2016-cı il hədəfləri

 

Dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “2011-2013-cü illərdə Bakı şəhərinin onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfrans keçirilib. Dövlət başçısı konfransda bəyan edib ki, xüsusilə növbəti illərdə Bakının və onun qəsəbələrinin infrastruktur obyektlərinə daha da böyük diqqət göstərilməlidir. Daha elektrik enerjisi ilə təchizatda hazırda problem yoxdur: “Ancaq gələcəyə baxmaq lazımdır və daim bu sahə diqqət mərkəzində olmalıdır”.

Qaz təchizatı da demək olar ki, Bakı şəhərində öz həllini tapıb. Paytaxtda ən müasir standartlara cavab verən kanalizasiya sistemiyeni su xətləri yaradılmalıdır. Eyni zamanda, istilik sisteminin bərpası prosesi gedir: “Biz çalışmalıyıq ki, Bakıda istiliyi 100 faiz təmin edək. Bu, həm bir tərəfdən sosial bir layihədir, eyni zamanda, istilik olan yerdə elektrik enerjisinə tələbat da azalır. Çünki qış aylarında qızdırıcılara ehtiyac qalmayacaq Yəni, bu işlər kompleks şəkildə öz həllini tapacaq. Mən buna şübhə etmirəm. Sadəcə olaraq istəyirəm ki, bu, tezliklə öz həllini tapsın”.

Vətəndaşlara xidmət

Prezident İlham Əliyev deyib ki, elə olmalıdır ki, hər bir vətəndaş evində kranı açıb suyu ala bilsin, istilik də, qaz da, işıq da olmalıdır: “Yəni, bu, hansısa böyük qəhrəmanlıq deyil. Bu, təbii ehtiyaclardır. Biz bunu təmin etməliyik. Vaxtilə bunlar olmayıb. Həmişə bizim vətəndaşlarımız əziyyət çəkiblər. Ancaq olmalıdır və olacaqdır. Azərbaycan kimi inkişafda olan ölkədə, Bakı kimi gözəl bir şəhərdə biz belə problemləri saxlaya bilmərik, buna dözə bilmərik.

Ona görə, növbəti illərdə bu, həm dövlət investisiya proqramında nəzərdə tutulacaq, eyni zamanda, bütün işlər yüksək keyfiyyətlə və qısa müddət ərzində öz həllini tapmalıdır”.

Lift təsərrüfatı tam yenilənir

Dövlət başçısı lift təsərrüfatının vəziyyətinə də toxunub: “Mən bir müddət bundan əvvəl maraqlandım ki, lift təsərrüfatı hansı vəziyyətdədir, bu sahədə vəziyyət necədir?! Mənə məlumat verildi ki, böyük problemlər vardır. Bəzi hallarda işləmir, köhnəlib, nasaz vəziyyətdədir. Ona görə, qərar qəbul edildi ki, biz dünyanın aparıcı firmalarının istehsalı olan liftləri Bakıya gətirək. Nəinki Bakıda, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində də lift təsərrüfatı yenilənir. Prezidentin ehtiyat fondundan vəsait ayrılmışdır. İndi burada məlumat verildi ki, min ədəd lift gətirilmişdir, quraşdırılır. Növbəti illərdə biz Bakının lift təsərrüfatını tam şəkildə yenidən qurmalıyıq. Bu da bundan sonra onilliklər ərzində bu məsələnin həllini təmin edəcəkdir”

Konkret tapşırıq

Dövlət başçısı eyni zamanda yaşayış binalarının həyətlərinin abadlaşdırılmasını tapşırıb: “İnsanların rahatlığı üçün nə lazımdırsa biz bunu etməliyik və edəcəyik”.

Bakının, xüsusilə onun qəsəbələrinin ən ciddi problemlərindən biri yol təsərrüfatıdır: “İlk növbədə kommunikasiyalar çəkilməlidir, ondan sonra yollar salınmalıdır. Burada həm şəhər icra hakimiyyəti, həm də İqtisadiyyat və Sənaye Nazirliyi nəzarət edirlər ki, bu məsələlər paralel şəkildə öz həllini tapsın”.

Qəsəbələrarası yollar yenidən qurulur. Bu gələcəkdə davam etdiriləcəkdir: “Biz çalışmalıyıq ki, Bakı qəsəbələrində daxili yolların hamısı asfalt yollar olsun. Orada bir dənə də torpaq yol qalmamalıdır. Ona görə, növbəti Proqramda bu məsələlər öz həllini tapmalıdır. Konkret hər qəsəbə üzrə Proqramda göstərilməlidir ki, neçə kilometr yol çəkiləcəkdir. Bunun çəkilmə müddəti göstərilməlidir ki, bu məsələ də birdəfəlik şəkildə öz həllini tapsın”.

Yeni avtobuslar olacaq

Konfransda Prezident istisna etməyib ki, dövlət xətti ilə də yeni avtobusların gətirilməsi təmin edilə bilər: “İnsanlar üçün lazım olan, insanları narahat edən məsələlərdə dövlət nəzarəti çox güclü olmalıdır. Ona görə, biz Azərbaycanda strateji infrastrukturu dövlət nəzarəti altında saxlayırıq. “Azərsu”, “Azəristilik”, “Azəriqaz”, əlbəttə ki, Neft Şirkəti, “Azərenerji”, “Bakıelektrikşəbəkə”, metro və digər sahələr dövlət nəzarətindədir.

Ona görə, dövlət orada tarif siyasətini uğurla apara bilər”. Dövlət başçısı deyib ki,  Azərbaycanda olan kommunal tariflər dünya miqyasında ən aşağı yerlərdədir. Metro tikintisi Azərbaycanda geniş vüsət almalıdır: “Bu gün metro tarifləri heç metronun ehtiyaclarının beşdə birini ödəmir. Dövlət tərəfindən subsidiyalar verilir. Bunu da istəyirəm əhali bilsin ki, metro ancaq dövlət subsidiyaları hesabına fəaliyyət göstərir. Əlbəttə, nə qədər çox stansiya tikilərsə dövlət büdcəsinə bir o qədər də çox yük olacaq. Ancaq biz bu sahəyə digər kommunal sahələr kimi sosial prizmadan yanaşırıq.

Bizdə qaz tarifləri də ən aşağı səviyyədədir. Qonşu ölkələrlə müqayisədə bizdə qaz tarifləri aşağıdır. Su tarifləri də həmçinin, benzin də həmçinin, elektrik enerjisi də. Yəni, bütün bunları dövlət tənzimləyir. Bütün bunlar dövlət tərəfindən ödənilir. O cümlədən, metro tikintisi də dövlət investisiyası hesabına icra edilir”.

Dövlət başçısı deyib ki, yeni yol qovşaqlarının, yolların tikintisi nəzərdə tutulur: “Ancaq ictimai nəqliyyat elə olmalıdır ki, insanlar rahat istifadə etsinlər. Onların içində metro ən ucuz, ən rahat nəqliyyat vasitəsidir”.

Bağçaların tikintisi sürətləndirilir

Bakı şəhərində məktəblərin bərpası, tikintisi gedir. Məktəblərin böyük əksəriyyəti yüksək səviyyədə təmir edilib. Ancaq təqribən 90-a yaxın məktəbdə təmir işləri aparılmalıdır: “Hesab edirəm ki, əgər biz əvvəlki illərin templəri ilə getsək 2014-cü və 2015-ci illərdə Bakıda məktəb tikintisi, təmiri problemi tam aradan qalxacaq”. Uşaq bağçaları problemi isə çox ciddi problemdir: “Deyə bilərəm ki, uşaq bağçaları ilə təminat təqribən 20-25 faizdir. Ona görə, biz növbəti illərdə uşaq bağçalarının tikintisinə, təmirinə böyük diqqət verməliyik. Yaxşı ki, vaxtilə - sovet dövründə həm məktəblər, həm uşaq bağçaları elə tikilmişdi ki, onların həyəti çox genişdir, böyükdürorada yeni korpuslar tikmək mümkündür. Bu imkandan da istifadə etməliyik. Ondan sonra yeni yerlər müəyyən edilməlidir. Yeni yaşayış binaları, yeni massivlər tikilərkən orada məktəb və uşaq bağçası nəzərdə tutulmalıdır. Bunsuz tikinti üçün icazə verilməməlidir. Biz çalışmalıyıq, maksimum dərəcədə insanları uşaq bağçaları ilə təmin edək ki, bu məsələ də öz həllini tapsın”.

Böyük Şor gölü üzərində avtomobil yolu olacaq

Yaxın vaxtlarda Böyük Şor gölünün təmizlənməsinə də başlanacaq: “Göl üzərindən avtomobil yolu çəkiləcək. Belə layihə var. Altızolaqlı avtomobil yolu çəkiləcək. Gölün birinci hissəsini - 300 hektar olan sahəni biz təmizləməliyik, şəffaf gölə çevirməliyik. Bu, həm istirahət zonasına çevriləcəkdir, həm nəqliyyat üçün çox vacib bir infrastruktur olacaq. Bütövlükdə biz özümüzü bu işlərdə də sınamalıyıq”.

Prezidentin tapşırığına əsasən, gələn ildən Bakı şəhərinin və onun qəsəbələrinin sosial iqtisadi inkişafı Dövlət Proqramının üçüncü mərhələsinə də başlanacaq: “Elə etməliyik ki, 2014 -2016-cı illər üzrə Dövlət Proqramı bütün məsələləri özündə ehtiva etsin, bir dənə də olsun məsələ diqqətdən kənarda qalmasın.

Beləliklə, gözəl şəhərimizin gələcək inkişafı və abadlaşması üçün yeni dövr başlayır”.

 

BakuPost.-2013.- 24 dekabr. - S.3.