Sirrin açarı olan qəlb

 

Xalq artisti Brilliant Dadaşova Azərbaycanın qədim və unudulmuş mahnılarına yeni nəfəs verir. Telekanallardan birində  aparıcılığa qayıdan sənətçi “New Baku Post”a müsahibəsində yaradıcılıq yeniliklərindən danışıb, səhnədə uzun müddət qalmağın və gənc görünməyin sirlərini açıqlayıb:

– Siqaretə münasibətiniz necədir?

– Heç vaxt istifadə etməmişəm. Bəzən sağlam həyat tərzini təbliğ etmək istəyirsən, ancaq əfsuslar ki, buna təpkilər gəlir. Amma mən ünvanıma deyilən xoşagəlməz sözlərə cavab vermirəm. Çünki başa düşürəm ki, siqaret çəkən insan əsəbi olur. Bütün bunlar nikotinin təsirindəndir. Bu barədə  çox oxumuşam və çalışıram ki, çevrəmdə olan insanlar siqaretdən uzaq dursun.

– Oğlunuz siqaret çəkir?

– Deyəsən yox, görməmişəm. Hərdən deyirəm ki, filankəsin ad günüdür, gəl gedək. Görürəm etiraz edir. Deyir ki, “o gün ərzində iki qutu siqaret çəkir, getsəm siqaret tüstüsündən başım ağrıyacaq”. Spirtli içki içdiyini də görməmişəm. O, tələbədir. Gəncə spirtli içki içmək yaraşmaz.  

TMB telekanalında yayımlanan verilişiniz maraqla izlənir. Bəs, yaradıcılığınızda hansı yeniliklər var?

– “Dilim-dilim”, Şövkət Ələkbərovanın repertuarından Rəfiq Zəkanın sözlərinə bəstələnmiş “Güldür məni” mahnısını  Facebook-da yerləşdirdim. Nailə Mirməmmədlinin “Arzular” mahnısını yenidən yazdırdıq. Təzə mahnılar çoxdur. Sənətdə belə bir təcrübə var: sevdiyimiz bəstəkarlar zəif səsi olanlar üçün  elə mahnılar bəstələyir ki, onlar da oxuya bilsin. Yəni musiqinin zili olur, bəmi olmur, bir oktavalıq mahnılar bəstələnir ki, kifayət qədər səsi olmayanlar da  müğənni olsun. Sonra  da gəlib  deyirlər: “Mən də varam!”. Şövkət Ələkbərova, Rəşid Behbudovun repertuarından hər müğənni mahnı oxuya bilməz. Bu, mənim üçün böyük şərəfdir.  Təzə mahnı ilə cığır açırsan, amma hünər R.Behbudov, Şövkət xanımın repertuarından olan mahnıları bu gün yaşatmaqdır.  

– Bu yaxınlarda “Eurovision” qalibi Eldar Qasımovla bir layihədə yer aldınız, bəs, səhnədə necə?

– Eldarın çox yaxşı səsi,  səhnədə pozitiv impulsları var. Belə təklifə böyük məmnuniyyətlə razılıq verərəm. Eldarın səsi bütün janrda mahnı oxumağa imkan verir. Səsi, diapazonu, musiqi biliyi, oxumaq tərzi ən yüksək tələblərə cavab verir. 

– Səhnədə öz yerini tutmaq və dəsti-xətt yaratmaq üçün gənc müğənnilərə nə məsləhət verirsiz?

– Heç vaxt fikirləşməyin ki, mahnı sizə  uyğun olsun. Siz özünüzü musiqiyə uyğunlaşdırın. Bəzi müğənnilər bütün mahnıları eyni tərzdə oxuyur. Səbəb onların “mənim səsimə yaraşan, uyan mahnı” axtarmasıdır. Repertuarımda  caz-folk janrı, təmiz caz, xalq musiqisi, muğam, estrada, yeni və köhnə bəstələr var. Heç vaxt çalışmamışam ki, mahnı  səsimə uyğun olsun. Hər zaman demişəm ki, musiqini bilirəmsə, bütün janrlarda olan mahnıların  öhdəsindən gələrəm.  

– Sənət həm də xarakterin cizgilərini formalaşdırır...

– Heç vaxt özüm-özümə başqalarını mühakimə etməyə icazə vermirəm. Yaradıcılığımla, ailəmlə o qədər məşğulam ki, digər insanların həyatı ilə maraqlanmağa vaxtım yoxdur. Ona görə yox ki, maraqlanan deyiləm. Xeyr, mən də bütün qadınlar kimi çox şey bilmək istəyirəm. Amma  araşdırmaq, sorğu-suala tutmaq mənlik deyil. Həyatımda inkişaf etdirməli, düzəltməli, yoluna qoymalı o qədər şey var ki... Digərlərini müşahidə etməyə nə vaxtım, nə də həvəsim qalmır. Ancaq  sosial şəbəkələrdə pərəstişkarlarımla, musiqi həvəskarları ilə canlı ünsiyyət qurmağa çalışıram, özümü pis adamlardan qoruyuram ki, onların əhatəsinə, təsiri altına düşməyim. Müğənni səhnədə öz xasiyyətini gizlədib ört-basdır edə bilmir. Əgər mənəvi saflığın zəifdirsə, xarici görünüşünə, qəlbinin dediklərinə laqeydsənsə, tamaşaçı, dinləyici bunu dərhal duyacaq. Özümüzə kənardan baxmağı bacarmalıyıq.

 

– Sizin  səhnəyə gəldiyiniz zamanla indi səhnəyə gəlmək arasında fərq böyükdürmü?

– Türklərin yaxşı bir kəlamı var: “Dünya yerindən oynasa da, mənim xarakterim dəyişən deyil”. Mən praktiki cəhətdən dəyişməmişəm. Necə insanpərvər idimsə, elə də qalmışam, insanlara  inamım qəti azalmayıb. Mərhum Rafiq Babayev həmişə deyərdi ki, “iki Brilliant var – biri səhnədə, onu izləyicilər gözqamaşdıran simvola bənzədir və digəri, əsl Brilliant. Və bunlar iki ayrı-ayrı insanlardır”. Rafiq müəllim ona görə belə deyirdi ki, mən səhnədə sakitəm, zərifəm, hətta nazlıyam, həyatda isə öz qanunlarım var ki, şəraitdən asılı olmayaraq heç zaman prinsiplərimi dəyişmirəm. 

– Sizə elə gəlmirmi ki, səhnəmizdə olan qadınlar barədə  stereotiplər formalaşıb ki, onlar uğur qazanmaq üçün ruhsuz, prinsipsiz olmalıdır?

– Belə insanlar hər yerdə var. Sadəcə, sənətçinin  həyatı auditoriyanın gözləri önündə keçir. Həyatda olduğu kimi səhnə arxasında da müəyyən çirkablar var. Elə qadınlar var ki, özlərini heç nə ilə göstərə bilmir – nə yaradıcılıqda,  nə də xarakterdə. Saxta məşhurluq qazanmaqdan ötrü ya soyunmalı, ya dalaşmalı, ya da intriqa yaratmağa məcburdurlar. Belələrinə yazığım gəlir... 

– Tamaşaçı üçün yüngül şou maraqlı sənətdən niyə önə çıxıb?

– Problem ondadır ki, əsl mədəniyyət pərəstişkarları gördükləri incəsənət əsərindən aldıqları ləzzəti sakit şəkildə duyur. Ancaq iki-üç qalmaqal həvəskarı isə bunu öz aralarında müzakirə edir və sosial şəbəkələrdə paylaşır. Buna görə də sonuncuların səsi daha tez və aydın eşidilir. Əgər xatırlayırsınızsa, mənim “Akademiya” layihəmə şou-biznesin demək olar ki, bütün məşhur simaları cəlb edilmişdi, lakin biz dava-dalaşsız və qalmaqalsız ötüşə bildik, proqram isə kifayət qədər reytinq topladı. Deməli, bu, mümkündür.

 

Ümidə Həsənli

 

Baku Post.-2013.-1 may.-S.10.