“Polkovnikin xəzinəsi” hardadır?
“Azərbaycanfilm”
kinostudiyasında Mədəniyyət və Turizm
Nazirliyinin sifarişi
ilə “Polkovnikin xəzinəsi” adlı yeni filmin istehsalına
başlanılıb. Filmin ssenari
müəllifi İlqar Fəhmi, rejissoru əməkdar incəsənət xadimi Fikrət Əliyevdir. Filmdəki əhvalatlar
qocalar evində baş
verir. Ekran əsəri
real insanlar və hadisələr
üzərində qurulub.
Lentin
təbii alınması
üçün rejissor
hətta bir müddət qocalar evinin sakini olub.
O deyir: “Mənə hər zaman qocalar evi maraqlı
idi. Orada ömrünün son fəsillərini
yaşayan insanlar, onların xarakteri və taleləri bir yaradıcı şəxs kimi məni düşündürürdü.
Oradakı mühiti daha yaxşı duymaq üçün qocalar evinə getmək qərarına gəldim. Baş həkimdən başqa, kimsə mənim rejissor olduğumu bilmirdi. Hamı ilə bərabər yeyir, yatır və gəzirdim”.
F.Əliyev Bilgəhdəki qocalar evinin ən maraqlı insanlarını
obrazlaşdıracaq. Ekran əsəri ironik-komediya janrında çəkiləcək: “Qocalar
evindəki qeydlərimi
gündəliyə yazdım.
Burada yaşayan 180 ahılın hər birinin maraqlı və qəmli həyat hekayəti var. Əlbəttə ki, biz bunların hamısını
bir filmə yerləşdirə bilməzdik.
Əvvəlcə ssenari kədərli notlar üzərində faciə janrında yazıldı. Lakin Mədəniyyət və
Turizm Nazirliyinin məsləhəti ilə
ssenariyə komediya janrını gətirdik. Qərara aldıq ki, qocalığın yalnız kədərli anlarını yox, həm də komik məqamlarını üzə çıxaraq”.
Son dayanacaq
Filmin adı
da qocalar evinin sakinlərindən birinə xitabən qoyulub. “Polkovnikin xəzinəsi” rejissorun burada tanış olduğu keçmiş polkovnikin kiçik hekayətini əks etdirir. F.Əliyev filmə əvvəlcə
“Son dayanacaq” adını
verib. Lakin kədərli səsləndiyindən
filmin adı dəyişdirilib: “Ən dəhşətlisi budur ki, qocalar evindəki
insanlar nə zamansa oradan çıxacaqlarına ümid
edir. Lakin çoxları dünyasını
orada dəyişir. Burada uzun illər
sovet ordusunda xidmət edərək polkovnik rütbəsində
istefaya çıxmış
ahıl bir adam yaşayır. Ötən əsrin
90-cı illərində Bakıya
dönüb. Xalis subay polkovnik Bakıda qohum-əqrəbası
olmadığı üçün
bir müddət tək yaşayıb, sonra isə qocalar evinə gəlib. Həmin polkovnik “qara günü” üçün
pul yığıb və həmin pulları dolabda saxlayıb”.
F.Əliyev bir maraqlı faktı da açıqladı. Haqqında söhbət açılacaq qocalar evi 172 saylı marşrutun son dayanacağında
yerləşir. Məhz
bu səbəbdən də rejissor filmin adı üzərində yenidən
düşünür.
Süjet xətti də yaşlı polkovnikin macərası üzərində
qurulub. Lakin film boyu tamaşaçılar
maraqlı xarakteri və taleyi olan digər insanlarla da tanış
olacaq: “Qocalar evində bir çox sakinlər bir-biri ilə ailə həyatı qurur, heç olmasa, ömürlərinin
son illərini tənha
yaşamaq istəmir. Həmin polkovnikin də arzusu burada evlənmək olur. Filmin kulminasiya
nöqtəsi polkovnikin
pulunun itməsi ilə bağlıdır.
Sən demə, o, pullarını təkcə
paltar dolabında yox, samovarın içərisində də
saxlayırmış. Zabit
pul qoyduğu yeri unudur. Günlərin
birində sakinlərlə
bərabər samovar çayı
içir və qəfildən pulların yerini xatırlayır...”.
Güldürən, ağladan, düşündürən lent
Rejissor deyir ki, hər
kəs bu filmə baxıb özü üçün
bir nəticə çıxaracaq. Kimisi güləcək, kimisi ağlayacaq, kimisi isə düşüncələrə
qapılacaq. Yeni əsərin həmin qocalar evində də nümayişi nəzərdə tutulub: “Bayramların birini qocalarla bərabər keçirmişdim. Onların
simasındakı kimsəsizlik
hüznünü hələ
də unuda bilmirəm. Bir müddət əvvəl həmin polkovnik dünyasını dəyişib.
Kaş ona deyəydik ki, sənin həyatından
film çəkiləcək”.
“Qocalar evi” kinostudiyanın
pavilyonunda qurulacaq. Rejissor qocaları canlandıracaq aktyorların
sürpriz olmasını
istəyir. Lakin sınaq çəkilişlərində
iştirak edəcək
bir neçə aktyorun kimliyi artıq bəllidir. Belə ki, “Polkovnikin xəzinəsi”ndə
xalq artistləri – Fuad Poladov, Arif
Quliyev, Zemfira Nərimanova, Lətifə
Əliyeva, Ağaxan Salmanlı, Cahangir Zeynalovla yanaşı, Murad Dadaşov, Qorxmaz Əlili də əsas rolları ifa edə bilər. F.Əliyev yeni ekranlaşdırılacaq filmin
tamaşaçılar tərəfindən
maraqla qarşılanacağına
əmindir: “Bu film üçün
şüar seçmişəm:
ən yaxşı
artist – artistlik etməyəndir!
Bu bütün aktyorlara
ilk şərtimdir”.
Əməkdar incəsənət
xadimi köhnə filmlərin indiyədək
maraqla baxılması
səbəbini də açıqladı. Rejissor
aktyorların rolu özününküləşdirməyi əsas şərt hesab edir: “O vaxt sənətkarlıq məktəbi vardı – Rza Təhmasib, Adil İsgəndərov, Ələsgər Ələkbərov
kimi sənətkarları
örnək bilirdik. İndi isə Mədəniyyət və
İncəsənət Universitetini
bitirənlər artıq
özlərini peşəkar
hesab edir. İndiki filmlərdə süniliyin səbəblərindən
biri də aktyor və rejissorların təkəbbürlüyü
və özündən
razı olmasıdır”.
Ümidə
Həsənli
BakuPost.-
2013.- 10 iyul.- S.10.