Böyük dayaq

 

Neft sənayesi Azərbaycan iqtisadiyyatının hərəkətverici qüvvəsidir. Heydər Əliyevin fəaliyyəti dövründə bu sahənin inkişafı istiqamətində əvəzsiz addımlar atılıb. Uzun illər dahi insanla çiyin-çiyinə çalışmış Azərbaycanın tanınmış mühəndis-geoloqu,  Dövlət Neft Şirkətinin (ARDNŞ) 1-ci vitse-prezidenti Xoşbəxt Yusifzadə ölkədə uğurlu neft strategiyasının ərsəyə gəlməsini bilavasitə Heydər Əliyevlə bağlayır:

– Heydər Əliyevlə tanışlığınız necə olub?

– Tanışlığımız 1968-ci ilə təsadüf edib. O vaxt Süleyman Dəmirəl Türkiyənin baş naziri kimi Moskvaya, oradan da Bakıya gəlmişdi. Burada o, neft mədənləri ilə tanış olmaq istədi, bizonu Qum adasına apardıq. Onda H.Əliyev Dövlət Təhlükəsizlik Komitəsinin sədri idi, S.Dəmirəli müşaiyət edirdi. İlk dəfə tanışlığımız Qum adasında oldu, mən onaqonağa neft sənayemiz barədə məruzə etdim.

 Bir ildən sonra H.Əliyev Azərbaycana rəhbərlik etməyə başladı və münasibətlərimiz daha sıx şəkil aldı. O vaxt Bakı neftçilərinin təcrübəsi nəzərə alınaraq, Xəzər dənizində neftlə bağlı bütün işlər İranla sərhəddən Həştərxana qədər azərbaycanlılara tapşırılmışdı. Buna görə də, Xəzər Dəniz Neft Birliyi yaradıldı, H.Əliyev məni o idarəyə baş geoloq (həm də baş idarə rəisinin müavini) təyin etdi. Həmin vaxtdan da mən H.Əliyevlə neft sənayesinin inkişafında birlikdə çalışmağa başladıq.

– Həmin dövrdə yerli neft sənayesi necə inkişaf edirdi?

– 70-ci illərin əvvəllərində dənizin dərinliyi 40 metrə qədər olan ərazilərdə demək olar ki, bütün yataqlar kəşf olunmuşdu. Ondan da dərin yerlərə getmək üçün maddi-texniki imkanlarımız yox idi.

 H.Əliyev bu məsələ ilə ciddi məşğul oldu və üzən qazma qurğularının alınmasına kömək etdi. Son nəticədə, biz əvvəlcə 70 metr, sonra isə 200 metr dərinlikdə işləməyə başladıq və böyük neft yataqları aşkar etdik, illik karbohidrogen hasilatı göstəricisini 27 milyon tona çatdırdıq.

 Dənizdə gedəndə təbii ki, platformaların, meydançaların, özüllərin qurulmasına ehtiyac var idi. Bu səbəbdən Bakının Qaradağ rayonundakı Dərin Özüllər Zavodunun tikilməsi məsələsi gündəmə gəldi (bu gün həmin zavod H.Əliyevin adını daşıyır). O vaxt dəyəri 450 milyon dollar olan zavodun məhz Azərbaycanda inşa edilməsi də H.Əliyevin səyləri nəticəsində mümkün oldu. 

 Sonra neft sənayesi üçün gəmilər alındı. Bunlar yükgeofizika gəmiləri idi ki, onların da alınması üçün aparılan danışıqlarda mən H.Əliyevlə birgə iştirak edirdim. Bir sözlə, SSRİ dövründə elə işlər görüldü ki, bunlar müstəqillik dövründə də bizim köməyimizə çatdı. 

– “Əsrin müqaviləsi”nin imzalanmasına necə nail olundu?

– H.Əliyev 2-ci dəfə Azərbaycana rəhbərlik etməyə başlayanda da neft sənayesi ilə yaxından maraqlandı. O vaxt qara qızıl hasilatında vəziyyət pis idi. SSRİ-nin dağılan vaxtlarında dəniz neftinə demək olar ki, fikir verilmirdi. Digər tərəfdən, ölkədə qarışıqlıq, ictimai-siyasi vəziyyətin gərgin olması illik hasilatın 9 milyon tona düşməsinə gətirib çıxarmışdı. Bu da ən aşağı hədd idi. Müttəfiq respublikalarla da münasibətlər pozulmuşdu, iqtisadi əlaqələr kəsilmişdi.

 H.Əliyev gördü ki, öz gücümüzlə neft sənayesini dirçəltməli olsaq, bizə 30-40 il vaxt lazım olacaq, buna görə də bir sıra xarici şirkətləri Azərbaycana dəvət etdi. Amma həmin şirkətlərlə danışıqlar ağır keçirdi. “Əsrin müqaviləsi” imzalanana qədər mən təxminən 2 ay ərzində ABŞ-da aparmalı oldum. Bütün çətinliklərə baxmayaraq 20 sentyabr 1994-cü ildə tarixi müqaviləyə imza atıldı. Bununla da, bütün dünyanı inandıra bildik ki, Azərbaycan sabit ölkədir və burada görmək, investisiya qoymaq olar. Bundan sonra 34 müqavilə də imzalandı və uğurla icra edildi.

 

Azərbaycanda hasil olunan neftin həcmi sürətlə artdı və 2010-cu ildə ən yüksək həddə, illik 50 milyon tona çatdı. Təbii qaz hasilatı isə 5 milyard kubmetrdən 26-27 milyard kubmetrə çatıb.

Amma yəqin ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri olmasaydı, bu qədər neftin ixracı da mümkün olmazdı...

– Əlbəttə, o vaxt biz nefti Bakı-Novorossiysk və Bakı-Supsa kəmərləri ilə ixrac edirdik və hər iki kəmər Qara dənizə çıxırdı. Neft bu dənizlə, Dardanel boğazından keçməklə nəql olunurdu. Bakı-Tbilisi-Cehyan kəməri isə Qara dənizdən yan keçəcəkdi və elə buna görə də onun əleyhdarları çox idi.

 Bu bizim üçün  əhəmiyyətli bir layihə idi. Çünki neftin Aralıq dənizinə çıxarılaraq  daha yaxşı satılmasına imkan verirdi, Ceyhan limanına böyük tankerlər (500 min tonluq) yan ala bilirdi. Ona görə də, nəyin bahasına olursa olsun, bu kəmər çəkildi. Həmin kəmərin sayəsində indi biz bu qədər nefti sərfəli şərtlərlə dünya bazarına çıxara bilirik. Bu günə qədər “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil olunan 330 milyon ton neftin 168 milyon tonu mənfəət nefti olubbu həcmlər əsasən Ceyhan limanından ixrac olunub. Bu da H.Əliyevin xalq qarşısında əvəzsiz xidmətlərindən biridir.

 Onun başqa bir xidməti isə Dövlət Neft Fondunu yaratmasıdır. Neftdən gələn əlavə gəlirlər o fonda yığılır və oradan respublikanın inkişafı üçün xərclənir. Həmçinin, “Şahdəniz” qaz yatağının kəşf edilməsi onun adı ilə bağlıdır. Bu gün həmin yataqdan sutkada 27 milyon kubmetr təbii qaz hasil olunurson nəticədə Azərbaycan nəinki neft, həm də qaz ölkəsi kimi tanınmağa başlayıb.

 Bir sözlə, H.Əliyevin əsasını qoyduğu neft-qaz strategiyası bu günİlham Əliyev tərəfindən uğurla icra olunur və xalqımız neftin gəlirlərindən bəhrələnir.  İ.Əliyev də uzun illər ARDNŞ-də çalışıb, müqavilələrin imzalanmasında şəxsən iştirak edib. 

 Heç yadımdan çıxmaz, 70 illiyimdə məni zəng vurub təbrik etmişdi. Xeyli söhbətdən sonra belə dedi: “Xoşbəxt, sən də qocaldın”. Bir dəfə də İranda səfərdə olanda məni o ölkənin rəsmi şəxslərinə elə təriflədi ki, gözlərim yaşardı. Sonra da dedi ki, “gözünün yaşını silget danışıqları davam etdir, Allaha şükür, danışmağa həvəsin də var”. Mən də daxil olmaqla, H.Əliyevin xatirəsi bütün neftçilər üçün əzizdir və onu heç vaxt unutmayacağıq.

– “Əsrin müqaviləsi” çərçivəsində “Azəri-Çıraq-Günəşli” yataqlarındakı neft ehtiyatının əhəmiyyətli hissəsinin çıxarıldığını demək olarmı? Gərək ki, bu yataqlarda 510 milyon ton ehtiyat olduğu deyilirdi...

Biz müqaviləni bağlayanda kəşfiyyat işlərinin ilkin mərhələsi idibuna görə də, 510 milyon ton neft olduğu deyilirdi. Amma sonrakı illərdə müqavilə çərçivəsində əlavə quyular qazıldı, sahəsi böyüdüson nəticədə “Azəri-Çıraq-Günəşli”nin ehtiyatlarının həcmi 900 milyon tondan çox olduğu ortaya çıxdı. Buradan 330 milyon ton neft çıxarılıb və deməli hələ, yataqların təxminən 30%-i 20 il ərzində istismar olunub.  

 Ümumiyyətlə, Azərbaycanın təsdiq olunmuş neft ehtiyatı 2 milyard tondur. Əlavə 2 milyard tonluq da proqnozlaşdırılan ehtiyat var. Qaza gəldikdə isə, təsdiq olunmuş mavi yanacaq ehtiyatı 2-2,5 trilyon kubmetr həcmindədir. Proqnozlaşdırılan qaz ehtiyatının həcmi isə 3,5 trilyon kubmetrdir. Ümumi götürəndə, 4 milyard ton neft və 6 trilyon kubmetr qaz birlikdə ekvivalent hesabı ilə 10 milyard ton karbohidrogen deməkdir. Qaz ehtiyatları bəlkə 100 ildən də artıq müddətdə Azərbaycana kifayət edəcək. Neftin həcmi isə bir qədər azdır.

 İndi dənizdə olan neftə aid bütün strukturlar perspektivdə qaz strukturlarıdır. Ona görə də, biz hazırda quruda mezazoy çöküntüləri ilə bağlı aparır və onlarda olan neft ehtiyatını araşdırırıq. Paralel olaraq, dənizdəki mövcud neft yataqlarının verimlilik əmsalını artırmağa çalışırıq. Bunu da əsasən quyulara suqaz vurmaqla edirik. Məsələn, “Azəri-Çıraq-Günəşli”dən çıxarıla bilən neft mövcud ehtiyatın 40%-i qədərdir, yaxın gələcəkdə bunu 60%-ə çatdırmağı planlaşdırırıq.

– Hal-hazırda Abşeron yarımadasındakı fəaliyyətdə olan quyuların istismarı ARDNŞ üçün nə dərəcədə səmərəlidir? Bu quyulardan hasil olunan neft sənaye əhəmiyyətli sayıla bilərmi?

– O quyuların saxlanması xərci elə də çox deyil. Son illər dünya bazarında neftin qiyməti elə artıb ki, istənilən halda o quyuların əksəriyyətindən gəlir əldə olunur. Biz “Əsrin müqaviləsi”ni imzalayanda neftin 1 barrelinin qiyməti cəmi 16 dollar idi. İndi isə qiymət 110 dollar ətrafındadır. Doğrudur, bəzi quyulardan həddindən çox az neft hasil olunur, amma yaxşı neft verən quyular da var son nəticədə bu quyular bir-birini kompensasiya edir. Yəni, ümumilikdə qurudakı yataqlar gəlirlə işləməyə az neft verən quyularda işləyən insanları ixtisar etməməyə imkan verir.

 Başqa bir misal da çəkim. Biz qazı indiyə qədər ölkə daxilindəki sənaye müəssisələrinə, elektrik stansiyalarına hər 1000 kubmetri 40 manatdan verirdik. Bir neçə gündür ki, qiymət dəyişib. Amma dünya bazarında qazın 1000 kubmetrini 300-400 manata satırıq. Bununla da, ölkə əhalisinə, vətəndaşlarımıza etdiyimiz güzəştləri kompensasiya edirik.

 

 

Namiq Hüseynov

 

BakuPost.-2013.- 12 dekabr. - S.5.