Avstraliya muğam eşidəcək
Əməkdar artist Fərqanə Qasımova Xalq
artisti Alim Qasımovla
birgə Avstraliyada iki
solo konsert proqramı
ilə çıxış edəcək. Konsertlər gələn
ayın 7-si və 10-u olacaq. Bu qitəyə ilk dəfə
səfər edəcəklərini deyən Fərqanə
Qasımova musiqini dili
olmayan elm sayır:
“İnsanların hissləri, duyğuları hər yerdə eynidir. Bizim musiqini anlamamaq üçün bəlkə də, yadplanetli olmalısan...”.
– Sizi
necə təqdim edək?
– Alim Qasımov imzası bütün adları özündə cəmləşdirir. Orada artıq xalq, əməkdar artist, YUNESKO mükafatı laureatı, xalqın, dünyanın sevgisi də var. Ona görə də, “Alim Qasımovun qızı” adını üstün tuturam. Atam həmişə deyirdi ki, “bu sənətə gəlmə, çox ağırdır”. Özü isə məni öyrədirdi, içindəki eşq yol vermirdi ki, mənə qadağalar qoysun. Atam əsla məni tərifləmir, hər zaman tənqid edir və bu da çox xoşuma gəlir. Bəzən ruhdan düşürəm, amma sonra öz-özümə deyirəm ki, “yox, məni həyatda ən yüksək zirvələrdə görmək istəyən atam həm də müəllimimdir”.
– Özünüz
Azərbaycanda solo konsertlə
çıxış etmək istərdinizmi?
– Analıq qayğıları baxımından solo konsert vermək planım bir az ləngiyir. Konserti Muğam Mərkəzində vermək istəyirəm. Lakin “Cristal Zal”da möhtəşəm bir konsert verməyi də arzulayıram. Yaxın günlərdə isə ilk solo albomum işıq üzü görəcək. Orada Alim müəllimlə yalnız C.Cahangirovun “Sevgilim” mahnısını duet oxumuşuq. R.Mirişli, O.Kazımı kimi karifey bəstəkarların, eləcə də özüm bəstələdiyim iki mahnı albomda yer alacaq. Sonra isə yalnız şəxsi mahnılarımdan ibarət albom buraxdırmaq istərdim.
– Hansı ölkədə
Azərbaycan musiqisi və ifanıza olan maraq sizi
təəccübləndirib?
– Yaponiya səfərimiz yadda qaldı. Yaponlar düşüncələri, davranışları ilə bir az fərqlidir. Onlar musiqimizi “ekzotik musiqi” adlandırır, belə ifanı heç vaxt eşitmədiklərini deyir, ayaq üstə durub alqışlayırdılar. Konsertdən sonra göz yaşları ilə bizə yaxınlaşıb minnətdarlıq bildirirdilər.
– A.Zeynallı
adına Musiqi Kollecində
çalışırsınız. Tələbələrə
öz üslubunuzu tədris
edirsiniz, yoxsa ənənəvi
üslubları öyrədirsiniz?
– Tələbələrlə əvvəlcə muğamın əlifbasından başlamaq lazımdır. Bəziləri səs və ruh imkan vermədiyi halda, muğama can atır. Görürəm ki, bundan muğam ifaçısı olmayacaq, 4-5 ili hədər gedəcək. Lakin bəzən gənc muğam ifaçılarının ilk kövrək addımları həm məni, həm də A.Qasımovu sevindirir. Biz evdə daha çox Hacıbaba Hüseynov, Mütəllim Mütəllimov, Seyid Şuşinski kimi sənətkarların qədim vallarını dinləyirik…
– Leyli olmaq əksər
muğam ifaçılarının arzusudur. Siz də özünüzü opera
ifaçısı kimi sınamaq istərdinizmi?
– Ən böyük arzum “Leyli və Məcnun” tamaşasında oynamaqdır. Amma bu şərtlə ki, Məcnun rolunu Alim Qasımov ifa etsin. Bütün ifaçılar Leyli obrazına girməyə çalışır. Uşaq vaxtı atamın ifasında Məcnun roluna çox baxmışam. Lakin atam operadan uzaqlaşandan sonra biz də uzaqlaşdıq.
– Hansı
müğənniləri və başqa janrlarda olan musiqiləri, məsələn,
caz, rok, pop, estrada dinləyirsinizmi?
– Evimizdə caz, instrumental musiqilərin çoxlu CD-si var. Hind mahnılarına
daha çox qulaq asırıq. Mənbələnmək, ilhamlanmaq üçün
Afrika, ərəb, türk mahnılarını
da müntəzəm dinləyirik. Ağır roka
çalışıram qulaq
asmayım. Başqa janrda
ifa edən müğənnilərimizi də
çox dinləmirəm.
Radioya az
qulaq asıram.
– 4 uşaq anası ilboyu yetərincə səfərlərdə
olur. Ev işlərində sizə
kim kömək
edir?
– Ən yaxın
köməkçim anamdır. O, nəvələri
üçün analıq
vəzifəsini də
yerinə yetirir. Lakin özüm də vaxt olanda
ev işləri
ilə məşğul
oluram, xörək də bişirirəm, ev də yığışdırıram,
uşaqların dərslərinə
də baxıram.
– Siz hicabla səhnəyə çıxan yeganə azərbaycanlı xanım
ifaçısınız…
– 17 yaşımdan atamla
səfərlərə çıxırdım,
konsertlərdə oxuyurdum.
Amma 24 yaşımda hicablanmışam,
yəni oxumaqdan çox sonra hicaba keçmişəm.
Mənə heç bir
qadağa qoyulmadı.
Allah sevgisi mənim
qəlbimdədir. Bəzi Avropa
ölkələrində hicablı
qadınlardan çəkinir,
hətta terrorçu adlandıranlar da var. Amma hicablı qadının ifasına baxanda, muğamı dinləyəndə özləri
də etiraf edir ki, bu
gözəllik onlarda fərqli fikirlər yaradır.
Ümidə Həsənli
Baku Post.-2013.-20 fevral.-S.10.