Həmyerlimiz
“Günəş sirki”ndə
Sirk
ustası Araz Həmzəyev xarici ölkələrdə
“Sümüksüz oğlan”, “İlan-adam” ləqəbi ilə
məşhurlaşıb
Azərbaycanlı sirk ustası Araz Həmzəyev dünyanın
bir nömrəli sirki sayılan, Kanadanın Cirque du Soleil
(“Günəş sirki”) sirkinin Las-Veqasdakı proqramına dəvət
alıb. Baş ofisi Kanadanın Monreal şəhərində
yerləşən Cirque du Soleil, dünyada analoqu olmayan nəhəng
bir sirk korporasiyasıdır. Bu sirkin hər bir proqramı
üzərində böyük yaradıcı qrup
çalışır, sirk artistləri, rejissorlar, xoreoqraflar,
geyim və qrim ustaları, səs rejissorları və başqa
sənət sahibləri bir araya gələrək, maraqlı
süjetə malik baxımlı, rəngarəng, qeyri-adi
tamaşalar yaradır. Əsası 1984-cü ildə qoyulan
Cirque du Soleil sirkinin tamaşaları dünyanın 280-dən
artıq şəhərində nümayiş edilib. Hazırda “Günəş sirki”ndə
40 fərqli millətə mənsub 4 min adam
çalışır.
26
yaşlı Araz Həmzəyev uşaq yaşlarından sirkdə
çıxış etməyə başlayıb, gərgin məşqlər
sayəsində öz bədəninin yüksək dərəcədə
elastikliyinə və çevikliyinə nail olub. Xarici ölkələrdə
“Sümüksüz oğlan”, “İlan-adam” ləqəbi ilə
məşhurlaşmış Araz, son 15 il ərzində
Avropanın ən məşhur sirklərinin – İtaliyanın
“Medrano”, “Circo Embel Riva”, “Lidia Togni”, “Rony Roller”, “Circo di
Francia”, “Circo di Mosca”, “Bellucci”, İspaniyanın “Raluy”,
Norveç Krallığının “Arnardo”, Finlandiyanin “Sirkus
Finlandia” və digər bu kimi sirklərinin heyətində
uğurla çıxış edib.
Arazın
istedadı teatr rejissorlarının da diqqətindən
yayınmayıb. 2001-ci ildə məşhur İtaliya rejissoru
Romeo Kastelluçi onu hazırladığı “Genezis”
tamaşasına dəvət edib. Tamaşa Moskvada, Çexov
adına IV Beynəlxalq teatr festivalında uğurla
nümayiş olunduqdan sonra, Los-Anceles, Melburn, Pert, Honq Konq, Seul
şəhərlərində də göstərilib. A.Həmzəyev
bu il İjevskdə keçirilən festivalda uğurlu
çıxışından sonra Fransanın Sen-Pol-le-Daks
(Saint-Paul-les-Dax) şəhərində keçiriləcək
beynəlxalq sirk festivalına, eləcə də dekabr
ayında Almanyanin “Circus Flic Flac” sirkinə dəvət
alıb.
BakuPost.- 2013.- 13 iyul.- S.10.