Çətinliklərə rəğmən

 

Heydər Əliyev Azərbaycan SSR-yə uzun müddət rəhbərlik edib. İndi tanıdığınız bir çox təcrübəli iqtisadçılar məhz onun hakimiyyətdə olduğu dönəmdə yetişib.

– Mənim taleyimdə bu insanın əvəzsiz rolu olub. Mən o vaxtkı Dövlət Plan Komitəsində (“Qosplan”), müxtəlif vəzifələrdə işləmişəm və Heydər Əliyevlə mütəmadi təmasda olmuşam. Açığı, həyatda qazandığım bir çox müsbət keyfiyyətləri məhz ondan əxz eləmişəm.

 Sovet hakimiyyətinin tüğyan etdiyi həmin illərdə iqtisadi siyasət elə qurulmuşdu ki, respublikaya mümkün olduğu qədər çox vəsait cəlb edilsin, ölkənin maddi-texniki bazası gücləndirilsin. İqtisadi münasibətlərin bütün modellərini dərindən bilən Heydər Əliyevin məqsədyönlü, uğurlu iqtisadi siyasəti nəticəsində Azərbaycan gündən-günə irəliləyirdi. Əlbəttə, bütün bunlar asanlıqla başa gəlmirdi. Respublikamızın gizli bədxahları elə həmin illərdə də mövcud idionlar hər vasitə ilə rəhbərin fəaliyyətinə əngəl törətməyə, Moskva qarşısında onu gözdən salmağa çalışırdı. Lakin Heydər Əliyev bu haqsız hücumları ustalıqla dəf edirdi.

 Ümummilli liderlə çiyin-çiyinə çalışdığım o illər indi kinolent kimi gözlərim önündən keçir. Heydər Əliyevin tapşırığı ilə 70-ci illərin sonunda bizim komitədə üzümçülüyün və şərabçılığın inkişafına dair ittifaqmiqyaslı qərar hazırlanmışdı və həmin qərara SovİKP MK-nın Baş Katibi Leonid Brejnev qol çəkmişdi. Bu qərarın 23 bəndindən cəmi 3-ü dediyim sahələrin inkişafını nəzərdə tuturdu, qalan 20 bənd bütün Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsinə hesablanmışdı. Sənədin hazırlanmasına şəxsən Heydər Əliyev nəzarət edirdionun hər bir tövsiyəsi bu mühüm qərarda öz əksini tapmışdı.

Təsəvvür edin ki, bu qərarın müddəalarına uyğun olaraq üzüm əkməyi planlaşdırmadığımız ərazilərə dəmiryolu xətti çəkildi. Azərbaycan kəndləri qazlaşdırıldı. Qaradağda sement zavodu tikildi. Ayrılmış böyük məbləğdə vəsaitlərdən səmərəli istifadə olundu. Bütün bunların əvəzində Heydər Əliyev SSRİ rəhbərliyinə vəd vermişdi ki, respublikada ildə 3 milyon ton üzüm yığılacaq.

 Həmin qərarı biz yarım ilə hazırlayıb qəbul etdirdik, halbuki Özbəkistanda bizdən xeyli əvvəl buna bənzər qərar hazırlamışdılar, amma qəbul etdirə bilmirdilər. Hamı yaxşı başa düşürdü ki, bütün bu işlər məhz Heydər Əliyevin sayəsində mümkün olmuşdu və ağıllı, eyni zamanda uzaqgörən rəhbər Azərbaycana xeyir gətirə biləcək ən xırda məsələlərə də həssaslıqla yanaşırdı.

 Ölkəmizin müstəqillik illərində Heydər Əliyevin ən möhtəşəm uğuru “Əsrin müqaviləsi”nin imzalanması olub. Bilirsiniz ki, o dövrdə ölkədə ictimai-siyasi sabitlik yox idi, xarici investorlar belə vəziyyətdə heç bir layihəyə pul qoymaq istəmirdi. Açığı, respublikada bəzi qüvvələr bu müqavilənin perspektivliyinə inanmır, onun xeyirdən çox ziyan vuracağı barədə əsassız fikirlər səsləndirirdi. Heydər Əliyev özünün inanılmaz ardıcıl fəaliyyəti, qətiyyəti və müdrikliyi ilə xarici şirkətləri Azərbaycanın gələcəyinə inandıra bildineft müqaviləsi imzalandı. Tarix göstərdi ki, millətin lideri o dönəmdə tərəddüd etmədən yeganə düzgün qərar qəbul etmişdi.

 1990-cı ildən bəri Azərbaycan iqtisadiyyatı ildə 15-20% geriləyirdi. Yalnız 1996-cı ildən sonra ölkədə iqtisadi artım qeydə alınmağa başladı və Azərbaycan 1999-cu ildə 10 il əvvəlki səviyyəyə çatdı. Yəni 1989-cu ilin ÜDM göstəricisinə nail olduq.

 Heydər Əliyev Azərbaycanın ən kiçik uğuruna belə səmimiyyətlə yanaşır, ürəkdən sevinirdi. O, həmişə ölkə iqtisadiyyatını idarə edə biləcək milli kadrların hazırlanması işinə ciddi fikir verirdi.

 Heydər Əliyev bu xalqın layiqli övladı idibütün həyatını da düşünmədən Azərbaycanın inkişafına sərf etdi. Tarix belə dahiləri unutmur!

 

 

Oqtay Haqverdiyev,

İqtisadçı-ekspert,

Nazirlər Kabinetinin

iqtisadiyyat və

maliyyə siyasəti şöbəsinin

keçmiş müdiri

 

Baku Post.-2013.-10 may.-S.6.