Son 10 ildə iqtisadiyyat
2003-cü
ildən bəri Azərbaycan iqtisadiyyatın inkişaf sürətinə
görə dünyanın əksər ölkələrini
geridə qoyub. Elə bir sahə
yoxdur ki, orda irəliləyişə nail olunmasın.
Beləliklə,
“Son 10 ildə” rubrikamızın iqtisadi mövzuda növbəti
müsahibi, Nazirlər Kabinetinin iqtisadiyyat və maliyyə
siyasəti şöbəsinin keçmiş müdiri, mətbuata
qarşı həmişə açıq münasibəti ilə
seçilən iqtisadçı-ekspert, Əməkdar Dövlət
Qulluqçusu Oqtay Haqverdiyevdir:
– Oqtay müəllim, son 10 ildə
Azərbaycanın hansı sosial-iqtisadi göstəricilərini
strateji əhəmiyyətə malik saymaq olar?
–
2003-cü ildən bəri Azərbaycanda istehsal olunan ümumi
daxili məhsul 7-8 dəfə, ölkə iqtisadiyyatına
qoyulan investisiyalar isə təxminən 5 dəfə artıb.
Əgər 2003-cü ildə Azərbaycanda həm daxili, həm
də xarici mənbələr hesabına investisiya
qoyuluşları 3-4 milyard dollar civarında idisə, bu gün
həmin rəqəm təxminən 20 milyard dollardır.
Qızıl-valyuta
ehtiyatlarımızın məbləği 46 milyard dollara
yaxınlaşıb, ölkənin maliyyə problemi yoxdur.
Təbii
ki, bütün bu müsbət dəyişikliklərdə
neft amili həlledici rol oynayıb.Amma bildiyimiz kimi, son 2 ildə
Azərbaycanda qara qızıl hasilatında azalma qeydə
alınıb və neft sektoru öz yerini tədricən
qeyri-neft sektoruna verməkdədir.Bu baxımdan, ölkədə
neftdən kənar sahələrin inkişaf etdirilməsi
üçün həyata keçirilən dövlət
proqramları böyük əhəmiyyət kəsb edir.
Ölkədə
elm tutumlu iqtisadiyyat yaranmaqdadır.Milli peykin orbitdə
olması iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə
qaldırıb həm də yeni mahiyyətli ixrac
potensialının yaranmasını təmin edəcək.
– Azərbaycanda neft
hasilatının həcminin azalması geniş ictimai
müzakirələrə yol açıb. Siz necə düşünürsünüz,
bundan narahat olmağa dəyərmi?
–
Neft hasilatının nə vaxtsa aşağı düşəcəyi
gözlənilən idi. 1994-cü ildə “Əsrin müqaviləsi”
imzalandı və bu saziş 30 il müddətinə nəzərdə
tutulmuşdu. O vaxt sabiq prezident Heydər Əliyevin yanında
müşavirə keçirildi və həmin toplantıda
“bp” şirkətinin nümayəndələri də
iştirak edirdi. Onlar 2024-cü ilə qədər hasilatın
necə dəyişəcəyi ilə bağlı qrafik tərtib
etmişdilər və orda göstərilirdi ki, ilk neft 1997-ci
ildə çıxarılacaq, 2011-2012-ci illərdə hasilat
aşağı düşəcək, 2017-2018-ci illərdə
yenidən qalxacaq və nəhayət, 2024-cü ilə qədər
yenidən azalacaq.
Bütün bunlar əvvəlcədən
məlum idi və istehsal həcminin aşağı
düşməsi narahatlıq yaratmamalıdır.Yəni, belə
problemlər müvəqqəti xarakter daşıyır, Səudiyyə
Ərəbistanı, Meksika kimi neftlə zəngin ölkələr
üçün də xarakterikdir.Tədricən vəziyyət
sabitləşir.
– Nazirlər Kabinetində iqtisadiyyat
və maliyyə siyasəti şöbəsinin müdiri
işlədiyiniz dövrdə hansı mühüm qərarların
qəbul edilməsində iştirakınız olub?
– Mənim
rəhbərlik etdiyim şöbə əsasən dövlət
büdcəsi layihələrinin hazırlanmasında
iştirak edirdi. Yəni, ölkənin baş maliyyə sənədinin
layihəsi bizim şöbədən keçib Prezident
Administrasiyasına gedirdi.Aylarla bu sənədin üzərində
işləyirdik.
Sosial əhəmiyyət kəsb edən, minlərlə insanın maliyyə vəziyyətinə təsir edən qərarların qəbulunda şəxsən iştirak etmişəm.Məsələn, iqtisadiyyatın ayrı-ayrı sahələrində əmək haqlarının artırılması, pensiyaların artırılması kimi qərarların qəbul edilməsində Nazirlər Kabinetində iqtisadiyyat və maliyyə siyasəti şöbəsi böyük rol oynayırdı.Dövriyyəyə buraxılacaq əlavə pul kütləsinin məbləğini, onun qiymət artımına mümkün təsirini qiymətləndirmək məsələsini də yada sala bilərəm.
– Son
10 ildə şəxsi həyatınızda
nə kimi yeniliklər baş
verib?
– Mən Nazirlər Kabinetində 2001-ci ildən 2007-ci ilə qədər işləmişəm. Ondan əvvəl isə 37 il SSRİ dövründə Dövlət Plan Komitəsində (“Qosplan”), müstəqillik dövründə isə İqtisadiyyat Nazirliyində çalışmışam. 5 ildir ki, pensiyadayam. Amma işsiz qalmıram, müxtəlif ictimai təşkilatlarla, mətbuat orqanları ilə əməkdaşlıq edirəm, şərhlər yazıram. Telekanallara tez-tez çağırırlar.Son 10 ildə ictimaiyyət arasındayam və bu mənim üçün həm maraqlıdır, həm də faydalı.
Namiq Hüseynov
Baku Post.-2013.-13 mart.-S.6.