Hərbçi müğənni
Müdafiə Nazirliyinin Nəfəsli Alətlər
Nümunəvi Orkestrinin solisti, Xalq artisti Zümrüd Məmmədova
bu gün Silahlı Qüvvələr Gününü əsgərlər
qarşısında qeyd edəcək. O, “New Baku Post”a
müsahibəsində yeni disk üzərində
çalışdığını da açıqladı.
Vətənpərvərlik mahnıların mahir
ifaçısı 2009-cu ildə Müdafiə Nazirliyi tərəfindən
“İşində qüsursuz xidmətinə görə”
medalı ilə təltif olunub. Xalq artisti, həmçinin Mədəniyyət
və İncəsənət Universiteti və İncəsənət
Gimnaziyasında muğamdan dərs deyir. Prezident təqaüdçüsüdür.
– Bir çox qadın müğənnilərdən
fərqli bir yol tutmusunuz. Müdafiə Nazirliyinin Orkestrinə
necə gəldiniz?
– Bəstəkar
Sevda Həmidqızının “Əsgər marşı”
mahnısını ifa etdikdən sonra məni hərbi orkestrə
solist kimi işə götürdülər. Bu mahnı dillər
əzbəridir. Əvvəlcə dedilər ki, bu
mahnını kişi müğənni oxusa yaxşı olar.
Tərəddüdüm xeyli sürdü, ancaq oxumağa qərar
verdim və səsyazma studiyasında bildirdilər ki, bu
mahnı hərbi orkestrin nəfəsli alətləri ilə
çalınsa, daha əzəmətli səslənər. Professor,
Xalq artisti, Müdafiə Nazirliyinin Hərbi Orkestr xidmətinin
rəisi, baş Hərbi dirijor və polkovnik Yusif Axundzadəyə
müraciət etdik, mahnını dinləyib bəyəndi və
məşqlər başladı. Sonra Yusif müəllim mənə
orkestrin solisti olmağı təklif etdi. O vaxtadək həm
Filarmoniyanın, həm də “Azkonsert” Birliyinin solisti idim. Hərbi
rütbəm var. Bir hərbçi kimi hər zaman cəbhəyə
getməyə hazıram. Vətənpərvərlik
mövzusunda yazılmış mahnılar
yaradıcılığımda üstünlük təşkil
edir. Bir Xalq artisti kimi Prezident təqaüdçüsü
olmağım da məni daim ruhlandırır.
– Cəbhə bölgəsində
çıxışlarınız zamanı
unutmadığınız hadisələr yəqin ki,
çoxdur...
– Cəbhə
bölgəsinə gedib əsgərlər
qarşısında konsert verməyimi heç vaxt reklam etmirəm,
bu çıxışlar heç kameraya da çəkilmir.
İstənilən vaxt hər hansı hərbi hissəyə
getməyə hazıram. Dəfələrlə təhlükəli
məqamlarla qarşılaşmışam. Yaxşı
yadımdadı, səngərlərin birində oxuyurdum, əsgərlər
də tankların üstündə oturub mahnını dinləyirdi.
Birdən ermənilər mövqeyimizi atəşə tutdu.
Döyüşçülərimiz silaha sarıldı. Həyəcandan
ürəyim getdi. Ayıldım ki, hospitaldayam. Sonra atəş
səslərinə alışdım. Elə anlar olub ki, ifa
zamanı başımın üstündən güllələr
vıyıltı ilə keçib, amma konserti
dayandırmamışam. Əksinə,
döyüşçülərimizə ürək-dirək
vermişəm, onları mahnılarımla
ruhlandırmışam.
– Sizcə, müğənnilər
əsgərlər qarşısında çıxış
üçün kifayət qədər vaxt
ayırırmı?
– Gedənlər
sağ olsun, getməyənlər özü bilər, heç
kimi məcbur etmək olmaz. Bu istək daxildən gəlməlidir.
Konsertdə döyüşçülər
qarşısında özümü bir müğənni kimi
yox, ana, böyük bacı kimi aparıram. Səngərdə
günlərlə keşik çəkən igidlərimizin məhz
ana nəvazişinə, bacı qayğısına
böyük ehtiyacı var. Hər bir müğənninin səngərə
gəlib mahnı oxumağı onlara böyük mənəvi
qidadır, ruh yüksəkliyinin artması deməkdir. Biz sənətçilər Vətənimizin
keşiyində duran bu qəhrəmanlar üçün əlimizdən
gələni əsirgəməməliyik. Fəxr edirəm ki,
məndən çox əsgərlər qarşısında
çıxış edən qadın müğənni yoxdur.
Hiss edirəm ki, vətənpərvər mahnılar onları
ruhlandırır, sanki cəngavərə dönürlər.
– Vətənpərvərlik
mövzusunda yazılmış mahnılar sizi qane edirmi?
– Bu
mahnılar efirlərdən kifayət qədər səslənmir.
Əvvəllər belə əsərlər az
yazılırdı. İndi vəziyyət getdikcə dəyişir.
Amma yenə də hərbi mövzuda olan mahnıların
qıtlığını hiss edirəm. Hər zaman muğam
ifaçısı olmuşam. Sonradan bu sahəyə gələndə
həmkarlarımın çoxu mənə dedi ki,
“işin-gücün qurtarıb, gedib hərbi orkestrlə
oxuyacaqsan?!”. Hətta rejissorlar ancaq hərbi mahnılar
oxuduğuma görə məni televerilişlərə
çağırmırdılar. Telekanallara ancaq hərblə
bağlı günlərdə hazırlanan xüsusi
verilişlərə dəvət edirdilər. Onda
gördülər ki, repertuarım zəngindir. Müğənnilər
indi ayılıb, çoxları reklam naminə vətənpərvər
mahnılar oxuyur. Ancaq mən bu əsərləri efir xatirinə
ifa etmirəm. Şən mahnılar da oxumaq lazımdır,
lakin Vətən sevgisini tərənnüm edən bəstələr
öndə durmalıdır.
– Solo konsert proqramı ilə
çıxış etmək fikriniz var?
–
1976-cı ildən bütün dünyanı gəzmişəm,
konsert proqramları ilə çıxış etmişəm.
1991-ci ildən Nəfəsli Alətlər Nümunəvi
Orkestrinin solisti kimi cəbhə bölgələrində
konsertlər vermişəm. Hətta istirahətə vaxtım
olmayıb. Kömək olmasa, solo konsert hazırlamaq
mümkün deyil. 40-50 minə başa gələn konsert xərclərini
mən necə ödəyim? Yeni qastrol səfərimiz
planlaşdırılır. Qızım İlahə Qismətin
bəstələdiyi “Müqəddəs
Vətən”, Rauf Məmmədovun “Qalx ayağa millətim”, eləcə
də muğam dəsgahları üzərində işləyirəm.
Çox sayda diskim var. Hazırladığım yeni disk isə
məhəbbət mövzusundadır. Gələcəkdə
qızımın silsilə mahnılarını ifa edəcəm.
Hazırda o, Bakı Musiqi Akademiyasında məşhur bəstəkar
Arif Məlikovun tələbəsidir.
– İndi bir çox müğənnilər
kimi, Siz də toylara gedirsinizmi?
– Gəncliyimdə
qadın toylarına getmişəm. Uzun illərdir ki, bu
işdən uzağam. Ruzimi Allah yetirir, nazirlikdən,
universitetdən maaş alıram, Prezident təqaüdçüsü,
Xalq artisti kimi aldığım pul məni qane edir. Toylara isə
yalnız qonaq kimi gedirəm, xahiş edəndə oxuyuram.
Ümidə
Həsənli
BakuPost.-
2013.- 26 iyun.- S.10.