Müstəqilliyin etibarlı
təminatçısı
Azərbaycanın inteqrasiya prosesi əsasən Qərbə doğru istiqamətlənsə
də, onun Şərqlə, İslam
dünyası və türk xalqları birliyi ilə ənənəvi əlaqələri
davamlı şəkildə
inkişaf etdirilməkdədir. Fərəh doğuran
faktlardan biri də budur ki,
türk dünyasına
daxil olan xalqlar, dövlətlər
arasında dostluq, qardaşlıq əlaqələrinin
qurulması və möhkəmləndirilməsi prosesi
də Azərbaycanla, onun müdrik övladlarının adları
ilə üzvi şəkildə bağlıdır.
Azərbaycan xalqı dövlət
müstəqilliyini bərpa
etdikdən sonra ümummilli liderimiz Heydər Əliyev türkdilli xalqlar arasında birliyi qarşılıqlı faydalı
və bərabərhüquqlu
iqtisadi-siyasi əlaqələr
qurmaqla reallaşdıraraq
möhkəmləndirib.
Azərbaycanın dövlət başçısı İlham Əliyevin prezidentliyi dövründə – ötən on il ərzində türkdilli dövlətlərin qarşılıqlı əməkdaşlığı daha da inkişaf etdirilərək yeni səviyyəyə qaldırılıb, xalqlarımız və dövlətlərimiz arasında ortaq iqtisadi-siyasi maraqların perspektivləri, imkanları müəyyənləşdirilib. Əminliklə demək olar ki, müasir Azərbaycan Respublikası Qərbə doğru yönələn, lakin İslam dünyasının mənəvi-mədəni irsini də qayğı ilə qoruyan, türk etnomədəni məkanına daxil olan müasir və dünyəvi dövlətdir.
Azərbaycanın son on ildə əldə etdiyi ən mühüm nailiyyət dövlət müstəqilliyinin möhkəmləndirilməsi, bu anlayışın yeni fəlsəfi məzmun kəsb etməsi və inteqrasiya prosesi arasında mühüm tarazlığın əldə olunmasıdır.
Siyasətdə “qismən müstəqillik” deyilən məfhum yoxdur. Azərbaycan dövlətinin bütün qlobal təşəbbüsləri, qoşulduğu iqtisadi-siyasi layihələr paralel şəkildə dövlət müstəqilliymizin daha monolit xarakter almasına, onun təsdiqinə və dərkinə, dövlətimizin istənilən xarici təzyiqə qarşı dayanıqlılığının təminatına yönəldilib.
Azərbaycan ötən on il ərzində siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirərək milli dövlətçiliyini inkişaf etdirib, demokratik dəyərlərə yiyələnib, liberal prinsiplərə əsaslanan unikal iqtisadi modelini yaradıb. Bu baxımdan Azərbaycanın perspektiv inkişafının mühüm hədəf və istiqamətlərini müəyyənləşdirən və 2020-ci ilədək dövrü əhatə edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələn vəzifələrin icrası xalqımızın və dövlətimizin gələcək taleyi üçün mühüm əhəmiyyətə malikdir.
Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş konsepsiya bu ali məqsədlərə nail olunması üçün ciddi elmi əsaslara söykənən innovativ idarəetmə üsullarının tətbiqini tələb edir və strateji yanaşmaların daha uzunmüddətli dövrü əhatə etməsinə istiqamətləndirir. Sənəd qarşıdan gələn yeddi il ərzində Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin daha da artırılmasını, regionların sosial-iqtisadi inkişafını, ölkədə insan kapitalının inkişafı ilə mükəmməl sosial müdafiə sisteminin bərqərar olunmasını, dövlət idarəetmə sistemində zəruri islahatların həyata keçirilməsini və digər aktual məsələləri əhatə edir.
Son dövrdə Azərbaycanda həyata keçirilən islahatlar ölkənin siyasi-iqtisadi və sosial-mədəni sahələrində özünün müsbət nəticələrini verməkdədir. Bu gün Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoyur. Yeni intibahın hədəfi isə effektiv və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması ilə əhalinin rifah halının beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi, elmin, təhsilin, mədəniyyətin inkişaf etdirilməsi, cəmiyyət həyatının bütün istiqamətlərində tərəqqinin əldə olunmasıdır.
Ötən illər ərzində Azərbaycanda insan kapitalının davamlı inkişafına, peşəkar kadr potensialının hazırlanmasına, elmin və mədəniyyətin yüksəlişinə də xeyli diqqət ayrılıb. Belə ki, on il ərzində dövlət büdcəsindən elmin inkişafına yönəldilən dövlət vəsaitinin həcmi 2,1 dəfə artmışdır. Elmin maddi-texniki bazasının möhkəmləndirilməsi və stimullaşdırılması üçün də vacib addımlar atılıb.
Ölkəmizdə kosmik sənayenin təməlinin qoyulması da Azərbaycan rəhbərliyinin elmə göstərdiyi qayğının, ölkəmizin sürətli inkişafının təzahürlərindəndir. Elm və qabaqcıl texnologiyanın inkişafında əldə olunan nailiyyətlər sayəsində bu il Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki orbitə çıxarılıb. Onu da deyək ki, 2014-cü ildə Yer səthini müşahidə peykinin, 2016-cı ildə isə ikinci telekommunikasiya peykinin orbitə çıxarılması planlaşdırılıb.
Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, müstəqillik Azərbaycan üçün danılmaz dəyərdir və yüz faizlik müstəqillik labüddür. Ölkə başçısı bu konseptual yanaşmanı şərh edərək deyib: “İndi yeni tarix yazılır – müstəqillik tarixi. Bu, xalqımızın həyatında bütün dövrlərdə ən şanlı tarixdir. Əsrlər boyu heç vaxt Azərbaycan xalqı bu qədər rahat yaşamamışdır, Azərbaycan dövləti möhkəm olmamışdır. Bu müstəqillik həqiqi müstəqillikdir. Keçən əsrin əvvəllərində iki il Azərbaycan müstəqil ölkə kimi yaşadı. Ancaq biz hamımız bilirik ki, o müstəqillik tam deyildi və ona görə müstəqilliyin ömrü uzun olmadı. İki ildən sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Ondan əvvəlki dövrlərdə də, tariximizdə müxtəlif dövrlərdə dövlətçilik ənənələri olmuşdur. Onlar bizim üçün çox vacibdir. Amma bu qədər azad və müstəqil Azərbaycan heç vaxt olmamışdır. Bunu bilməliyik - biz də, gənc nəsil də bilməlidir. Bunu biz qorumalıyıq, möhkəmləndirməliyik. Hər bir şəhərin inkişafı, hər bir kəndin abadlaşdırılması, eyni zamanda, müstəqillik binamıza möhkəm bir daş, möhkəm bir təməldir”.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, onun inteqrasiya imkanlarının genişləndirilməsi, ölkənin iqtisadi-siyasi qüdrətinin artırılması, əhalinin sosial vəziyyətinin daha da yüksəldilməsi, maddi-mədəni irsin qorunması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət bundan sonra da uğurla davam edəcək.
BakuPost.-2013.- 24 dekabr. - S.5.