Mehman Şükürov:
“Yaxşı aktyor yaxşı əsərdə yetişir”
Sumqayıt Dövlət Musiqili Dram Teatrı Azərbaycanın qocaman teatrlarındandır. 1969-cu ildə
yaradılan sənət ocağı paytaxtdakı “həmkarlarından”
geri qalmamağa çalışır. Bu illər ərzində
teatrda 200-dən çox
tamaşa hazırlanıb. Sənət ocağı bu
mövsüm də bir neçə səhnə əsəri təqdim
edəcək. Teatrın direktoru Mehman Şükürov “New
Baku Post”a kollektivdəki yeniliklərdən danışıb:
– Teatr yeni mövsümə necə hazırlaşıb?
– Hazırda repertuarda 20-dən çox tamaşa var.
Teatrımız Sumqayıtda
yeganə professional səhnə olduğu üçün bütün yaş
kateqoriyasını əhatə edirik – uşaqlar, gənclər,
yaşlılar üçün də tamaşa
hazırlayırıq. Artıq kənardan da rejissor, bəstəkar,
rəssam dəvət edirik. Bakıdan Mərahim Fərzəlibəyov,
Bəhram Osmanov, Tural Mustafayev tamaşa hazırlayıb.
Hazırda isə İradə Gözəlova “Dədə
Qorqud”u səhnələşdirir. Bundan əlavə, Ukraynadan
rejissor və rəssam dəvət etmişik. “Şahzadə və
dilənçi”ni Tatyana
Şevçenko səhnələşdirib. Yaxın zamanda isə “Qocanı necə öldürməli?” əsərinə rejissorluq edəcək.
Belarusiyalı rejissor Natalya
Başevanı “Yekəburun
balacaboy” adlı uşaq tamaşasını hazırladı.
Hazırda Meşa Salimoviçin “Dərviş və
ölüm” tamaşasını Namis
Şirməmmədov səhnələşdirir. Yaxın
günlərdə premyera olacaq. Teatrın baş rejissoru
Firudin Məhərrəmli
Əziz Nesinin “Öldür məni can-ciyər” əsəri
üzərində çalışır. Bu il Hindistanda
“Müsyö Jordan və dərviş Məstəli şah”
tamaşası ilə qatsrol səfərində olduq. Yaz
aylarında isə Azərbaycanın Şimal bölgəsinə
yolanacağıq. Noyabrın
16-da Aktyor Evində “Müsyö Jordan və dərviş
Məstəli şah” tamaşası ilə Bakı sakinləri
qarşısında çıxış etdik. Aprel
ayında isə “Qocanı necə
öldürməli?”, “Yekəburun balacaboy”la yenidən paytaxt sakinləri ilə
görüşəcəyik.
– Sumqayıt
tamaşaçılarının teatra marağı necədir?
– Problem böyük yaşlı
tamaşaçılarla bağlıdır. Onlar teatra az gəlir.
Tamaşaçı cəlb etmək üçün sosial
şəbəkələrdən istifadə edirik. Əvvəllər elə təşkilat
vardı ki, 500 bilet verirdik, 5 nəfər gəlmirdi. Ancaq indi vəziyyət dəyişib.
Xüsusən şənbə və bazar günləri
uşaq tamaşalarına kassadan bilet satılır.
İnsanlar bir ara evdə
televiziya verilişlərinə qapılıb
qalmışdı. Artıq
onlar da canlı ünsiyyətə, canlı sənətə
baxmağa can atır. Tamaşaçılarımız da fərqlidir.
Biz gənclərin əsasən komediyaya marağı
olmasını güman edirdik.
Amma onlarla söhbətlərdən sonra
düşündürücü tamaşalar istədiklərini
bildirdilər.
– Mədəniyyət və
İncəsənət Universitetini (MİU) bitirən gənclər
Sumqayıt Teatrına gəlirmi, ümumiyyətlə,
kollektivi necə yenilənir?
– Bu problem var. Universitetə
daxil olanların əksəriyyəti sonradan başqa sahələrə,
əsasən də televiziya və radioya üz tutur. Teatrlara, xüsusən də
regionlardakı səhnələrə gəlmir. MİU-ni bitirənlərdən
isə bizim teatra üz tutan yoxdur. Buna səbəblərdən
biri də paytaxtdan kənarda yerləşməyimizdir.
Çünki aktyor təkcə
tamaşa ilə tanınmır, kinoya, seriallara çəkilir,
dublyajlarda çıxış edir.
Lakin biz kollektivi yeniləməyin çıxış
yolunu tapmışıq. Mədəniyyət və Turizm
Nazirliyinin təşəbbüsü və təşkilatçılığı
ilə teatr studiyası yaradılıb. Elanlar vasitəsilə
xüsusi istedadı, bacarığı olan gəncləri
toplayırıq və müəllimlərimiz onlara dərs
keçir. Müəllimlər həm teatrımızın
aktyorları, həm də Bakıdan dəvət etdiyimiz
pedaqoqlardır. Artıq studiyanı bitirən bir neçə
nəfəri işə qəbul etmişik.
– Bu problem kollektivin yaradıcı
gücünü azaltmır?
–
Bizim ali təhsil almayan, lakin uzun illərdir teatrda işləyən
çox istedadlı aktyorlarımız var. Bunlardan biri
Habil Xanlarovdur. Amma ali təhsil
vacibdir. Etiraf edək ki, teatrımızın gənc aktyorlara
ehtiyacı var, daha dorğusu, qadın və kişi qəhrəmanlara
ehtiyacımız var. Bu yöndə universitetlə
danışıqlar aparırıq.
– Bir çox
tanınmış aktyorlar Sumqayıt
Teatrından gedib. Bu ənənə davam edirmi?
– Sumqayıt Teatrı bir
tramplin olub. Bakıdakı
teatrların əksəriyyətində
çalışanların çoxu
Sumqayıtdan gedənlərdir. İnsanlar hər zaman
paytaxta can atıb. Onları qınamıram. Hamı Afaq Bəşirqızı
olub üzə çıxa bilməz. Xalq artisti Valeh Kərimov isə
seçimi düz etməklə uddu – Sumqayıt Teatrında
qaldı.
– Artıq bir teatrın
aktyoru başqa teatrda da tamaşada çıxış edə
bilər. Bu yeni sistemdən bəhrələnirsinizmi?
– Bakıda teatrlar arasında
məsafə qısa olduğu üçün bir aktyor
başqa teatrda da rol oynaya bilir.
Xalq artisti İlham Əsgərovu Mərahim Fərzəlibəyovun
hazırladığı “Sən həmişə mənimləsən”
tamaşasında oynamağa dəvət etmişdik. Onun bura gəlib-getmək
xərci bizim ona verdiyimiz məvacibdən
çox çıxdı. Rejissor dəvətində isə
problem olmur.
– Çıxış yolunu
nədə görürsünüz?
– Teatrda yaradıcı
mühit artıb. Məncə,
reytinqli verilişlərdə teatr tamaşalarının
reklamı getsə çox yaxşı olar. Əslində
biletlər baha deyil, 1 manatdan başlayır, ən
bahalısı 10 manatdır. İstərdim ki, televiziya
kanallarında teatrın reklamı üçün imkan yaradılsın.
Arzu edərdim ki, aktyorlarımıza yaxşı maaş
verilsin. Teatr kollektiv işdir, yaxşı aktyor yaxşı əsərdə
yetişir.
– Teatra yeni bina verildi. İstədiyiniz
quruluşda və formada tamaşa hazırlaya bilirsinizmi?
– 40 ildən sonra binanı
bizə verdilər. Buna görə Prezident İlham Əliyevə
təşəkkür edirəm. 40 il kirayə qalmaq
ağır idi. Yaxın zamanda
teatr əsaslı təmir ediləcək.
İstilik, dam və oturacaq
problemimiz var. İşıq
effektləri tamaşa üçün çox vacibdir.
İndi texnika əsridir, sözçülük bitdi.
Aktyor səhnədə
texnikanın köməkliyi ilə oynayır. Tamaşalara sirk
atributları gətirilib. Bəlkə bu da bir sınaqdır.
F.Məhərrəmov “Ümid sahili”
adlı tamaşada sadə klyonkadan elə dəniz effekti
yaratmışdı ki, təbii dənizə bənzəyirdi.
Biz bunu kustar üsulu ilə etmişdik. Amma texnika və
işıq effektlərimiz olsaydı, onlardan istifadə edərdik
və ortaya daha gözəl iş çıxardı. Akademik Milli Dram Teatrında elə
bir pult var ki, onunla bütün səhnəni idarə etmək
olur. Belə bir pult MDB və bəzi Avropa ölkələrində
yoxdur. Bizim zəifliyimiz texnikadadır, aktyorlarımız
çox güclüdür.
Ümidə Həsənli
BakuPost.-2013.- 4 dekabr. - S.10.