Elxan Qasımov: “Kino
qəliz işdir”
“Əhməd haradadır” filminin çəkilməsindən 50 il ötür. Film müasir həyatımızdan, gənclərin köhnəlmiş adət-ənənələrə qarşı etirazlarından, həyatlarını öz istədikləri kimi qurmalarından bəhs edir. Bu film xalq artisti Adil İsgəndərovun kinoda rejissor kimi yeganə işidir. Ekran əsərində Azərbaycan kinosunun məşhur simaları yer alıb. “Əhməd haradadır” filmi sürücü Əhməd rolunu oynayan Elxan Qasımov və rəngsaz obrazını ifa edən Eldəniz Zeynalovun kinoda ilk işidir. Filmoqrafiyasına 50-dən çox kino daxil olan və rejissor kimi bir çox filmlərə quruluş verən əməkdar artist E. Qasımov 50 ilin xatirələrini və kino haqqında fikirlərini bölüşüb.
– Əslində, ilk sualım başqa idi. Lakin otağınızdakı “Biz qayıdacağıq” filminin posterini görəndən sonra fikrimi dəyişdim. Qaçqın həyatı yaşamamısınız, lakin filmi çəkən zaman qaçqın həyatı ilə nə dərəcədə yaxından maraqlandınız?
– Əslində, qaçqın həyatını hər birimiz – bütün Azərbaycan xalqı yaşayıb. 50 ildir Azərbaycan kinosunda işləyirəm, həmin anları kinoya gətirmək borcum idi. İşğal olunmuş bölgələri mən çox-çox əvvəllər sevmişəm. Həmin torpaqların itirilməsi mənə ağır gəlir. O torpaqlara həsrət qalaraq dünyasını dəyişənlər var. “Biz qayıdacağıq”dakı qəhrəman Pərvaz indi Milli Konservatoriyanın tələbəsidir. Deyir ki, onu Zakir kimi çağırırlar. O da bu həyatı yaşayıb. Filmin qəhrəmanı Zakirə dünyanın hər hansı ölkəsində baxsalar deyəcəklər ki, belə gözəl, ağıllı, istedadlı uşaq gərək qaçqın olmazdı. Filmin bir neçə adı vardı. Mənsə “Biz qayıdacağıq”ı seçdim. Çünki biz mütləq o torpaqlara qayıdacağıq!
– Azərbaycanda hansı mövzulu filmlərə ehtiyac var?
– İlk növbədə insan mənəviyyatını müsbət tərəfə çəkən, tərbiyələndirən filmlərə. “Görüş”, “Bəxtiyar” kimi filmlərdə sovet ideologiyası vardı. “Bəxtiyar”da Rəşid Behbudov mütləq rus qızı sevməliydi.
Lakin rejissorlar bunun içərisinə də azərbaycançılığı və əxlaqi mövzuları salırdı. “Əhməd haradadır?” filmində rejissor göstərir ki, sürücü belə olmalıdır: rəqs etməyi bacarmalı, xeyirxah, ağıllı, sevgisinin arxasınca gedən.
– Niyə o vaxtkı filmlərə bu gün maraq var?
– Vaxtı ilə bəlkə də o filmləri biz bəyənmirdik, amma indi hamı böyük maraqla baxır. “Əhməd haradadır?” filmindən cavanlar danışanda çox sevinirəm. Çünki yaşıdlarım məni tanıyır və o dövrü görüb.
Demək, sənət daimidir. Köhnə kinoları sevdirən ilk növbədə nostalgiyadır. Bundan başqa, gözəl hisslərin tərənnümü. İndi kim kimə öz ev növbəsini verər? Filmdə isə Əhməd öz ev növbəsini digər Əhmədə verir.
– 50-yə yaxın filmə çəkilmisiniz. Amma hamı sizi “sürücü Əhməd” kimi tanıyır...
– Hələ də küçədə məni “sürücü Əhməd” kimi tanıyır, yaxınlaşıb salamlaşırlar. Tanınmaq çox məsuliyyətlidir. Bu bir fenomendir ki, Azərbaycan kinosunda bir neçə nəfər var ki, ilk rolu ilə məşhurlaşıb.
Uzun illərdir ki, rejissorluqla məşğul olan insan üçün 50 ildir bir rolu ilə tanınmaq xoşbəxtlikdir. Rejissor A.İsgəndərov, ssenari müəllifi S.Rəhman, bəstəkar R.Hacıyevdən tutmuş bu filmdə çəkilən məşhur aktyorların da burada rolu böyükdür. O boyda böyük insanların yanında 18 yaşlı Elxan Qasımov şitil idi. Məmmədrza Şeyxzamanov, Nəcibə Məlikova, Mustafa Mərdanov, Lütfəli Abdullayev, Eldəniz Zeynalov, Səyavuş Aslan, Töhfə Əzimova kimi cəngavərlərin içərisində yadda qalmaq və məşhurlaşmaq xoşbəxtlikdir.
– Kinoda ilk rolunuzdur. Necə dəvət aldınız?
– İndiki Mədəniyyət
və İncəsənət Universitetində Adil
İsgəndərovun kursunda oxuyurdum. Öz tələbələrini
bütün rollara
sınaq çəkilişlərində yoxladı. Bütün kurs filmə
qeyri-rəsmi kömək edirdi. Mən də universitetə rəqqas kimi gəlmişdim. Mahnı və rəqs
ansamblında solist idim. Həm də sürücülük
bacarığım olduğu
üçün elə
sürücü Əhməd
mənə tapşırıldı.
Adil müəllim plastilin kimi adamdan obraz
yaratmağı bacaran
sənətkar idi.
– Hansı maraqlı hadisələri xatırlayırsınız?
– Filmin çəkilməsi
elə ən böyük maraqlı hadisə idi. Məni sürücü Əhməd
kimi seviblər və çalışmışam
ki, Elxan Qasımovu da ona oxşadam. Əhmədlə Elxan arasında
da oxşarlıqlar çoxdur. Həyatda da hər zaman çalışmışam
ki, xeyirxahlıq edəm. Bəlkə ona görədir
ki, indi kinostudiyanın Həmkarlar
Təşkilatının sədriyəm,
kinonun böhran vaxtlarında çıxıb
getmədim. Hər zaman,
hər yerdə mənə “sağ ol” deyəndə Adil İsgəndərova rəhmət oxuyuram.
İsmayıl Dağıstanlının da hər zaman
ruhunu yad edirəm. İnstitutdan məni əsgər
aparırdılar, o, qoymadı.
Komissarlıqdan şəxsi
işimi götürüb
dedi ki, “bu oğlan böyük
sənətkar olacaq, ali məktəbi
bitirəndən sonra əsgər gedər”.
– Gürcü aktrisa Nonna Paçuaşvili ilə əlaqəniz varmı?
– Bəli. Hər dəfə Bakıya
gələndə görüşürük.
– Tamaşaçılar Azərbaycan seriallarının
bəsit və quru təsir bağışlamasından şikayət
edir. Sizcə, səbəb nədir?
– Seriallarda müasir həyatı çəkirlər.
Müasir həyatı da
biz yaşayırıq və
görürük. Biz hadisələrin iştirakçısıyıq
və hərəmizin
öz münasibətimiz
var. İndiki serial və
bəzi filmlərdə
sənət yoxdur, onları seyr edə bilmirəm. Çünki bir falş artıq məni ekrandan uzaqlaşdırır.
Amma artıq istedadlı gənclər gəlir.
Bir də telekanallarda mətbəx verilişlərinə
baxa bilmirəm. Olimpiya çempionunun dolma bükməsinə baxaram.
Çünki idmançının mətbəxdə olması
təzadlı və maraqlıdır. Lakin
boynu və beli bilinməyən müğənninin yemək
bişirməsi maraqsızdır...
– Azərbaycan kinosu hansı dövrünü
yaşayır?
– Azərbaycan kinosu dünya kinosundan texniki səviyyədə aşağıdır. Amma hisslərdə, duyğularda heç zaman aşağı olmayıb. Afrikanın cəngəlliklərində də, inkişaf etmiş ölkələrdə də valideynin övlada, uşağın valideynə münasibəti eynidir. Hisslər var ki, ümumbəşəridir. Biz də filmlərimizdə bunları aşılamışıq. Teatrdan fərqli olaraq kinematoqrafiya çətindir. Tamaşada bir fikri anlamırlarsa, gələn dəfə onu başqa tərzdə deyirsən. Kinoda bir dəfə necə göstərdinsə, o cür də qəbul olunur. Kino işi qəlizdir.
Ümidə Həsənli
BakuPost .-2013.- 14 dekabr. - S.11.