Kitabı telefonda vərəqlə
Nizami Gəncəvi və
Xalid Hüseyn. Abbasqulu ağa Bakıxanov və Qabriel Qarsia
Markes. Bu məşhur yazarların hər bir əsərini
ayrı-ayrılıqda alıb oxumaq, onları tapmaq
üçün müxtəlif mənbələrdən
istifadə etmək olar. Lakin Gənclər Fondunun təşəbbüsü
ilə həyata keçirilən layihə sayəsində
mobil telefona bir toxunuşla istənilən kitabı əldə
etmək olar.
“Mobil kitab rəfi” adlı layihə
Azərbaycan Gənclər Fondunun gənc nəslin maarifləndirilməsi
və inkişafı istiqamətində atdığı
növbəti addımlardan biridir. Fondun layihələr və
regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov deyir ki,
layihənin əsas məqsədi gənclərdə qiraətə
marağı artırmaq, eyni zamanda onların daha asan və
praktik yollarla kitab əldə etmələrinə yardım
göstərməkdir.
V.Seyidbəyov bu istiqamətdə
görülən işlər sırasında bir neçə
ay bundan əvvəl start verilən digər layihəni –
“Açıq kitab rəfi”ni xatırladır. Bu layihə çərçivəsində
Bakının mərkəzində, İçərişəhərdəki
kiçik parklardan birinə sözün əsl mənasında
kitab rəfi yerləşdirilib. İstənilən kəs gəlib
bu rəfdən kitab götürür, oxuyur, yerinə
qaytarır.
Fond təmsilçisi deyir:
“Əsas odur ki, kitab oxumaq istəyənlər özləri
üçün əlçatan mənbə əldə
etmiş olsunlar. Həmin rəfə mütəmadi olaraq
özümüz də baş çəkirik. Daim
yaxınlıqdakı skamyada ordan kitab götürüb oxuyan
kimisə görürük. Artıq daimi oxucularımız da
var, hər həftə sonu “Açıq rəf”in yanına gəlirlər”.
Fondun icra etdiyi yeni “Mobil kitab rəfi”
layihəsini həmin təşəbbüsün davamı da
hesab etmək olar. Belə ki, gəncləri daha çox
maraqlandırmaq üçün bu dəfə açıq
yox, mobil kitab rəfi yaratmaq qərara alınıb. “Mobil kitab
rəfi”ndən istifadə etmək istəyənlər QR kod
vasitəsilə kitabları mobil telefona yükləyib
onları elektron formatda oxuya bilər.
“Mobil kitab rəfi”nə daxil
olmağa imkan verən mobil keçidlər xüsusi plakatlarda
dərc olunub. Bu posterlər gənclərin ən çox
istifadə etdiyi ictimai nəqliyyat vasitələrindən olan
metro qatarlarından asılıb. Artıq 100 vaqonda belə
posterlərə rast gəlmək mümkündür. Bundan əlavə,
barkodun çap olunduğu posterlər universitetlərdə də
yerləşdirilib. Kitabxanaya
daxil olmaq üçün mobil telefonla posterdəki barkod-u skan
etmək kifayətdir. Bu barkod dərhal virtual kitabxanaya
keçid verir.
“Mobil kitab rəfi”ndə iki bölmə
yaradılıb. Burada həm Azərbaycan ədəbiyyatının,
həm də dünya ədəbiyyatından nümunələri
əldə etmək mümkündür. Hər bir bölmədə
50 əsər yerləşdirilib. Statistika göstərir ki,
iki həftə ərzində virtual kitabxanada 1400-ə
yaxın istifadəçi qeydə alınıb. Dünya ədəbiyyatı
kitabxanasından elektron kitablar götürənlərin sayı
daha çox olub.
Gənclər üçün
yaradılan virtual kitabxanada Nizami Gəncəvi, Şah
İsmayıl Xətai, Füzulinin şah əsərləri
ilə yanaşı müasir yazarların kitabları da yer
alıb. Dünya ədəbiyyatı incilərindən
burada Viktor Hüqonun “Səfillər”, Fyodor Dostoyevskinin “Cinayət
və cəza”, Tolstoyun “Həzrəti Məhəmməd”,
Markesin “Patriarxın payızı”
əsərlərini oxumaq olar.
Hazırda Azərbaycan və dünya ədəbiyyatından
bir sıra kitabların elektron versiyalarının yükləndiyi
bu portala mütəmadi olaraq yeni kitablar əlavə olunacaq.
Fərəh
Sabirqızı
Baku Post.-2013.-4
dekabr.-S.-8.