Həyatdan uca varlıq

 

Pantomima teatrı Azərbaycanda qeyri-ənənəvi oyun tərzi və fərqli üslubu ilə seçilən sənət ocağıdır. Burada aktyorlar demək istədiklərini jestlər, mimikalar və hərəkətləri ilə bəlli edir.  Azərbaycan Pantomima Teatrının tarixi “Dəli yığıncağı” Pantomima Teatr-Studiyası ilə başlayıb. Studiya Mədəniyyət və İncəsənət Universitetinin səhnə hərəkəti və xoreoqrafiya kafedrasının dosenti Bəxtiyar Xanızadə tərəfindən yaradılıb və 1994-cü ildə  mədəniyyət nazirinin sərəncamı ilə təsdiqlənib.

“Dəli yığıncağı” Pantomima Teatr-Studiyası əvvəllər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərib, sonra isə Bakıda “Him-Cim” Beynəlxalq  Pantomima festivalı keçirildikdən sonra Azərbaycan Dövlət Pantomima Teatrı rəsmən yaranıb.

 Teatrın əsasını qoyan Əməkdar incəsənət xadimi Bəxtiyar Xanızadə “New Baku Posta müsahibəsində pantomimanın özəlliklərinə münasibət bildirib: 

– Teatr dünya pantomiması ilə ayaqlaşa bilirmi?

– Biz neçə illərdir ki, xarici ölkələrdə qastrol səfərləri ilə çıxış edirik və bu haqda tamaşaçıların verdiyi reaksiyaya əsasən mülahizə yürüdə bilərik.

 Əcnəbi həmkarlarımızla görüşürük və  təcrübə mübadilələrindən belə başa düşürəm ki,  nəinki geri qalmırıq, əksinə hətta öz dəst-xəttimiz var. Məsələn, Hollandiyada pantomimanın yaradıcısı Marsel Marsonun həmkarı və silahdaşı – böyük usta Rob Van Reylə görüşdük. O, bizim tamaşalarımızı gördü və belə dedi: “Biz pantomimanı qovub dalana, çərçivəyə salmışıq. Pantomima inkişaf edərək başqa istiqamətdə getməlidir. Bu məqama qədər mən özüm də məhz hansı istiqamətin lazım olduğunu başa düşmürdüm. Sizin tamaşanı görəndən sonra  hara getməli olduğumuzu anladım. Heyf ki,  80 yaşım var, yoxsa sizin truppa ilə işləyərdim”.

 Xüsusi demək istəyirəm ki, bizim baza məktəbimiz  olmayıb. Teatr həm kadr hazırlayır, həm də var gücü ilə işləyir.

– Pantomimanın əsas üslubu nədir?

– Mənim üçün ən vacib emosiyadır... Belə ki, mən heç bir şablon tanımıram. Müəllim  dərs keçəndə bilir ki, nəyi etmək olar, nəyi olmaz. Çox nadir halda müəllim öz tələbələrini yüngülcə istiqamətləndirməklə onlara sərbəstlik verir. Mən özüm də incəsənətdə nəyin düz, nəyin əyri olduğunu bilmirəm. Bu gün yalnız əhval-ruhiyyəm var  və onu səhnədə nümayiş etdirirəm.

Bunun rejissorluq qanunlarına nə dərəcədə cavab verib-vermədiyindən xəbərsizəm. Əvvəllər bu qeyri-müəyyənlik məni qorxudurdu. Lakin istər bizim, istərsə də xarici tamaşaçıların verdiyi qiymətlərə əsasən düz yolda olduğumu anladım.

 Bizim teatrda etdiklərimiz tamaşaçının hisslərinə toxunur, onda emosiya burulğanı yaradır.  Bu emosiyalar bizə qarşı hər zaman müsbət olmasa da, tamaşaçı etinasız və laqeyd qalmır. Başa düşdüm ki, əcnəbilər üçün  teatrımız bir antikvar, özümüzünkülər üçün isə – qeyri-adidir. Belə ki, dünya pantomiması emosional pantomimadan mim sənətinə qədər yol keçib.  Bu gün isə əcnəbilər pantomimadan çılpaq skelet saxlayıb, lakin bu skeletin əti çatışmır.

– Pantomimada fiziki hazırlıq, bədənin elastikliyi, ritm hissi, musiqi duyumu əsas meyardır. Bu mənada  aktyorlarınızın  hamısında bu göstəricilər varmı?

– Özünəməxsus xüsusiyyətləri olmayan incəsənət növü yoxdur. İstənilən teatr janrının öz çətinlikləri var, istər dram, istər musiqili teatrya pantomima.  Əslində dram teatrında da eyni vaxtda həm səsə, nitqə, diksiyaya, mimikaya, bədənə malik olmaq çox çətindir. Orada da musiqigeyim zövqünə, fərdi  tərzə malik olmaq vacib amillərdir. Lakin bu gün nədənsə Hamletin libasını geymiş hər bir kəs özünü Hamleti oynamaq iqtidarında olan aktyor zənn edir. Xeyr! Bu böyük səhvdir!

 Nə diksiyası var, nə aktyorun özünü ifadəetmə vasitəsi olan bədənini idarə etmək qabiliyyəti, nə cazibəsi, nə də xarizması, lakin özünü aktyor hesab edir! Hamı deyir ki, teatr – həyatdır. Xeyr! Teatr həyat deyil! Teatr həyatdan daha yüksək məfhumdur, o gündəlik həyatdan ucadır! Buna görə də teatr səhnəsi tamaşaçı zalından bir neçə pillə yüksəkdə qurulur.

Bu səhnədə izdihamdan yüksək olan insanlar oynamalıdır! Tamaşaçıların heyranlıqla izlədiyi, özlərini bənzətmək istədikləri, gözlərini çəkə bilmədikləri insanlar!

– Teatrlarımızda bununla kifayətlənirlər? 

– Kifayətlənirlər! Bəla da elə bundadır! Buna görə mən öz aktyorlarımı yoruram, onlara əziyyət verirəm. Axı, bir dəfə zəiflik göstərsə, aktyor özünü məhv edəcək! Heç kim öz evində tum dənəsinin qabığını yerə atmır, küçədə isə  buna yol verir. Teatr da belədir. Teatrı öz evi hesab etməyən aktyor “xaltura”çı və saxtakar ola bilər.

 Mənim aktyorlarım üçün teatronların evidir. Onlar buraya ideya naminə, teatr xətrinə gəlir. Mənim aktyorlarım hətta xadiməyə onlardan sonra səhnəni yığışdırmağa imkan vermir, hər işi özləri görür.

Onlar Səhnəyə Teatra bu cür yanaşır! Məhz buna görə bizim teatra dəstə ilə gənc aktyorlar axışmır. Çünki bizdə işləmək lazımdır.

Teatrınızda hansı yeniliklər olacaq?

Mən heç vaxt planlar haqda danışmıram. Çünki bu barədə heç özüm bir şey bilmirəm. Yeganə bir şeyi deyə bilərəm ki, ideyalarımız var...

 

 

Ümidə Həsənli

 

Baku Post.-2013.-30 mart.-S.10.