t
Mətbuatın böyük dostu
Heydər Əliyevin hər çıxışı hazır redaktə olunmuş mətnlər idi. O çıxışlar hadisələrin, görüşlərin bütün mahiyyətini əks etdirirdi. Adətən giriş sözündə mahir natiqliyi ilə seçilən H.Əliyev bütün lazımi informasiyanı açıqlayırdı.
Heydər Əliyev diplomatik etiketə yüksək səviyyədə əməl edirdi. Tərəf müqabilinin cavab nitqindən sonra çox nəzakətli şəkildə, gülümsəyərək üzünü döndərib bizə deyirdi ki, “gəlin, jurnalistləri çox incitməyək, onları saxlamayaq, materialı nömrəyə çatdırmalıdırlar”. Anlayırdıq ki, artıq söhbətin mətbuatdan qapalı tərəfi başlayır. Yəni, jurnalistlər otağı tərk edənə kimi onun özünə və mətbuata nə lazımdırsa, hamısını deyirdi.
H.Əliyev media ilə yüksək səviyyədə əməkdaşlıq qurmağı bacarırdı, sözün əsl mənasında jurnalistlərin dilini bilirdi. O, mətbuatın gündəmini müəyyən etməyi bacaran dövlət rəhbəri idi. Mütəmadi olaraq elə çıxışlar edir, elə bir məsələni gündəmə gətirirdi ki, həftə boyunca bütün mətbuat orqanları həmin məsələni müzakirəyə çıxarmalı olurdu. Hətta elə məsələ qaldırırdı ki, müxalifət mətbuatı da öz kampaniyalarını unudub bu mövzuya diqqət ayırırdı.
H.Əliyev jurnalistləri tərbiyə etməyi də bacarırdı. O, dəfələrlə jurnalistlərə necə deyərlər, peşəkarlıq “dərsi” keçib, düzgün sual verməklə bağlı iradlarını bildirib. Elə indinin özündə də bu məsələlər peşəkarlıq baxımından çox aktualdır. Bəzən KİV nümayəndələri diplomatik etiketi, dövlətlərarası münasibətləri nəzərə almadan, elə suallar verirdi ki, dövlət rəhbərinin bu sualı açıq şəkildə cavablandırması məqbul sayılmazdı. Bu halda, H. Əliyev çox ustalıqla yaranmış situasiyanı sahmanlayırdı, sual ətrafında danışır, məsələni başqa istiqamətə yönəldirdi. Verdiyi cavabla həm situasiyadan çıxırdı, həm də jurnalistə səhvini anladırdı.
Eyni zamanda o, bir neçə istiqamətdə mühüm problemlərlə məşğul olub onları həll etməyi bacaran dahilərdən idi. Onun mətbuatla bağlı ən qətiyyətli addımı senzuranın ləğvidir. Azərbaycan mətbuatı üçün senzura H.Zərdabi dövründən başlayıb, xalq cümhuriyyəti, sovet dövründə də davam edib. Yalnız H.Əliyev cəsarətlə 1998-ci ildə senzuranın ləğvi haqqında qərar verdi. Çoxları bunu vaxtından tez atılmış addım kimi qiymətləndirirdi. Amma zaman göstərdi ki, bu qərar tam vaxtında verilib. Beləliklə, o, Azərbaycanda söz və mətbuat azadlığının həqiqi təminatçısına çevrildi.
H.Əliyev bəzi müstəqil qəzetlərin mətbəə borclarını bağışlayaraq onları çətin vəziyyətdən çıxartdı. Hansı sahədə problem yaranırdısa, H.Əliyev hamıdan əvvəl onu görürdü və aradan qaldırmaq üçün düzgün qərar qəbul edirdi.
O, bizi senzura buxovundan azad etdi, mətbuat-dövlət münasibətlərini sahmana saldı. Həmin münasibətlər indi də qalmaqdadır.
Bəllidir ki, Azərbaycanın müstəqilliyi əbədidir,
ölkə inkişaf etmiş
dövlətlər cərgəsində inamla
addımlayır. Bütün bunların təməli
Heydər Əliyev tərəfindən qoyulub.
Bəxtiyar Sadıqov, Millət
vəkili
BakuPost .-2013.- 12 dekabr. - S.3.