Dövlət
qulluqçuları seçilir
Dövlət qulluğuna qəbulla bağlı növbəti müsabiqənin ilk mərhələsi keçirilir. Namizədlərin əksəriyyəti yenə gənclərdir. Tətbiq olunan yeniliyə görə, imtahanda iştirak edən namizədlər hansı suala düz, yaxud səhv cavab verdiyini dərhal öyrənə bilir. Bundan başqa, vətəndaşlara komissiyanın saytında test imtahanlarını “online” şəkildə izləmək imkanı yaradılıb. Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilovun “New Baku Post”a müsahibəsi də imtahan qayğılarına həsr olunub.
– Bu müsabiqəyə nə qədər vakant vəzifə çıxarılıb?
– Dövlət Qulluğu Məsələləri üzrə Komissiya oktyabr və noyabr aylarında 4 elan verib. Həmin elanlarda 99 dövlət orqanı üzrə 1046 vakansiya müsabiqəyə çıxarılıb. Artıq müsabiqənin 1-ci mərhələsi başlanılıb. Bu, test imtahanlarıdır. Bu günə kimi 7 dövlət orqanı üzrə test imtahanlarını başa çatdırmışıq. Artıq həmin dövlət orqanları üçün 2-ci mərhələyə, yəni müsahibələrin keçirilməsinə başlayacağıq. Elan etdiyimiz müsabiqələrdə iştirak edən dövlət orqanlarının və vakant vəzifələrin sayı artır. Eyni zamanda müsabiqələrdə iştirak edən gənclərin də sayında artım var. Bu bir daha təsdiqləyir ki, dövlət qulluğuna müsabiqə prosesi şəffaf və obyektiv keçirilir.
Bu müsabiqədən başlayaraq vətəndaşlar test imtahanlarını “online” izləyə bilər. Yeniliklərimiz də var. Namizədlər artıq test imtahanı verən kimi dərhal arayış alır və həmin arayışla kompüterin monitorunda cavablarını yoxlaya bilir. Bunu ona görə tətbiq edirik ki, test mərhələsi nəticələrinin tam obyektivliyinə əminlik yaransın. Çünki namizədlərin biliklərini komissiya obyektiv qiymətləndirir.
– Müraciətlər baxımından, üstünlük yenə gənclərdədir?
– Gənclərin dövlət qulluğuna cəlb edilməsi cənab Prezidentin həyata keçirdiyi siyasətin bir istiqamətidir. Bu proses uğurlu gedir. Komissiya vasitəsilə dövlət qulluğuna qəbul olan şəxslərin 80%-i gənclərdir. Əsasən də ali məktəbləri son 1-2 ildə bitirənlərin müraciəti daha çoxdur. Amma burada da müəyyən problemlər var. Bəzi ali təhsil müəssisələri məzunlarına diplomların verilməsi gecikdirilir. Hətta bir neçə ali təhsil müəssisələri var ki, bu il məzun olanlara hələ diplom verməyib. Düzdür, biz onlar üçün şərait yaradırıq. Onlar “online” şəkildə qeydiyyatdan keçəndə hansı ali təhsil müəssisəsini bitirdiklərini göstərir. Biz bu məlumatı yoxlayırıq və diplomlarını təqdim etmədən namizədləri həm birinci, həm də ikinci mərhələyə buraxırıq. Əlbəttə, bu, formal xarakter daşıyır. Çünki dövlət qulluğunda inzibati vəzifəni tutmağa iddiası olan şəxsin ali təhsili olmalıdır. Bu təhsili isə yalnız diplom təsdiq edə bilər.
– Daha çox hansı sahələrə maraq var?
– Əmlak Məsələləri üzrə Dövlət Komitəsi müsabiqəyə 143 yer çıxarıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 77, Statistika Komitəsi 73, Gənclər və İdman Nazirliyi 70 vakant yer təqdim edib. Elə dövlət orqanları da var ki, bir-iki vakant vəzifə çıxarır. Komissiya fəaliyyətə başlayandan gəncləri ən çox İqtisadi İnkişaf Nazirliyinə qəbul eləmişik. Onlar bizimlə səmərəli əməkdaşlıq edir. Ümumiyyətlə, seçim əməkdaşlıq, qarşılıqlı maraq əsasında həyata keçirilir. Dövlət orqanlarının bilikli, ixtisaslı, şəxsi keyfiyyətləri yüksək olan kadrlara ehtiyac var. Komissiyanın da əsas işi odur ki, dövlət qulluğuna layiqlilər seçilsin.
– İlin yekununu necə dəyərləndirə bilərsiniz?
– Bu il ərzində 2 müsabiqə
elan olunub. Birinci müsabiqədə
101 dövlət orqanı
üzrə1227, 2-ci müsabiqədə isə 94 dövlət
orqanı üzrə
1005 vakant vəzifə
çıxarıb. Ümumilikdə,
2013-cü il üzrə 957 namizəd uğur qazanıb. Komissiyanın fəaliyyətində əsas məqsəd vətəndaşlarda dövlət
qulluğuna, dövlət
orqanlarına etimadın
yaradılmasıdır. Əvvəllər işə necə
qəbul olunurdular?
Fərqli meyarlarla. Kimsə tanışlıqla,
kimsə başqa yollarla. Artıq hamı bilir
ki, ən layiqli dövlət qulluqçusu müsabiqə
yolu ilə seçiləcək. Hər şey
namizədin özündən
asılıdır. İmtahanı da özü verir, müsahibədən
də şəxsi keyfiyyətlərinə və
biliklərinə görə
keçə bilər.
Müsahibələrdə də proqramdan
kənar sual verilmir. Bu da
obyektivliyin təmin olunması üçündür. Bəzən elə suallar
verirdilər ki, onun nə həmin
dövlət orqanına,
nə də həmin vakant vəzifəyə aidiyyatı
olmurdu. Biz bunları
məhdudlaşdırmışıq. İxtisas üzrə müsahibə
proqramları var. O proqramlar
da internet səhifəmizdə
açıqdır. Namizədlər fərdi qaydada hazırlaşa bilər.
İxtisas üzrə namizədə
bundan kənar heç bir sual verilməyəcək.
– Müsahibə mərhələsinin testlə
olması fikirləri səsləndirilir. Belə bir
təcrübə varmı?
– Bu fikirləri səsləndirənlərin
ümumiyyətlə Dövlət
qulluğuna seçimin
necə aparılması
haqqında təsəvvürü
yoxdur. Namizədlər yalnız biliklərə
deyil, şəxsi keyfiyyətlərə də
sahib olmalıdır. Onlar
sabah vəzifədə
çalışanda xalqın
qulluğunda durmalıdır.
Burda təbii ki, həm şəxsi keyfiyyətlər, həm kollektivdə çalışmaq
qabiliyyəti, liderlik,
komanda qurmaq keyfiyyətləri, bir çox amillər nəzərə alınmalıdır.
Bunları yalnız müsahibədə
müəyyən etmək
olar. Bəzən namizəd testdən çox yüksək bal toplayır, amma müsahibədən kəsilir. Çünki, onun həyata
yanaşması, vəzifə
tutmaq istəyinin pərdəarxası məqamları
müsahibədə üzə
çıxır. Xarici ölkələrin
analoji qurumlarında da belədir. Onlar namizədi nəinki 2 mərhələdə, hətta
4-5 mərhələdə, psixoloqların iştirakı
ilə tanımağa
çalışır. Şəxsi keyfiyyətlərində çatışmazlıq
olan adamlar dahi belə olsa, dövlət orqanlarına qəbul edilmir.
Komissiyanın burda şəxsi
marağı yoxdur.
Burda dövlət marağı
var. Dövlət marağı
da tələb edir ki, dövlət
qulluğuna saf, sağlam, bilikli, yüksək şəxsi keyfiyyətləri olan insanlar gəlsin. Bizim bu yolda fikrimiz
qətidir. Hələ fikirləşirik
ki, gələcəkdə
müsahibəni yazılı
imtahan şəklində
tətbiq edək.
– Dövlət Qulluğu
Məcəlləsinin hazırlanmasında
işlər hansı mərhələdədir?
– Məcəlləni beynəlxalq
layihə çərçivəsində
bir qrup ekspert hazırlayıb. Onların
ictimai dinləmələrini
aparmışıq. Saytda da
yerləşdirilib. Bu işə QHT-lər
də cəlb olunub ki,
təkliflərini versinlər. Sənədi bütün
dövlət orqanlarına göndərmişik. Artıq təkliflər
yığılıb. Bir hüquqşünas kimi deyim ki,
Məcəllənin üzərində hələ çox iş
aparılmalıdır. İndi biz yenə də ekspertlərə müraciət
etmişik ki, məcəlləni
boşluq olmadan
yüksək səviyyədə,
bütün dövlət qulluğu sahəsində
yaranan münasibətləri tənzimləyən
normalar çərçivəsində təmin
etsinlər. Hesab edirəm ki,
2014- cü ilin birinci yarısının sonunda
Məcəllə tam hazır olacaq.
Yaqut Tapdıqqızı
BakuPost.-2013.- 14 dekabr. - S.9.