Güldürən və düşündürən sənət

 

Bakıda Karikaturaçılar Birliyinin təşkilatçılığı ilə “Molla Nəsrəddin –  Azərbaycan” başlığı altında VI Beynəlxalq Karikatura müsabiqəsi keçirilir. Müsabiqəyə sentyabr ayında yekun vurulacaq və sonda sərgi olacaq. Bu barədə “New Baku Post”a açıqlamasında Azərbaycan Karikaturaçılar Birliyinin sədri, Əməkdar incəsənət xadimi Bayram Hacızadə bildirib.

 Bir çox beynəlxalq müsabiqələrin qalibi, Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının Azərbaycan təmsilçisi B.Hacızadənin yüzdən artıq əsəri karikaturalardan ibarət kitabalbomlara daxil edilib. Məhsuldar fəaliyyətinə və əsərlərində vətənpərvərlik ruhu aşıladığına görə “Vətən” media mükafatına layiq görülən rəssam Mədəniyyət və İncəsənət Universitetində “Karikatura tarixi” fənnini tədris edir və “Sənətşünaslıq” kafedrasının dosentidir.

 – 6-cı Beynəlxalq Karikatura Müsabiqəsinin mövzusu nədir?

 Builki mövzu bizim üçün böyük əhəmiyyət daşıyır: “Separatizm, torpaqların işğalı və müharibəyə yox!” İnanıram ki, tanınmış karikaturaçılar bu mövzuya münasibət bildirəcək. Artıq müsabiqədə iştirak edən rəssamların sayı 30-dan çoxdur.

  Müsabiqənin keçirildiyi 6 ildə nəyə nail olunub?

 – Məqsəd Azərbaycanı geniş təbliğ etmək, əsrdən çox tarixi olan Azərbaycan karikaturasını tanıtmaqdır. Əvvəlki beş müsabiqənin mövzularına fikir verin: “Cəlil Məmmədquluzadə - 140”,  “Əzim Əzimzadə - 130”, “Neftkarikatura”, “Molla Nəsrəddin -100”, “Kirpi-60”. Hər bir müsabiqədə dünyada nüfuz qazanmış karikaturaçılar iştirak edib. Karikaturaçı emalatxanasında oturub şəkil çəkən boyakar rəssam deyil. Onlar hansısa mətbu orqanda bədii redaktor, aparıcı karikaturaçıdır. Ona görə də, bir çox ölkələrdə bizim müsabiqə etalon kimi qəbul olunur. Bu, səsvermənin şəffaflığı, tədbirin yüksək səviyyədə təşkili, münsiflər heyəti, iştirakçılar və ölkələrin sayı ilə bağlıdır.

 Ötən il Dövlət Gömrük Komitəsinin dəstəyi ilə “Narkotiklərə yox” adlı müsabiqə barədə dünya mətbuatı indiyədək xoş sözlər yazır. Müsabiqə iştirakçılarından biri Bakıdan gedəndən sonra öz ölkəsində Azərbaycanda keçirdiyi günlərdən bəhs edən “Min bir gecə” adlı məqalə yazdı. Nəzərə alsaq ki, karikaturaçı, adətən, tənqid etməyə meyillidir, deməli, bizim müsabiqə çox bəyənilib.

 Niyə Azərbaycan KİV-lərində karikatura bölümü yoxdur?

 – Mətbuatda karikaturanın olmasına tərəfdaram, çünki oxucunun gözü dincəlir. Karikatura rəssamın hadisələrə fərdi yanaşmasıdır. Burada sətiraltı məna var və qətiyyən təhqir deyil, tamaşaçını, oxucunu düşündürən, yumorla işlənmiş tənqiddir. Doğrudur, bəzən təhqir elementlərinə də rast gəlinir, amma ümumi götürdükdə, rəssamlarımız işlərini üzərlərinə düşən məsuliyyəti dərk edərəkdən görürlər. Bu bir faktdır ki, karikatura, ideoloji silah olaraq, hələ öz gücünü  itirməyib.

 Karikatura mobilləşən dünyada nə dərəcədə əhəmiyyətlidir?

 Üç min ildən artıq yaşı olan karikatura örnək və yaşam tərzi, rəssam, insan və vətəndaş mövqeyi, dünya hadisələrinə baxışdır. Kökü Misir fironlarını tənqid edən rəsmlərə gedib çıxır. Hələ qədim Romada imperatorun buya digər qərarı ilə razılaşmayan xalq öz münasibətini satirik rəsmlərlə, şəhər divarlarına çəkilmiş karikaturalarla bildirirdi. Yəni, karikatura tarixin sınağından çıxmış sənət növüdür. O, təsviri sənətin tərkib hissəsi, həm də jurnalistikadır. Ona görə də, onun vaxtının keçdiyini düşünmək düzgün olmazdı.

 – Azərbaycan karikaturasında daha çox hansı mövzular qabardılmalıdır?

 Karikatura həyatın güzgüsüdür. Nəzərə alsaq ki, Azərbaycan Şərq dəyərlərinə malikdirbir qapımız da Avropaya açılır, deməli, bizdə mövzu rəngarəngliyi var. İlk növbədə, torpaqlarımızın işğalı, Dağlıq Qarabağ mövzusu qabardılmalıdır. Dini fanatizm, məmur özbaşınalığı, rüşvətxorluq məsələləri də aktualdır. Dünya miqyasında isə söz və mətbuat azadlığı, insan hüquqları, terrorizm mövzusu öndədir.

 Sizcə, az problem passiv karikatra demək deyil ki?

 Cəlil Məmmədquluzadə deyirdi: “Arzu edirəm cəmiyyətimiz saflaşsın, təmizlənsin və biz hamımız işsiz qalaq”. Bir karikaturaçı olaraq, mən də işsiz qalmaq istərdim. Problem nə qədər az olsa, cəmiyyətin xeyrinədir.

 Gənc rəssamların karikaturaya marağı sizi qane edirmi?

 Karikaturaçıların sayı həmişə az olub. Bugünkü gənclər arasında bu sahəyə maraq göstərənlər var. Amma onların hamısı sənətin arxasınca gedirmi? Getmir. Səbəbi də karikaturaçı rəssamın maddi problemlərini tam həll edə bilməməsidir. Ancaq bu sənət təmənnasız xidmət və sevgi istəyir.

 – Bu sənətin inkişafı üçün nəyi etmək ən vacibdir?

– Sponsor köməyi olmadan yüzlərlə rəssamın iştirak etdiyi sərgilər təşkil edirik. Azərbaycan karikaturaçılarının əsərləri dünyanın nüfuzlu sərgilərində nümayiş olunur. Son 5 ildə çoxlu sayda kitab, albom, kataloq, bukletlər çap olunub. Nəşrlərimiz hədiyyə edilir, xaricə göndərilir. İstənilən xarici muzey və ya kitabxanada Azərbaycan karikaturasına həsr olunmuş kitablarımız var. Demək istədiyim odur ki, ən əsas iş təbliğatı gücləndirmək, genişləndirməkdir.

 Dünyanın hansı ölkəsində karikatura ən populyar sənət növüdür?

 İran, Türkiyə, Çində gənclər arasında bu janra maraq çoxalıb. Təbriz, Ərdəbil, Tehranda yüzlərlə karikaturaçı var. Təsəvvür edirsinizmi, beynəlxalq müsabiqələrə İran bəzən 500 karikaturaçı ilə yollanır. İran karikaturaçıları etiraf edirlər ki, onlarda bu sənətə marağın kökündə və formalaşmasında 1906-1921-ci illərdə cəmi 8 nömrəsi Təbrizdə çap edilmiş “Molla Nəsrəddin”in böyük rolu olub. Təbrizdə Karikatura Muzeyi fəaliyyət göstərir və girişdə Əzim Əzimzadənin büstü qoyulub. İnşallah, gün gələr Azərbaycanda da elə muzey olar. Bu, çox lazımdır, çünki Azərbaycanda karikaturaçıların sayı az olsa da, biz keyfiyyət baxımından daim öndəyik...

 

Ümidə Həsənli

 

BakuPost.- 2013.- 13 iyul.- S.10.