Öyrətmək
borcumuzdur
Hər bir sənət ustasını seçdiyi peşə aləminə gətirən yollar istər-istəməz formalaşdırır, onun dəst-xəttinə təsir göstərir. Əməkdar incəsənət xadimi, bəstəkar, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Vasif Allahverdiyev müsiqi aləmində öz yerini tutana qədər bir neçə pilləni adlayaraq çətindən daha çətinə keçib püxtələşib. Əvvəlcə Sumqayıtda musiqi məktəbini, sonra isə A.Zeynallı adına Bakı Musiqi Kollecinin tar sinfini qırmızı diplomla bitirib. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olana qədər isə hərbi qulluqda olub. Sonra qayıdıb və günlərin birində bəstəkarlıq kimi çətin və şərəfli sənətin qulpundan yapışıb...
Bu gün Vasif Allahverdiyev müasir Azərbaycan musiqisi haqqında fikirlərini bölüşüb.
– Tarı niyə
bəstəkarlığa dəyişdiniz?
– Uşaqlıqdan musiqi yazmaq qabiliyyətim olub, kiçik pyeslər bəstələmişəm. Bakı Musiqi Kollecində də tarla yanaşı mərhum bəstəkar Vasif Adıgözəlovun sinfini bitirdim. Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsində cəmi iki yer vardı və bura daxil olmağın çətinliyini bildiyim üçün sənədlərimi tar sinfinə verdim.
Arzum bəstəkar olmaq idi. A. Zeynallıda oxuyanda dayım, əməkdar artist tarzən Tağı Tağıyev məni və qardaşım bəstəkar Ceyhun Allahverdiyevi dahi Maestro Niyazi ilə görüşdürdü. Niyazi əsərlərimizi dinlədi və xeyir-dua verdi. İsmayıl Hacıbəylidən bəstəkarlıq texnikasına yiyələndim. Müasir Azərbaycan bəstəkarlarından tarı da ali səviyyədə bitirən yeganə şəxsəm.
– Musiqiyə kim birinci gəlib, siz, yoxsa
qardaşınız?
– Yaşca böyük olduğumdan musiqiyə də birinci gəlmişəm. Ceyhun 5 yaşında tarı dizinə qoyub Hacı Xanməmmədovun konsertini çalırdı, pyeslər yazırdı, mən də bunları nota köçürürdüm. Zaman keçdi və fortepiano əsərlərimin ən gözəl ifaçısı Ceyhun oldu.
– Hansı janrda yazırsınız?
– Ciddi janr üzrə
təhsil almışam. Simfonik, kamera musiqisi, kvartet, kamera instrumental əsərləri
kimi bir çox bəstələrim
var.
– Bəstəkar üçün ali
təhsil şərtdir?
– Mütləq. Qabiliyyətin
ola bilər,
amma savad almasan qabiliyyəti yönləndirə bilməzsən. Bəstəkarlıq çətin sahədir.
Özlərini bəstəkar adlandıran
həvəskarlar yalnız
mahnı yazır.
Özü də necə?
Aranjemançılara əzab-əziyyətlə mahnı ərsəyə gətirirlər. Ona görə
də mahnının nə sözləri, nə də musiqisində heç bir məna olmur.
S. Rüstəmov, T. Quliyev,
R. Mirişli, E.Sabitoğlu,
C. Cahangirov kimi dahilərin mahnıları
hələ də yaşayır. İndiki mahnılar isə bu gün var,
sabah yox!
Mahnı
bəstəkarı deyiləm,
amma müğənnilərimiz
xahiş edəndə
ildə bir-iki mahnı yazıram.
– Pedaqoji fəaliyyət bəstəkarlığa
mane olmur?
– Universiteti bitirən hər kəs ilk növbədə pedaqoqdur.
Ali məktəbi bitirəndən
sonra təyinatla Naxçıvana getdim və orada musiqi
kollecində dərs verməklə yanaşı, Naxçıvan
Bəstəkarlar İttifaqında
məsul katib kimi çalışdım. Öyrətmək borcumuzdur. Ü.Hacıbəyli, Q.Qarayev məşhur bəstəkar omaqla yanaşı, həm də müəllim kimi çalışıb.
– Şou-biznes
dövründə ağır
janra maraq necədir?
– Heydər Əliyev Fondunun sədri, millət vəkili Mehriban xanım Əliyevanın təşkilatçılığı
ilə dünyanın
bir çox ölkələrində Azərbaycan
musiqisini təmsil etmişik. Ölkənin simasını əsl
sənətlə – muğam,
opera, balet, simfoniya ilə təmsil etmək mümkündür.
Xaricdə musiqimizi böyük
həvəslə dinləyirlər.
Məsələn, Ukraynada təşkil
olunmuş Azərbaycan
bəstəkarlar günündə
klassiklərimizlə yanaşı,
gənc bəstəkarların
da əsərləri yüksək qiymətləndirildi.
– Televiziyalardakı
mahnı müsabiqələrini
izləyirsinizmi?
– Bizi də belə
müsabiqələrə münsif
kimi dəvət ediblər, getməmişik.
Tələbələrimlə fəlsəfə, tarix, coğrafiya, dünya elmləri barədə söhbətlər
apardıqdan sonra gedib orada otursam,
mənə nə deyərlər?!
İndi hamı oxumaq istəyir. Niyə? Asan yol tapıblar.
Çünki əziyyət çəkmək,
baş işlətmək
lazım deyil. Qəribədir, vurma cədvəlini bilmir, dövlət bayrağımızdakı
rənglərin mənasından
xəbərsizdir, gəl
ki, mikrofon götürüb səhnəyə
cumur...
– Bəs, Azərbaycanda klassik janrın dinləyiciləri
çoxdur?
– Hər janrın öz dinləyicisi var. Ciddi musiqini elə təqdim etmək lazımdır ki, hamı başa
düşsün. Hər ciddi
musiqi yazan isə dahi deyil. Heydər Əliyev də
ciddi musiqiyə çox böyük hörmətlə yanaşırdı.
Tez-tez belə konsertlərə gəlirdi.
Heydər Əliyevlə yaxın
tanışlıqdan çox
böyük şərəf
hissi duymuşam.
Onunla Naxçıvanda görüşdük.
Hələ prezident deyildi.
Bir saat söhbət etdik.
Dahi insan olduğunu
bilirdim, amma musiqişünaslığın sirrlərinə yaxından
bələd olmasından
xəbərsiz idim.
Q. Qarayevlə F. Əmirovun sənət
dəst-xəttini elə
ustalıqla təhlil edirdi ki... Görüşümüzün
səbəbi H.Əliyevə
simfoniya həsr etmək istəyim idi. 1992-ci il idi, ictimai-siyasi şəraiti nəzərə
alaraq o,
məni
qorumaq üçün
etiraz etdi. Dedi ki, “gəncsən, mənə görə
başın ağrıyar”.
Amma fikrim qəti olduğundan “Ömür yolu” adlı simfonik poema yazdım. İlk dəfə simfoniyaya ssenari yazıldı, film çəkildi. İdeya müəllifi
isə millət vəkili Fəttah Heydərov oldu.
– Klassik musiqini necə populyarlaşdırmaq olar?
– Musiqi yaxşıdırsa,
onu qəbul edirəm. Bu caz, pop, rok, rep, simfoniya, mahnı ola
bilər. Əgər peşəkar səviyyədədirsə,
seviləcək. Atatürk deyib ki, somfonik musiqi idrak musiqisidir. Bu janrı hər adam qavraya
bilməz. Amma qavrayandan sonra daxili aləmdə baş verən proses tam başqa olur, dünyanı başqa cür dərk edirsən. A. Məlikov hər zaman deyir ki, əgər
musiqi düzgün qurulubsa, adi tamaşaçı da anlayacaq. Ceyhunun və mənim
dəfələrlə Filarmoniyada
konsertimiz olub, tamaşaçı sarıdan
gileyimiz yoxdur.
Ümidə Həsənli
Baku Post.-2013.-27 iyul.-S.-11.