İftixar Piriyev: “Biganəlik inkişafa əngəldir”
C.Cabbarlı adına İrəvan
Dövlət Azərbaycan
Dram Teatrı 133-cü mövsümə
başlayacaq. Bu
mövsümdə də sənət ocağının
repertuarı zəngin olacaq. Teatrın direktoru İftixar Piriyev yeni mövsüm
üçün yaradıcılıq
planlarını və Azərbaycan teatr sənəti
haqqında fikirlərini “New Baku Post”la
bölüşüb.
10 ilə yaxın Akademik
Milli Dram
Teatrının səhnəsində maraqlı obrazlar
yaradan İ.Piriyev “İtkin gəlin”, “Mənim günahım”, “Canavar balası”, “Qırmızı qar”, “Yağışdan sonra”,
“Mənim ömür nəğmələrim”
filmlərində də maraqlı rollar ifa edib. Onun
müəllifi olduğu “Dan yeri söküləndə”, “Körpü”,
“Soyqırımı tarixinin
dastanı”,
“İşıqlı, nurlu sabah”, “Müstəqil vətənin memarı”,
“Qurtuluş dastanı”ı da daxil olmaqla
9 əsəri səhnələşdirilib. Səhnə xadiminin Ulu Öndər
Heydər Əliyevə həsr olunmuş
“Müstəqil Vətənin memarı” poeması 9 dilə tərcümə
edilib. İ.Piriyev sənətşünaslıq
üzrə fəlsəfə doktorudur. Yeri gəlmişkən,
iyunun 12-də Tiflis Dövlət
Azərbaycan Dram Teatrının səhnəsində
İ.Piriyevin“Eşqin
tikan dairəsi” pyesinin
premyerası keçirilib. Əsərə teatrın bədii rəhbəri, Azərbaycanın
əməkdar mədəniyyət işçisi
Qoça Kapanadzenin rəhbərliyi
ilə teatrın istedadlı aktyoru və
rejissoru Turqay Vəlizadə
quruluş verib:
– Sizi
ən çox narahat
edən məsələdən başlayaq:
İrəvan Teatrı binasının təmiri nə vəziyyətdədir?
– Teatrın təmiri
ilə bağlı ölkə başçısının sərəncamı
var. Müvafiq qurumlar isə hələlik gözləmə mövqeyi tutub.
İnanıram ki, sərəncam mütləq
icra olunacaq.
– Yeni
mövsümdə hansı tamaşalar olacaq?
– Bu mövsümdə teatrın baş
rejissoru, Əməkdar incəsənət
xadimi Oruc İzzətoğlunun
(Qurbanov) quruluşunda,
dövlət sifarişi ilə
hazırlanan rumıniyalı yazıçı Ejen İoneskonun “Stullar” əsəri,
Xalq yazıçısı İlyas Əfəndiyevin
“Geriyə baxma, qoca”
romanı əsasında Xalq
yazıçısı Elçinin
eyniadlı əsəri,
yazıçı-dramaturq Xeyrəddin Qocanın “Molla
Nəsrəddin bu gün”,
rejissor Elnur Məmmədovun
quruluşunda Xalq
yazıçısı Anarın “Zəncir”, Sumqayıt teatrının baş rejissoru Əməkdar
artist Firudin Məhərrəmovun
quruluşunda dövlət sifarişi ilə şair-dramaturq
Hidayətin “Burdan min
atlı keçdi” əsərinin məşqlərinə
başlanılacaq. Sonuncu adıçəkilən əsər XX əsrin
sonlarında Qafqaz problemləri fonunda Azərbaycan və Ermənistan
münasibətləri istiqamətində gizli
siyasət yürüdənlərin əməllərinə
qarşı Heydər
Əliyevin kəskin və barışmaz mövqeyini,
həmçinin Qərbi azərbaycanlıların erməni
şovinistləri ilə gərgin
mübarizəsini əks etdirir. 2014-cü
ildə Heydər Əliyevin doğum günü münasibəti ilə Türkiyə,
Gürcüstan və Dağıstan
Respublikası teatrlarının dəvəti ilə, Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə bu ölkələrdə
keçiriləcək yubiley tədbirləri
çərçivəsində çıxış edəcəyik.
Səfərlərdə H.Əliyevin həyat və fəaliyyətindən
bəhs edən iki əsərin - A.Babayevin “Xilaskar” və
müəllifi olduğum “Qurtuluş
dastanı” tamaşaları nümayiş etdiriləcək. Eyni zamanda, Azərbaycan
bölgələrinə də səfərlərimiz gözlənilir.
– İrəvan
Dövlət Azərbaycan Dram Teatrı mərkəzdən
kənarda – Binəqədi rayonunda yerləşir.
Bu baxımdan, tamaşaçı problemini ilə üzləşirsiz?
– Ənənələrə
görə teatr binası mərkəzdə
olmalıdır. Lakin binamız Qərbi Azərbaycandan
məcburi köçkünlərin sıx məskunlaşdığı
yerdədir, demək ki,
tamaşaçı məsələsi binanın təmirindən
sonra hazırlanan tamaşaların səviyyəsindən
asılı olacaq. Hazırda binada
tamaşa oynamaq mümkün olmadığı üçün biz səyyar
fəaliyyət göstəririk.
Yeri gəlmişkən,
“Soyqırımı tarixinin dastanı” mənzum
pyesim sentyabrın 15-də Mahnı Teatrında nümayiş
etdiriləcək. Səhnə əsəri meydan
teatr üslubunda
hazırlanıb.
– Uzun
müddət Akademik Milli
Dram Teatrında
çalışmısınız. Oradan
ayrılmaq çətin oldu?
– Səhnədə
çoxlu sayda baş rollarım olduğu
halda, televiziya
ekranlarında ədəbi-bədii verilişlərdə
müntəzəm çıxışlar edərkən, televiziya tamaşalarında, teleseriallarda
baş qəhrəmanlar və
aparıcı rollar oynayarkən, dövlətimizin
üzərimə qoyduğu müqəddəs
bir mətləblə bağlı səhnə fəaliyyətimi
müvəqqəti dayandırdım və Tiflis
Dövlət Azərbaycan Dram
Teatrının bərpa rəhbərliyi kimi
çox məsul vəzifənin
icrasına getdim.
Daha sonra,
dağılmaqda olan İrəvan
Teatrına rəhbər vəzifəyə təyin olundum. Nəhayət,
on illik səhnə
fasiləsindən sonra Heydər Əliyevin obrazını iki dəfə ifa etdim.
– “İtkin
gəlin” həyatınızda nəyi dəyişdi?
– Mərhum dostum Əlibala Hacızadənin “İtkin gəlin” teleserialı mənə
şöhrət gətirdi. Lütvi Məmmədbəyovun
quruluşunda Azərbaycanın ilk teleserialı kimi xalq sevgisi qazanan
həmin serialın ən çox sevilən
obrazlarından birini ifa
etdim. Bu, həyatımda
mühüm yer tutan bir uğur
idi. Taleyim belə gətirib
ki, həmişə
kinostudiyadan uzaqda dayanmağa üstünlük
vermişəm. Dəvət aldığım filmlərin
kastinqlərinə getməmişəm, baxmayaraq ki, əla dublyaj edirdim, dublyajlardan belə imtina
etmişəm. Ona
görə film
yaradıcılığım bir az kasıbdır. Amma baş qəhrəmanlarını
oynadığım iki bədii televiziya filminə, üç
teleseriala çəkilmişəm.
– İndi
çəkilən film və televiziya seriallarına dəvət
alırsınızmı?
– Bir
neçəsinə dəvət almışam, lakin rejissorların qeyri-peşəkar
olduqlarına görə imtina etmişəm.
– Bu
gün hansısa türk
komediyaları və bədii filmlərin başlama
saatını səbirsizliklə gözləyən orta statistik azərbaycanlı
niyə öz komediya
və filmlərimizə bu qədər
biganədir?
– Biganəlik təkcə
kinoda deyil, bütün sahələrdə özünü göstərməkdədir. Biz heç bir millətdən, xalqdan
geridə qalmırıq, amma biganəlik, bir az da
tənbəllik inkişafımızı ləngidir.
İstedadlı yerli kadrlar
yetişir, lakin
onların çoxuna kifayət qədər
qayğı göstərmirik, meydan vermirik. Milli əsərlərlə
bağlı problemlərin kökü
sünilikdə deyil, qeyri-peşəkarlıqdadır.
Bir baxın, hansı serialın rejissoru peşəkar kino rejissorudur, ssenaristi peşəkar
kino ssenaristidir? Beləsi
varsa da, rejissorun qeyri-peşəkarlığını
görüb, süniliklə, daha doğrusu, pul qazanmaqla məşğuldur.
Aktyorların seçimi doğru-düzgün
tənzimlənmir. Kim ucuz
qonorara çəkilirsə, meydan onlara verilir.
Peşəkara meydan verildikdə peşəkarla
işləyə bilmək və ya bilməmək
təhlükəsi ilə üzləşməkdən qorxaraq, kimi gəldi
çəkirlər. Dövlət seriallara
böyük maddi dəstək
verir. Məncə, bundan
səmərəli istifadə edib serial məktəbinin təməlini qoymaq lazımdır. Bunun üçün xüsusi
təşkilat, yaxud qrup
yaradılmalı və vəsaitin hansı tərəfə
istiqamətlənməsinə nəzarət
olunmalıdır. Bu sahələrdə mütəxəssislər
işləməlidir.
Ümidə Həsənli
BakuPost.-2013.-31 avqust. - S.14.