seçiminin valideynləri tərəfindən
qəbul olduğunu deyir:
“Barselonanı mən də bəyənirəm. Amma müsahibə zamanı bu,
seçim üçün
əsas göstərilə bilməz. Gənclər bilməlidir
ki, seçimi valideynlərinin
etdiyini demək, onlar üçün artıq mənfi xüsusiyyət
kimi qiymətləndirilir. Bu
proqrama pulsuz nahar kimi
yanaşmasınlar. Bu, əsl bilik, vətəndaşlıq
yarışmasıdır və yerləri ən layiqlilər
qazanmalıdır”.
Müstəqillik banisini
unutmayaq
Ağsaqqallar
Şurasının sədri, millət vəkili Fəttah Heydərov
öz çıxışında
müstəqillik tarixi haqqında gənclərə
məlumat verdi. Azərbaycanın indiki uğurlarına görə Ulu öndər Heydər Əliyevə borclu olduğunu
xatırladan millət vəkili hər kəsin öz
tarixinə hörmətlə yanaşmasını tövsiyə
etdi. F.Heydərov forum
iştirakçılarına uğurlar, gələcəkdə
daha böyük
nailiyyətlər arzuladı.
Prezident
Administrasiyasının Siyasi təhlil və informasiya
təminatı şöbəsinin müdiri
Elnur Aslanov gənclərə
“daha güclü Azərbaycanın
qurucuları” qismində xitab etdi. Onun sözlərinə
görə, bugünkü Azərbaycan gəncliyi,
o cümlədən ASAIF üzvləri XXI
əsrdə Azərbaycanın yeni
üfüqlərə, yeni gələcəyə,
yeni nailiyyətlərə aparacaq
böyük bir ordusudur: “Prezident
İlham Əliyev “qara
qızılın insan kapitalına
çevrilməsi”nə, xüsusilə yüksək elmi biliklərə malik yeni kreativ nəsil gənclərin
formalaşmasına xüsusi önəm verir. Çoxlarınızın təhsil
aldığınız bu proqram
uğurla davam etdirilir və təhsil almağa
göndərilən tələbələrin sayı ildən-ilə
artır”.
Gələcəyin lobbi nümayəndələri
E.Aslanov bildirdi ki, əgər
xaricdə təhsil alan tələbələr
elə həmin ölkədə qalıb işləmək istəsələr
belə, bu, Azərbaycana fayda
gətirəcək: “Biz yenə də
yatırılan investisiyanı itirmirik, əksinə
onların simasında Azərbaycanın gələcək lobbi nümayəndələrini qazanmış
oluruq. Bu isə Azərbaycana
yeni təbliğat imkanları verir, onun “mülayim
güc” (soft-power)
imkanlarını genişləndirir. Onlar Azərbaycan haqqında məlumatların
yayılması işinə töhfə verə bilər. Bunun üçün elmi tədbirlərdə fəal iştirak etmək, Azərbaycanla bağlı
müxtəlif mövzularda
çıxış etmək, elmi məqalələr
və əsərlər yazmaq
lazımdır”.
E.Aslanov
çıxışı zamanı onu da vurğuladı ki, demokratiya insanların şüurlarında,
fikirlərində formalaşmalıdır.
Vətəndaş olmaq
borcu
Dövlət Neft
Fondunun icraçı direktoru
Şahmar Mövsümov
da çıxışında zarafatdan yan keçmədi.
Hər kəsə onun sözlərini diqqətlə
dinləməyi tövsiyə etdi, əks
təqdirdə gənclərin xaricdə təhsil üçün maliyyə vəsaitindən məhrum
olacaqlarını bildirdi. Ş.Mövsümov
xaricdə təhsil üzrə dövlət proqramının
önəmindən, seçilən tələbələrin uğurundan danışdı: “Yaxşı insan, layiqli tələbə
olmaq azdır, həm də yaxşı vətəndaş
olmağa, Azərbaycan naminə gücümüzü birləşdirməyə
çalışmalıyıq”.
Rəsmi
açılış başa
çatdıqdan sonra forum
iştirakçıları öz
suallarını birbaşa məmurlara ünvanladı.Forum
iştirakçıları həmçinin Təhsil Nazirliyinin keçirdiyi sorğuya da
qatıldı. Onlar “2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı” barədə
öz təklif və arzularını
bildirdilər. Anonim sorğu
nəticəsində nazirliyin
ünvanında təkliflər paketi
hazırlanacaq.
ASAIF-in XI Yay Forumu bu
gün və sabah işini
davam etdirəcək. Tədbirin ikinci
günündə “Azərbaycanın tolerantlıq mərkəzi
kimi dünyada təbliği”,
həmçinin “Azərbaycanda
gənclər üçün yeni imkanlar” mövzusunda
müzakirələr təşkil olunacaq.
Bu panel sessiyalarda millət vəkili
Ceyhun Osmanlı, Prezident
yanında Gənclər Fondunun
icraçı direktoru Fərhad
Hacıyev, İqtisadi İnkişaf Nazirliyinin
Sahibkarlığa Yardım Milli Fondunun icraçı direktoru
Şirzad Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədri Elşad İskəndərov və
digərləri iştirak edəcək.
Fərəh Sabirqızı
BakuPost.-2013.-31avqust.
- S.11.